Səməd Vurğun öz yaradıcılığı, əsərləri, ictimai-siyasi fəaliyyəti ilə XX əsr Azərbaycan tarixində ən görkəmli şəxsiyyətlərdən biri olubdur
“Səməd Vurğun şerinin böyüklüyü, eyni zamanda gözəlliyi ondan ibarət idi ki, onun hər kəlməsi, hər sətri hər bir azərbaycanlının qəlbinə çatırdı, onun beynini fəth edirdi, onu öz təsiri altına salırdı. Səməd Vurğunun şeiri bu gün də müasirlərimizə, gənc nəslə ilham, ruh verir, onları coşdurur, daha da vətənpərvər edir, onlara Vətəni, milləti, torpağı sevməyi öyrədir”
Ümummilli Lider Heydər Əliyev
Ulu Öndər Heydər Əliyev görkəmli Azərbaycan ziyalılarına və incəsənət xadimlərinə hər zaman böyük diqqət göstərmiş, onların yubileylərinin keçirilməsi, onlara müxtəlif fəxri adların verilməsi, əsərlərinin kütləvi çap edilməsi istiqamətində tədbirlər həyata keçirmişdir.
Ulu Öndərin Xalq şairi Səməd Vurğuna xüsusi sevgisi və hörməti olmuşdur. Səməd Vurğunu “gənclik illərinin şairi” adlandıran Heydər Əliyev onun əsərlərini yüksək qiymətləndirmiş, “Azərbaycan” şeirini isə ən çox sevdiyi şeir olmuşdur.
Heydər Əliyev Səməd Vurğunun əsərlərindən “bəhrələndiyini, onlardan mənəvi qida aldığını” səmimiyyətlə dilə gətirmiş, onun ədəbi irsinə Azərbaycanda hörmətlə yanaşılması və ondan istifadə edilməsi üçün lazımi tədbirlər görmüşdür. Şairin Bakıda ev-muzeyinin, Qazaxda Poeziya evinin yaradılması, 70, 80 və 90 illik yubileylərinin təntənəli surətdə keçirilməsi və bir çox başqa tədbirlər, məhz, Heydər Əliyevin təşəbbüsü ilə reallaşmışdır.
Ulu Öndər Azərbaycan ziyalısına, görkəmli söz adamına Səməd Vurğunun timsalında böyük qiymət vermişdir: “Səməd Vurğun öz dövrünün, zəmanəsinin mühitində, çərçivəsində yazıb-yaradıb və Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlər göstəribdir, Azərbaycan ədəbiyyatını, mədəniyyətini, dünya ədəbiyyatını zənginləşdiribdir. Fitri, parlaq istedadı, çox nadir xüsusiyyətə malik olan istedadı, eyni zamanda ən gənc yaşlarından yazıb-yaratmaq əzmi Səməd Vurğunu qısa bir zamanda xalqımızın sevimli şairinə çevirmiş və o, həm Azərbaycanda, həm də bir çox xarici ölkələrdə tanınmış, sayılan bir insan olmuşdur”.
Səməd Vurğunun şəxsiyyətinə, ziyalılığına, şeriyyatına daim yüksək qiymət verən Heydər Əliyev bu görkəmli Azərbaycan şairi haqqında demişdir:” Səməd Vurğun öz yaradıcılığı, əsərləri, ictimai-siyasi fəaliyyəti ilə XX əsr Azərbaycan tarixində ən görkəmli şəxsiyyətlərdən biri olubdur. Biz Səməd Vurğun ilə fəxr edirik”.
Tənzilə Lətifova
Nizami Rayon Mədəniyyət Mərkəzinin metodisti