Yeni Komando hərbi hissələrinin yaradılması Azərbaycanın hərbi qüdrətinin göstəricisidi
İstənilən bir dövlətin müdafiə qabiliyyəti- onun Ordusu, Silahlı Qüvvələri ilə ölçülür. Dövlət sərhədlərinin mühafizəsi, xarici təcavüzdən müdafiə, daxili təhlükəsizliyin təmin edilməsində ordunun və silahlı birləşmələrin yaradılması dövlətlərin konstitusion vəzifəsidir.
44 günlük Vətən müharibəsindən sonra, Azərbaycan Ordusunun silah arsenalı daha da təkmilləşdirilmiş, Silahlı Qüvvələrdə yeni qoşun növü Komando birlikləri yaradılmışdır və bu gün də bu siyasət davam etdirilir. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılması nəzərdə tutulur. İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Müharibədən sonra ordu quruculuğu istiqamətində əlavə addımlar atılır və buna böyük ehtiyac var.
Dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur. Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün kompleks tədbirlər həyata keçirilir. Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi peosesi gedir və bu proses davam etdirilir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir.
Prezident İlham Əliyevin təbirincə desək: “Azərbaycan Ordusu yüksək mənəvi xüsusiyyətlərə malikdir. Azərbaycan düşməndən qisasını döyüş meydanında alıb. Azərbaycan Ordusu mülki əhaliyə qarşı müharibə aparmamışdır, bunu hər kəs bilir və görür. Ermənistansan fərqli olaraq onların şəhərlərini ” İsgəndər”, ” Toçka” və ” Elbrus” raketləri ilə dağıtmamışıq”.
Azərbaycan bölgədə sülhün bərqərar olması üçün əlindən gələn bütün vasitələrdən istifadə edir. Hər vəchlə çalışırıq ki, regionumuzda əmin- amanlıq, sülh və dayanıqlı inkişaf olsun. Amma hər şeyə rəğmən, bundan sonrada çalışacağıq ki, Ordunun maddi- texniki təminatı yüksək səviyyədə həyata keçirilsin.
Yaşasın Azərbaycan Ordusu!
Mürvət İbrahimov
Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, tarixçi