AŞIQ QƏNBƏRLƏ BAĞLI XATİRƏLƏRİM

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ağbabanın tanınmış el sənətkarlarından biri də Aşıq Qənbərdi. Məni onunla dayım
Usta Məcid tanış etmişdi. Həmişə ondan söz düşəndə Ağbabanın sonuncu azman aşığı
İsgəndər Ağbabalı deyərdi: “Aşıq Qənbər döşəmə, qaravəlli ustasıdır. Üstəlik, Gümrü
sənətkarlarına yaxşı bələd olan iki nəfər varsa biri odur. Ustadın sinədəftərliyinə, sənətkarlığına söz ola bilməz”. Aşıq Qənbər ortaboylu, qarayanız, bığlı, olduqca mehriban, xoşxasiyyət bir adamdı. Adamlara qarşı çox nazik davranardı. Hər kəs ona kəndlərində (İlanlı kəndini deyirəm) “əbə” deyər müraciət edərdi.
Heç yadımdan çıxmır, bir dəfə dayımın “dam”ına (dayım emalatxanasına “dam” deyirdi) gəlmişdi. Baxdım aşığın qoltuğunda bir tava var. O, tavanı bir tərəfə qoyub dayıma dedi:
– Ay Usta Məcid, sən mənim ən yaxın dostlarımdansan. Hə, indi maraqlanacaqsan
ki, ay aşıq, bu tava nədi. İmam ehsanı verdim, bu da sənin payındı. Bilirsən xasiyyətimi, həmişə imam ehsanı verirəm.
Düzü, bu el sənətkarının bədahətən söz deməsi, hazırcavablığı həmişə məni təəccübləndirirdi. Bir gün bunun səbəbini soruşmaq istəsəm də utandığımdan qaldım uduqnaudquna. Aşıq məqsədimi anladı:
– Hə, sən mənimlə çox maraqlanırsan. Onda qulaq as. Başıma çox bəlalar, hadisələr
gəlib, çox əziyyətlər görmüşəm. El İrana gedəndə mən də, qardaşım Bayram da uşaqdıq.
Qəflətən səsi qırıldı. Baxdım qəhərlənib kişi. Azmı keçdi, çoxmu keçdi, avazla oxumağa
başladı:

Yurddan ayrılalı elə ah çəkdik,
Əridi, dağların qarı qalmadı.
Dərdə çarə olar Xoya göz dikdik,
Qırıldı cavanlar, qarı qalmadı.

Nə deyim, necə deyim… Arazı keçəndə də nə qədər adam Arazın sularında boğuldu…
Yenə səsi titrədi aşığın:
– Ay Usta Məcid, burda “Atüstü”ndə bir söz oxuyacam, yeridi, vallah. Söz sözü
çəkdi, arşın bezi.

Yağı qəfil gəldi, yaxdı odlara,
Partapart başladı, qarışdı ara.
Kafir gədə idi, yerişdi vara,
Yandırır qəlbimi ahuzar mənim.
Qaçaqaç başladı, ülküşdü ellər,
O doğma yerlərdən ayrıldı əllər.
Dərbədər olandan lal oldu dillər,
Olmadı əlimdə ixtiyar mənim.
Arazın suyunda qərq oldu çoxu,
Gördü qəmimizi qadir İlahi
Kafirlər bizlərə çəkdirdi ahı,
Töküldü üstümə boran-qar mənim.

Xoyda başımıza nələr gəldi bir Allah bilir. Sonra yenə gəlib çıxdıq Ağbabaya. Payız
vaxtıydı. Baxdıq hava soyuq, ev-eşik uçux, yeməyə bir şey yox, əyin-baş yox… Baş açıq,
ayaq yalın… Aclıq da bir tərəfdən… Bayramla üz tutduq Gümrüyə. Bayram dedi:
– Gəl, Qənbər, belə eləyək. Sən bir tərəfə, mən də o biri tərəfə düşüm. Bəlkə ikimizdən birimizə iş rast gəldi. Qəpik-quruş alıb az-çox yeməyə bir şey alarıq. Yoxsa bu aclıq
bizi öldürəcək
Dedim:
– Yaxşı.
Şəhərdə xeylaq dolandım. Bir nəfər uzun boylu kişiyə rast gəldim. Dedi:
– Həyətdə xeyli iş var, görə bilərsənmi?
Dedim:
– Niyə görmürəm?
Bu kişi ilə gəldim onun həyətinə. İçəridən qara bir arvad çıxdı. Baxdım arvad dev
qarısına oxşayır. Kişi məni ona göstərib dedi:
– Ay arvad, bu burda iş görəcək, zir-zibili də təmizləyəcək. Buna yeməkdən-zaddan
da ver. Mənim işim var, bir azdan gələcəm.
Dedi:
– Yaxşı.
Nolacax, nə iş vardı gördüm, zir-zibili də təmizləyib atdım, amma dev qarısı deyindi:
– Kişi gələndə qəpik-quruşunu alarsan, amma yeməyə sənə bir şey vermiyəcəm.
Harda ac-gic var rast olur bizim kişiyə. O da gətirir evə.
Dillənmədim. Dillənib nə deyəydim ki. Ona kimi ev sahibi də gəldi.
Dedi:
– Nə oldu, bu arvad yeməyə sənə bir şey verdimi?
Dedim:
– Zəhrimar verdi, amma buna bir sözüm var, onu deyim, sonra çıxıb gedəcəm.

Gəzirdim ki, bir iş tapım,
Yolum elə sizə düşdü.
Həm işsizdim, həm acıydım,
Pərt olmaq da bizə düşdü.
Maşallah belə arvada,
Qonağı salmadı yada.
Elə bil ki, atdı oda,
Əl-ayağım közə düşdü.
Aclıq da yadımdan çıxdı,
Arvad olan qılınc taxdı.
Tənə edib tərs-tərs baxdı,
Aralığa məzə düşdü?!

Kişi bu sözləri eşidəndə gedib bir dolu xurcun gətirdi.
– Bunun içi ərzaqla doludu, apar, halalın olsun.
Bir xeyli də pul verdi.
…Nolacax, kəndə qayıtdıq. Bayramla qonşuları da çağırdıq. Ağız dadı ilə pendir-
çörək yeyib Allaha dua elədik.
…Mən həyatımda xoş günləri çox az gördüm. 37-nin tutatutu, arxasından müharibə… Müharibədən yaralı qayıtdım. Sonra yenə aclıq oldu… Bir də baxdım yaşa doldum,
saç-saqqal ağardı.
Yaxşı adamlar heç vaxt unudulmurlar. Kim olur-olsun, belə adamları xatırlayır, sözsöhbətdə adını çəkir. Rəhmətlik Aşıq Qənbər də belə adamlardandı.

Tacir SƏMİMİ
filologiya üzrə fəlsəfə doktoru, dosent

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR