Ramin Əhmədov: “Türk İnvestisiya Fondu Türk Birliyinin möhkəmlənməsində mühüm rol oynayacaq!”
Türk Ağsaqqalları Birliyi – TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov Facebook səhifəsində Türk İnvestisiya Fondunun gələcək perspektivləri barədə paylaşım edib.
Paylaşımda deyilir:
“Türk İnvestisiya Fondunun fəaliyyəti bütövlükdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əlaqələrin inkişafına və birliyin möhkəmlənməsinə xidmət edəcək. Ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsi Sözsüz ki, digər istiqamətləri əhatə edən əlaqələrə də öz müsbət təsirini göstərəcək.
İlkin Nizamnamə kapitalı 500 milyon dollar olan Fondun fəaliyyəti əsasən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi potensialının inkişafına, onlar arasında birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək. Bu sırada kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsi, nəqliyyat və logistika zəncirlərinin saxlama və istehsal güclərinin artıırılması, sənaye istehsalı, nəqliyyat, kənd təsərrüfatı, İKT, yaşıl iqtisadiyyat, turizm və qarşılıqlı maraq doğuran digər sahələri qeyd etmək olar.
Ümumiyyətlə, bu Fondun yaradılması Türk Birliyinin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm tarixi addımdır. Şübhə yoxdur ki, gələcəkdə Fondun büdcəsi daha böyük məbləğləri əhatə edəcək və gözlənildiyi kimi Beynəlxalq Valyuta Fondu və Dünya Bankına bənzər bir maliyyə quruluşuna çevriləcək.
Onu da xüsusu vurğulamalıyıq ki, Fondun yaradılması təşəbbüsü Azərbaycan prezidenti İlham Əliyev tərəfindən gəlib. Bu da Dövlətimizin başçısının Türk Dövlətləri Təşkilatının inkişafında, türk ölkələri arasında əməkdaşlığın dərinləşməsi və ölkələrin iqtisadi potensialının genişlənməsində maraqlı olduğunun növbəti təzahürü və inkişaf prosesinə daha bir töhfəsidir.”