ELDAR ŞAHVƏLƏD

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Eldar Şahvələd… Yəni Şahvələdov Eldar Səfa oğlu mənim tələbə yoldaşımdı. Bizim
qrupda üç nəfər şair vardı: Eldar, Abbas, Tağı. Bunlardan Tağının qəribəliyi vardı. Bunu heç kəsə hiss etdirməmişdi, amma bu gülərüz, qalstuk bağlamağı çox sevən oğlanın gözlərinin dərinliyində bir sirr gizlənmişdi. Bunu sonralar bildim. Sən demə, Tağı da şairmiş, özü də nəslində-nəcabətində də şairlər az deyilmiş. Hə, Eldarın şairliyi elə əvvəldən bəlli idi.
Bir dəfə Şamaxıya, Ərəbşalbaşa, yəni Eldargilin kəndinə də getdim. Adətimdi, cavan vaxtlarımda gəzməyi, dolanmağı çox sevirdim. Bu maraq bir dəfə də məni Eldargilə apardı. Eldarla, evdəkilərlə, Səfa dayı ilə görüşdüm. Səfa dayı dərhal bir heyvan kəsdi.
Bir sözlə, məni yaxşı ağırladılar. Səfa dayı avtobus şoferi idi. Olduqca mehriban, həm də
hazırcavab adamdı. Heç yadımdan çıxmır, onun avtobusu ilə geri qayıdırdım. Bir nəfər
yolda düşəndə pul verməyib dedi:
– Mənim pulumu bulud verəcək.
Səfa dayı başını buladı:
– A bala, sən nə danışırsan?
Bu vaxt qabaq oturacaqda oturan oğlan dilləndi:
– A Səfa dayı, məni deyir, onun pulunu mən verəcəyəm.
– A bala, bu nə addı, adamı çaşdırır.
Mənzil başına çatanda bir qızı gah yerə, gah Səfa dayıya baxmağa başlayanda kişi
dilləndi:
– A qızım, sənin nə sözün var, de. Gecikdirmə məni.
– Səfa dayı, gilas gilası əzib.
– Nə?
Kişi təəccüblə baxanda qız yavaşca ona nə dedisə kişini bir qəribə gülmək tutdu.
Mənim də kənardan durub bunlara baxmağım Səfa əmini də dillənməyə məcbur etdi, ya təsirləndirdi nədi, dilləndi kişi:
– Bu qızın gilasını qızlardan biri əzib… Qızın adı Gilasdı, o da gilas dolu səbətin üstə oturub… Yerin darısqallığından… Ona görə qız dedi ki, Gilas gilası əzib.
… Sonralar bir neçə dəfə Səngəçala, Eldarın nənəsi evinə də getmişəm. Nənənin tut
ağacının tutundan da dadmışam.
…Dünyanın qəribə işləri var. Bir dəfə eşitdim Eldarın həyat yoldaşı vəfat edib… Gec
xəbər tutmuşdum. Görüşəndə başsağlığı verdim. Sonralar dedilər gəlini də vəfat edib…
Bu, məni betər sarsıtdı:
– Allah, sənə qurban olum, qara xəbər üstündən qara xəbər…
…Düşündüm ki, bir dəfə də Eldarla görüşüb könül açan bir yazı yazım. Amma qismət deyilmiş. Atalarımız əbəs deməyiblər: “Sən saydığını say, gör fələk nə sayır”.
…Qəflətən qara xəbər içimi titrətdi. Eldar vəfat edib… Bu xəbərə inana bilməsəm də
bu, bir həqiqətdi.
Allah sənə rəhmət eləsin, Eldar Şahvələd, torpağın yumşaq olsun.

Tacir SƏMİMİ
filologiya üzrə fəlsəfə doktoru, dosent

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR