Ulu Öndər Azərbaycan ziyalılarına, görkəmli ədəbiyyat və incəsənət xadimlərinə hər zaman xüsusi qayğı və diqqət göstərib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə görkəmli söz ustalarının, alim və mütəfəkkirlərin – Nizami Gəncəvinin 840 illiyi (1981), Əcəmi Naxçıvaninin 850 illiyi (1976), İmadəddin Nəsiminin 600 illiyi (1973), Nəsirəddin Tusinin 780 illiyi (1981), eləcə də digər klassiklərimizin yubileyləri geniş miqyasda keçirildi, Aşıq Ələsgərin 150 illik yubileyi (1972), Azərbaycan teatrının 100 illiyi (1974) geniş qeyd olundu.

1979-cu ildə Nəsiminin 600 illik yubileyinin UNESCO səviyyəsində keçirilməsi böyük ədəbi-mədəni hadisəyə çevrildi. 1930-cu illərin siyasi repressiyalarının qurbanı olmuş böyük şair Hüseyn Cavidin cənazəsi 1982-ci ildə uzaq Sibirdən doğma vətəni Naxçıvana gətirildi, Bakıda Nəriman Nərimanovun (1972), Mehdi Hüseynzadənin (1973), İmadəddin Nəsiminin (1980) və Cəfər Cabbarlının (1982) əzəmətli abidələri ucaldıldı, Göyçə mahalının Ağkilsə kəndində Aşıq Ələsgərin qəbirüstü abidəsi, Naxçıvan şəhərində Əcəmi Naxçıvaninin büstü, Şuşa şəhərində Xurşidbanu Natəvanın büstü və Molla Pənah Vaqifin məqbərəsi ucaldıldı. Görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin, o cümlədən Səməd Vurğunun, Nəriman Nərimanovun, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Mirzə İbrahimovun, Hüseyn Ərəblinskinin, Mirzə Fətəli Axundzadənin, Fikrət Əmirovun və digər görkəmli şəxsiyyətlərin yubileyləri keçirildi. Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş tarixi filmlər (“Nəsimi”, “Dədə Qorqud”, “Babək”), müasir mövzularda və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkildi. “İstintaq” filmi SSRİ Dövlət mükafatına, bir çox digər filmlər isə respublika Dövlət mükafatına layiq görüldü.
Ümummilli Lider Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə xalqda milli özünüdərk hissini gücləndirə, milli kimliyi, düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bildi. Həmin illərdə milli-mənəvi dəyərlərə nihilist baxış tədricən aradan qalxdı, klassik ənənə ilə müasir ədəbi irs arasında yaranan möhkəm mənəvi-ideoloji körpü milli düşüncənin düzgün məcraya yönəldilməsinə səbəb oldu. Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün fəlsəfəsi xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanışı məramına hesablanmışdı. Bu hədəfə nail olmaq üçün Heydər Əliyev rejimin ideoloji repressiya maşınının azərbaycançılıq məfkurəsini boğmasına imkan verməmiş, milli məfkurə və düşüncə sahibi olan ziyalıları qorudu.
Repressiyaya məruz qalaraq 1937-ci ildə Sibirə sürgün olunmuş görkəmli ziyalı və dramaturq Hüseyn Cavidin nəşini 1981-ci ildə uzaq Sibirdən Azərbaycana gətirmək üçün apardığı mübarizə də Ulu Öndərin milli irsə ehtiramla yanaşan, heç bir siyasi riskdən çəkinməyən şəxsiyyət olduğunun təsdiqidir.
1993–2003-cü illərdə Azərbaycan mədəniyyəti öz böyük hamisi Heydər Əliyevin qayğı və diqqəti sayəsində daha möhtəşəm bir dövrünü yaşadı.Ulu Öndərin imzaladığı çoxsaylı fərman və sərəncamlarla tarixi şəxsiyyətlərimizin, milli mədəniyyətimizin görkəmli nümayəndələrinin, habelə milli bayramların və tarixi günlərin qeyd edilməsi ilə bağlı çox sayda tədbirlər keçirildi.
1994-cü ilin avqustunda mütəfəkkir şair Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar yaradılmış dövlət komissiyasının iclasında Heydər Əliyev respublikanın müəyyən çətinliklərlə üzləşməsinə baxmayaraq, həyatımızın mədəni-mənəvi sahəsinin heç vaxt unudulmamalı olduğunu xüsusi vurğulamışdı.
Heydər Əliyevin təşəbbüsü ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik yubileyi Fransada, Türkiyədə, İraqda, İranda və Rusiyada, dünyaşöhrətli Bülbülün 100 illik yubileyi Moskvada, Tbilisidə və Ankarada, məşhur bəstəkar Qara Qarayevin 80 illik yubileyi Moskvada və Parisdə, görkəmli müğənni Rəşid Behbudovun 80 illik yubileyi Moskvada keçirildi və müstəqil Azərbaycanı yenidən dünyaya tanıtdı.
Azərbaycanda 1994-cü ildən 1996-cı ilədək, tam üç il Füzuli ili yaşanmış, Məhəmməd Füzulinin 1996-cı ilin yazında Bakıda keçirilən yubiley şənlikləri məhz Heydər Əliyevin arzuladığı kimi müstəqil dövlətin ilk böyük ədəbiyyat və mədəniyyət bayramına çevrildi. UNESCO-nun qərarı ilə 1996-cı il dünya miqyasında Füzuli İli elan olundu.
Heydər Əliyev 1997-ci ilin aprelində “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi ilə bağlı Fərman imzaladı. Dastanın 1300 illiyi Parisdə – UNESCO-nun iqamətgahında yüksək səviyyədə qeyd olundu. 2000-ci il aprelin 9-da isə “Kitabi-Dədə Qorqud” dastanının yubiley tədbiri Bakıda keçirildi.
Bunlardan əlavə, Ulu Öndərin müvafiq Sərəncamları və birbaşa iştirakı ilə böyük dirijor və bəstəkar Niyazinin ev-muzeyinin təntənəli açılışı olub, böyük Azərbaycan rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 85 illiyinə həsr olunmuş sərgi keçirilib, böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illiyinə, Azərbaycanın xalq şairi, görkəmli ictimai xadim Süleyman Rüstəmin anadan olmasının 90 illiyinə, Xalq Şairi Səməd Vurğunun 90 illik yubileyinə, dahi şair Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinə, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun anadan olmasının 110 illiyinə həsr olunmuş təntənəli yubiley gecələri, görkəmli alim və cərrah Mustafa bəy Topçubaşovun anadan olmasının 100 illiyi yubileyinə və Akademik Yusif Məmmədəliyevin 90 illik yubileyinə həsr edilmiş tədbirlər keçirilib, Xalq şairi Məmməd Arazın “Azərbaycan – Dünyam mənim” yaradıcılıq gecəsi təşkil edilib.

Sevil Əliyeva

Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR