105 yaşlı Milli Ordu

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Prezident İlham Əliyev: “Ordu quruculuğu bizim üçün prioritet məsələdir”

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində, ölkəmizin müstəqillik tarixidir. Bu tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı.
SSRİ dövründə Ümummilli Liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində azərbaycanlı hərbi kadrların yetişməsi mümkün olmuşdur. Belə ki, Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu. Beləliklə, Ulu Öndərin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.
Azərbaycan Respublikası 32 il əvvəl öz dövlət müstəqilliyini bərpa edərkən artıq Ermənistan Respublikası ilə müharibə vəziyyətində idi. Tarix boyu Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər onlara havadarlıq edən və ölkəmizi parçalamaq, onun müstəqilliyinə mane olmaq istəyən digər qüvvələrlə birlikdə bir hissəsini işğal etmişdilər. O zaman Azərbaycana rəhbərlik edən şəxslər qətiyyətsizlik və iradəsizlik nümayiş etdirərək Silahlı Qüvvələri yarada bilmədilər.
1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi.
Cəmiyyətin bütün qatlarını sarsıdan daxili qeyri-sabitlik, siyasi çəkişmələrin geniş vüsət alması, cinayətkar mafioz dəstələrin fitnələri, xarici xüsusi xidmət orqanlarının qarşısı alınmayan kəşfiyyat-təxribat fəaliyyətinin ordu quruculuğu prosesinə göstərdiyi dağıdıcı təsiri 1993-cü ilin ortalarında artıq ordunu məhv olmaq təhlükəsi qarşısında qoydu. Bütün bunların nəticəsində erməni silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini zəbt etmiş, 1 milyondan artıq vətəndaşımızı öz yurdlarından didərgin salmış, on minlərlə insanı məhv etmişdi.
Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silah-sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı. Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu. Məhz bundan sonra ciddi ordu quruculuğu işi aparıldı. “Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir” deyən Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılıb.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir. – Azərbaycan Ordusunun yüksək hazırlıqlı zabit, gizir-miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və mülki heyətlə keyfiyyətli komplektləşdirilməsi istiqamətində vacib işlər aparılır. “Ordu quruculuğu bizim üçün prioritet məsələdir” deyən Prezident İlham Əliyev bu istiqamətlərdə işləri davam etdirir. Həmçinin ölkəmizdə hərbi sənaye sahələrinin formalaşdırılması və hərbi sursatların istehsalı gücləndirilib. Azərbaycan son illər müdafiə sənayesi sahəsində Türkiyə, Pakistan və İsraillə hərbi əməkdaşlığı daha da möhkəmləndirib. Vətən müharibəsində dünya Azərbaycan ordusunun gücünə şahid oldu. Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri hər zaman torpaqlarımızı etibarlı müdafiə etməyə qadirdir.

Qasımov Səyavuş Kamran oğlu,

Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR