Biz Qadınıq! Biz Azadıq! Bizim də hüququmuz var!

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Demək olar ki, bütün ölkələrdə qadın azadlığı tam həll olunmamış bir məsələdir. Və bu gün belə “qadın zorakılığı” mövzusu problem olaraq qalmaqda davam edir. Bir çox yerlərdə qadına “qul, kölə’’ kimi baxırlar. Tariximizə, ədəbiyyatımıza nəzər salsaq qadınların söz haqqının olmamasını, cəmiyyətdən kənarlaşdırılmasını, onların azadlığa can atması yazılmış əsərlərin müəyyən hissəsində qeyd olunmuşdur. Hələ qədim zamanlarda belə bu problem mövcud idi və bu günə qədər gəlib çıxmışdır.
Bəli, qadın zərif məxluqdur, ancaq aciz deyillər! Onlara şəfqətlə yanaşmaq, hüquq bərabərliyini qorumaq lazımdır. Ən önəmlisi isə qadınlar təhsil almalıdır. Xanımlar, unutmayın ki, sizin təhsiliniz yoxdursa övladınızın da təhsil almasına imkan yaratmırsınızsa, o uşağı da sizin taleyiniz gözləyir! Buna görə də qızlarımıza körpəlikdən böyüyənə qədər “ sən azadsan” , “ sənin müstəqil fikir söyləmək haqqın var”, “sənin azad ruhun var “ fikirlərini aşılamalıyıq. Bir çox ölkələrdə, hətta Azərbaycanda belə qadın hüquqlarının qorunması haqqında qanun olsa belə bu qanunlarda boşluqlar var! Bu gün niyə çoxlu sayda qadın şiddətə məruz qalır? Niyə boşanmaların sayı artır? Niyə axı qadınlar öldürülür?! “Mən səsimi çıxarsam mənə pis baxarlar.”- deməyin çünki heç kim sizlərin nə qədər əzab çəkdiyini hiss edə bilməz, başa düşə bilməz. Qadın azadlığının əlindən alınması bir çox nüanslarda baş verə bilər. Bəzi ailələrdə ərin və ya atanın qəddarlığı, qısqanclığından. Bu haqda çox misallar çəkə bilərik : “Sən qadınsan susmalısan”! deyib qız uşaqlarının qorxu içərisində böyüdülməsi, erkən yaşlarda evləndirilməsi, “sən qadınsan təhsil almamalısan” , “sən qadınsan evdən çıxmamalısan” və s. bu kimi fikirlər insanlar arasında çox yayılmışdır. Hətta bir çox rayonlarımızda belə indi də qızlarını, həyat yoldaşlarını evə həbs edən kişilər var. Belə düşünən insanlar çox cahildirlər. Bu günkü gündə təcavüzə məruz qalan, vəhşicəsinə öldürülən, ürəyində minlərlə arzuları qalan, həyatları məhv olan, xəyalları yarımçıq qalan qadınlar var. Həm fiziki, həm mənəvi cəhətdən təcavüzə məruz qalan qadınlar, susmayın! Sizi qoruyan dövlətiniz var! Sizlər susduqca insan üzlü məxluqlar sizin həyatınızı məhv edəcək, özlərini haqlı biləcəklər! Onlar qadın adının nə qədər uca, nə qədər dərin və mənalı olduğunu anlasaydılar belə davranmazdılar. Bizi dünyaya gətirən kimdir ? – Qadın! Hər əzaba dözən kimdir? – Qadın! Öz övladı üçün bütün əziyyətlərə göz yuman kimdir?- Qadın! Öz ailəsini, yuvasını qoruyan, canından belə keçməyə hazır olan o şəxs kimdir ? -Qadın!
Əziz qadınlar! Gəlin bir olaq! Güclü olaq! Əzilmədən, qorxmadan, yıxılmadan, baş əymədən, öz sözümüzü deyək! Dövlətə güvənərək! Dövlətə sığınaraq! Çünki dövlətimiz hər zaman öz vətəndaşına sahib çıxıb! Qadın zorakılığına qarşı mübarizə aparıb və aparır da..
Əziz insanlar! Qadın- anadır, bacıdır, qız övladıdır. Onlara qalxan əllər yalnız sığal çəkmək üçün, nəvazişli qalxmalıdır. Çünki ən mərhəmətli insanı da, ən qəddar insanı da dünyaya gətirən anadır QADIN!

Elmira Ağazadə,
TAİB GT-nın üzvü, tələbə

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR