“Prezidentimizin humanistliyinin nümunəsi, ölkəmizdə insana verilən dəyərin təzahürüdür”- Tural İsmayılov
“Azərbaycanda önəmli günlərdə cənab Prezident tərəfindən dəfələrlə Əfv Sərəncamları imzalanıb. Bu qərarlar Azərbaycanda dövlət başçısı səviyyəsində humanizm siyasətinin davam etdirilməsidir”.
Bunu Missiya.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov deyib.
Siyasi ekspert qeyd edib ki, Azərbaycan daim belə humanist qərarlarla örnək olub:
“Əfv məsələsinə baxılarkən məhkumların və onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlər nəzərə alınıb. Dövlətin belə məhkumları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirərək ölkənin layiqli vətəndaşı olmağa sövq edir, eyni zamanda ölkədə dövlət-xalq tandemini daha da qüvvətləndirir”.
Tural İsmayılovun sözlərinə görə, dövlətimizin, Prezidentimizin humanistliyinin numunəsi, ölkəmizdə insana verilən dəyərin təzahürüdür. Həmçinin bu Əfv Sərəncamı öz böyüklüyünə görə digərlərindən fərqlənir:
“Sərəncam Azərbaycan dövlətinin humanizm prinsiplərinə, demokratik dəyərlərə sadiqliyi bir daha təsdiqləyir. Azərbaycan xalqı dövlətimizin başçısının həyata keçirdiyi siyasəti, o cümlədən humanist addımlarını birmənalı şəkildə dəstəkləyir. İctimai rəydə ölkə başçısının bu humanizmi xüsusi dəyərə malikdir”.
Politoloq bildirib ki, Prezidentin və birinci vitse-prezidentin təşəbbüsü ilə dəfələrlə əfv Sərəncamları verilmiş, amnistiya Aktları qəbul olunub.
“Bəzən il ərzində bir neçə dəfə əfv sərəncamları olur. Ötən illər ərzində minlərlə məhbus azadlığa çıxıb. Dövlət başçısı azadlıqdan məhrum edilən və cəzasının böyük hissəsini çəkmiş insanları azadlığa buraxmaqla onlara ailələrinə qovuşmaq və etdikləri səhvdən nəticə çıxarmaq üçün şans verir. Əfv olunanlar dövlətin onlara inam və etibarını üzərlərində hiss edirlər ki, bu da onlara layiqli vətəndaş olmaq üçün stimul verir. Bu, Azərbaycan tarixində qəbul edilmiş ən böyük əfv aktıdır”.
Leyla SƏMƏNDƏR
Missiya.Az