Ermənistanı növbəti ekoloji terrora son qoymağa çağırırıq!

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ermənistanı növbəti ekoloji terrora son qoymağa çağırırıq!- İnşa ediləcək metallurgiya zavodu bölgə üçün yeni təhlükədir

Agsaqqallar.com xəbər verir ki, Ermənistan yenə də beynəlxalq hüquq norma və prinsiplərini pozaraq öz çirkin niyyətlərini həyata keçirməkdə davam edir. Belə ki, Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində – Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodu tikməyə hazırlaşır. Ermənistan mətbuatında yayılan məlumatlara əsasən, Arazdəyəndə iri metallurgiya zavodunu inşa etmək üçün tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq, zavodun hündürlüyü 30 metr, sahəsi 16500 kvadratmetr olacaq.
Bu xəbəri eşidən kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Vahan Kerobyanın sosial media hesabında yaydığı videogörüntülərdən sonra Ermənistanın qanunsuz bu hərəkətlərinə etiraz edib. Nazirliyin bununla bağlı yaydığı bəyanatda deyilir ki, Ermənistanın Azərbaycanla həmsərhəd ərazidə iri metallurgiya müəssisəsi tikmək cəhdi BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarını kobud surətdə pozması deməkdir. Belə ki, Espo Konvensiyasının müddəalarına görə, Konvensiya tərəfi öz ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır.
Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl etməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır. Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır.
Azərbaycan tərəfi ilə razılaşdırılmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda, bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır.
Ermənistan tərəfindən Azərbaycana qarşı ekoloji terror və ekosid siyasətinin aparılması yenilik deyil. “Metsamor”un uzun illər regionun ətraf mühitinə təhdid kimi qalması, işğal dövründə Qarabağda törədilmiş geniş miqyaslı ekoloji faciələr, yüksək kimyəvi tərkibli istehsalat sularının təmizlənmədən Oxçuçaya axıdılması buna əyani misaldır. Ermənistan Oxçuçayı kəskin şəkildə çirkləndirib. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi hissəsinin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyub. Alman şirkəti “Cronimet” bu ekoloji cinayətdə Ermənistanla birgə iştirak edib. Təəssüflər olsun ki, bu günə qədər də Almaniya hökuməti bu istiqamətdə heç bir praktik addım atmayıb.
Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü QHT-lər də zavodun inşasına etiraz bəyənatı yaymışlar. Bəyanatda qeyd edilir ki, Ermənistan Espo Konvensiyasının üzvü olaraq sözügedən fəaliyyətə başlamazdan öncə Azərbaycanın və təsirə məruz qalan ərazilərdə ictimaiyyətin transsərhəd ətraf mühitə təsirinin qiymətləndirilməsi prosedurunda iştirakını təmin etməli idi.

“Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən ekoloji hüquq normalarına riayət edilməməsi ilk hal deyil. Bir müddət əvvəl Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Azərbaycan Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı iddia irəli sürmüş və Ermənistanın Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmışdır. Hamıya məlumdur ki, Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir. Ermənistanın iri mədən müəssisələri-Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirir. Bu faktlar göstərir ki, Ermənistanın belə qanunsuz fəaliyyətləri təkcə Azərbaycanın deyil, ümumi regionun ekoloji mühiti üçün təhlükə mənbəyinə çevrilib” -deyə, bəyanatda bildirilir.
“Biz Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatları olaraq, başda BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisi, BMT-nin zərərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi olmaqla, müvafiq beynəlxalq təşkilatlara müraciət edərək, onları bu fakta reaksiya verməyə və Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırırıq.
Amerika Birləşmiş Ştatları hökumətinə müraciət edirik ki, Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkəti məsuliyyətli davranışa dəvət etsin, onun qanunsuzluqlarına göz yummasın. Amerika Birləşmiş Ştatları rəsmiləri, o cümlədən ABŞ-ın Azərbaycandakı və Ermənistandakı səfirlikləri susmamalı, məsələyə münasibət bildirməlidirlər.
Biz buradan Ermənistandakı ekofəallara da müraciət edirik. Bu, ilk növbədə, Ermənistanın özünün də ekoloji vəziyyətinə mənfi təsir edəcək. Bölgəni təhlükəyə sürükləyən bu prosesi durdurmaq üçün hərəkət zamanıdır”-deyə bəyanatda vurğulanıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR