Bizim Türkiyəyə bağlılığımız təsadüfi deyil- İki dövlət, bir millətin qan bağlılığı
Türkiyə-Azərbaycan münasibətlərinin dərinləşməsində Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın məxsusi rolu vardır. 2002-ci ildən etibarən müxtəlif vəzifələrdə Türkiyəni idarə edən Rəcəb Tayyib Ərdoğan bu il prezident seçilməklə növbəti müddətə hakimiyyət başında qalmaq imkanını qazandı.
Rəcəb Tayyib Ərdoğan hələ baş nazir olmazdan öncə, sadə Türkiyə vətəndaşlarının sevdiyi şəxslər siyahısına daxil olub. Baş nazir kimi fəaliyyətə başladıqdan sonra isə Türkiyədə onun tərəfdarlarının sayı durmadan artıb və bu gün ölkə cəmiyyətində ən çox hörmətə və nüfuza malik şəxslər sırasında Ərdoğanın adı xüsusilə çəkilir. Türkiyə xalqı ona ölkəni daha da irəliyə aparan, sadə insanların problemini yaxından duyaraq onu həll etməyə çalışan, Türkiyənin dünyada nüfuzunun daha da artmasına xidmət edən lider kimi qəbul edir. Müxtəlif vəzifələrdə çalışan Ərdoğan hakim partiyada olduğu dövr ərzində Türkiyə-Azərbaycan əlaqələrinin formalaşmasına xüsusi diqqət ayırıb. İki dövlət, bir millətin qan bağlılığı, soy-kök bağlılığı qardaşlıq bağlarını möhkəmləndirib.
May seçkilərində Ərdoğanın yenidən prezident seçilməsi Türkiyə qədər, Azərbaycanın da sevincinə səbəb oldu. Möhtərəm prezidentimiz cənab İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək, əmin olduğunu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək.
Biz gənclər xalqımızın milli-mənəvi dəyərlərini müdafiə etməyi, qoruyub saxlamağı bacaran, eləcə də biganə gənclərdə milli və hərbi vətənpərvərlik hissinin formalaşmasında mühüm rol oynayan azərbaycançılıq ideologiyası naminə uğurlu layihələrlə çıxış edirik. Kökümüzün birliyi bizdə milli mənliyimizdə türk, türksevərlik motivlərini gücləndirib. Bizim Türkiyəyə bağlılığımız təsadüfi deyildir. Çünki qanı bir, soyu bir, dili, dini, imanı bir millətik. Təmsil olunduğum Türk Ağsaqqalları Birliyinin Türkiyə seçimləri ərəfəsində verdiyi bəyənat bizdə qardaşlıq hisslərini daha da artırdı. Və biz gənclər bu gün Türkiyə gəncləri ilə daha sıx əlaqələr yaradaraq ortaq layihələrə imza atmağa çalışır, türk birliyinin inkişafı naminə səfərbərliyimizi qoruyuruq.
Turana gedən yoldayıq!
Aytac Ağakişizadə,
TAİB GT-nin Gənclər Siyasəti Komitəsinin sədri