Beynəlxalq Türk Akademiyası ilə Qırğızıstan Milli Komissiyası arasında əməkdaşlıq müzakirə olunub
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Qırğızıstana səfəri çərçivəsində UNESCO-nun Qırğızıstan Milli Komissiyasının sədri Sabirə Soltongəldiyeva ilə görüşüb.
Agsaqqallar.com xəbər verir ki, görüş zamanı tərəflər Beynəlxalq Türk Akademiyası ilə Türk Dövlətləri UNESCO-nun Milli Komissiyaları, eləcə də Qırğızıstan Milli Komissiyası arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Şahin Mustafayev rəhbərlik etdiyi qurumun Türk dünyasının mədəni irsinin elmi tədqiqat prosesinə töhfə verməyə hazır olduğunu bildirib. O, komissiya sədrini türk dövlətlərinin mədəniyyət abidələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi istiqamətində birgə layihələr həyata keçirməyə və birgə işləməyə dəvət edib.
S.Soltongəldiyeva isə qurumlar arasında əlaqələrin əhəmiyyətinə diqqət çəkərək, humanitar sahədə əməkdaşlığı gücləndirməyin vacibliyini qeyd edib.
Bundan əlavə, 15 Dekabr – Dünya Türk Dili Gününün UNESCO-nun yubileylər siyahısına salınması məsələsi müzakirə edilib.