Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Qazax ədəbiyyatı günü” təşkil olunub
II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Qazax ədəbiyyatı günü” keçirilib.
Agsaqqallar.com xəbər verir ki, kitab sərgisində Qazax yazıçılarının, tarixçilərinin və akınlarının Qazax və Azərbaycan dillərində əsərləri təqdim olunub.
Festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Yazıçılar Birliyinin, Azərbaycan Elmlər Akademiyasının, Qazax icmasının və kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də Festivalın qonaqları iştirak ediblər.
Qazaxıstan Respublikasının himninin səsləndirilməsi ilə başlayan təntənəli tədbir “Qazax xalqının Türk dövlətçiliyi tarixinə töhfəsi” mövzusunda panel sessiyaları ilə davam edib.
Tədbirdə çıxış edən Festivalın koordinatoru, şair Xəyal Rza Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının irsinin öyrənilməsi, qorunması və təbliği istiqamətində gördüyü genişmiqyaslı işləri yüksək qiymətləndirərək, Festivalda fəal iştirakına görə təşkilata təşəkkürünü bildirib.
Mərasimdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə meneceri – Qazaxıstan nümayəndəsi Talqat Muxanov Fondun qurucu üzv ölkələrdən biri olan Qazaxıstanla mövcud əlaqələrindən və təşkilat tərəfindən Türk dünyasının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin təbliği məqsədilə həyata keçirilən tədbirlərdən bəhs edib.
Tədbirdə Qazax xalq musiqisi səslənib və Abayın şeirləri oxunub.
Sonda qonaqlara müxtəlif milli mətbəx nümunələri təqdim edilib.