Türkiyə-Azərbaycan birliyi bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən çox önəm daşıyır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

28 mayda yenidən Türkiyə Respublikasının Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan 13 iyunda Azərbaycan Respublikasına səfərə gəlib. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ənənəvi olaraq növbəti dəfə prezident seçildikdən sonra ilk xarici səfərlərini Şimali Kipr Türk Respublikasına və Azərbaycana etməsi hər iki ölkə, Türkiyə və türk dünyası üçün həyati əhəmiyyət kəsb edir.

Seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır.
Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində Şuşa Bəyannaməsinin xüsusi tarixi rolu var. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur.
İki qardaş ölkə arasında əməkdaşlıq bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Türkiyə və Azərbaycan hər zaman xarici siyasət sahəsində vahid mövqedən çıxış ediblər və bundan sonra da bu siyasət davam edəcəkdir. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.
Azərbaycan Ordusunun qurulması, modernləşdirilməsi sahəsində Türkiyə tərəfindən böyük köməkliklər göstərilib. Ordumuz bundan sonra da Türkiyə modeli əsasında inkişaf edəcək. İki ölkənin müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir. Cari il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir.
Ordunun gücləndirilməsi əsas şərtdir. Çünki dünyada ikili standart oyunu güc amilini önə çəkir, çünki əksər vaxtı beynəlxalq hüquq çevik və obyektiv çalışmır. Qərar vermir və bəzən də vermək istəmir. Azərbaycan torpaqlarının işğalçılardan hüquqi müstəvidə azad olunması zamanı bu reallıqları gördük. Azərbaycan dünya siyasi birliyinin həyata keçirə bilmədiyi, qanunların və qərarların icrasının təmin olunmadığı siyasi şəraitdə öz gücünə, Müzəffər Ordusuna arxalanaraq 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoydu. Şanlı Zəfərin qazanılması sayəsində gücümüz dünyaya bəyan oldu, bu bizim güclü Ordumuzun sayəsində baş verdi.
Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə daha da artacaq. Birgə həyata keçiriləcək layihələr bunu təmin edəcək, xüsusilə enerji sahəsində. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bundan sonra da artacaqdır. Həmçinin Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Enerji sahəsində işlər təbii qaz məsələsi ilə məhdudlaşmır. Bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur.
-İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Ona görə Azərbaycanda nəqliyyat və logistika imkanları genişlənir. Bakı Dəniz Limanının imkanları 25 milyon tona qədər genişlənir. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir.
Zəngəzur dəhlizinin açılması həm Türkiyə-Azərbaycan, həm də bölgənin digər ölkələri arasında işbirliyi məsələlərinə müsbət təsir göstərəcək, bütün ölkələr üçün yeni imkanlar açacaq.
Hazırda Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqların son mərhələsi aparılır. Yaxın aylarda bu məsələ də öz həllini tapacaq və bizim qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcəkdir.
Türkiyə və Azərbaycan iki qardaş ölkədir. “Bir millət, iki dövlət” düşüncəsi ilə bu günə qədər birgə addımlayan iki qardaş ölkə bundan sonra da yola davam edəcəkdir.

Dilqəm Əlirzayev

Nizami rayon 70 saylı məktəb-liseyin direktor müavini, Qarabağ veteranı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR