TAİB-in İdarə Heyətinin üzvü, tanınmış şair, filologiya üzrə fəlsəfə doktoru Akif Azalp “Kitabi- Dədə Qorqud”un daha bir sirrini çözüb
TAİB-in İdarə Heyətinin üzvü, tanınmış şair, filologiya üzrə fəlsəfə doktoru Akif Azalp “Kitabi- Dədə Qorqud”un daha bir sirrini çözüb.
Ədəbiyyatşünas alim Akif Azalpın “”Maddeyi-tarix”lər müjdəsi, yaxud Dədə Qorqudun doğum ili öz dilindən” yazısını təqdim edir:
Qorqud Atanın anadan olmasının 1430 illiyinə
Tarixən xalqımızın tale kitabı sayılan “Kitabi-Dədə Qorqud”un tam mənada öz qədir-qiymətini tapması, heç şübhəsiz, Ümummilli lider Heydər Əliyevin və onun hər cəhətdən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Milli eposumuzun 1300 illik yubileyinin dövlət miqyasında və yüksək səviyyədə keçirilməsindən tutmuş ölkəmiz paytaxtında “Kitabi-Dədə Qorqud” abidəsinin və “Dədə Qorqud” parkının açılışına qədər bu qədirşünaslığın çoxsaylı parlaq misalları vardır (1; 2). Əsla təsadüfi deyildir ki, bir xalq olaraq tarixi alın yazımızın ilk bədii salnaməsinin ən yığcam və dərin təhlilini də “Milli varlığımızın mötəbər qaynağı” əsərində məhz Ulu Öndər Heydər Əliyev vermişdir (1, s. 5-12).
Dədə Qorqudu bir tarixi şəxsiyyət və türk xalqları arasında çox məşhur övliya kimi səciyyələndirən klassik mənbələr sırasında dahi özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin (1441-1501) fikirləri bir neçə baxımdan diqqəti daha yaxından cəlb edir. Ümumtürk İntibahının bu görkəmli simasının “Nəsaimül-məhəbbət” (“Məhəbbət nəsimləri” – 1496) əsərində Qorqud Ata haqqında verdiyi son dərəcə qiymətli məlumatın çağdaş dilimizdə necə səslənməsinə diqqət yetirək:
“Qorqut Ata – türk ulusu arasında şöhrəti hər hansı şöhrətə ehtiyacdan daha artıqdır. Məşhuru budur ki, özündən neçə illər əvvəl olanları və neçə illər sonra gələnləri söyləmişdir. Çox mövzuları əhatə edən hikmətləri yayğındır.” (15, s.155).
Bu yığcam bilgilər ən azından iki əlamətdar cəhəti ilə çağdaş qorqudşünaslıq üçün mühüm önəm daşıyır. Birincisi, onlarda Qorqud Ataya şamil olunan özəlliklər, xüsusən, onun böyük kəramət sahibi olması Əlişir Nəvaidən əvvəlki və sonrakı başqa mötəbər tarixi mənbələrdəki xüsusiyyətlərlə əsasən üst-üstə düşür (8, s. 104-106) və söhbətin məhz “Kitabi-Dədə Qorqud”un müəllifi haqqında getdiyini bir daha təsdiqləyir. İkincisi, çox güman ki, adları özünə yaxşı məlum olmadığı üçün Əlişir Nəvai Qorqud Atanın hər hansı əsərinin adını çəkməsə də, onun müxtəlif mövzulu çoxlu hikmətlər müəllifi olduğunu nəzərə çarpdırmağı da unutmur.
Üstəlik, çağdaş qorqudşünaslıq və ədəbiyyatşünaslıqda professor Əli Sultanlının əsərlərindən tutmuş akademik İsa Həbibbəylinin kitabına qədər bir çox tədqiqatlarda Dədə Qorqudun “Kitabi-Dədə Qorqud” dastanlarının yalnız iştirakçısı və ya qəhrəmanı deyil, həm də müəllifi olduğu dönə-dönə vurğulanır (16, s.10-11; 3, s. 95-97; 12, s. 47-63 və s.).
Digər tərəfdən, tariximizin ilk azman ozanının, eyni zamanda, öz dövrünün gərəkli elmlərini, o cümlədən, ərəb dilini dərindən bilməsinə əmin olmaq üçün burada görkəmli şərqşünas Nariman Qasımoğlunun dəyərli bir fikrini xatırlatmağa ehtiyac duyulur:
“Qurani-Kərim-in doğma dilimizə tərcümə izləri qədimlərə, xalqımızın tək Allah-a könül verdiyi ilkin zamanlara gedib çıxır. Görün bir Allah-ın öyümü “Kitabi-Dədə Qorqud”da necə verilmiş:
Ucalardan ucasan, uca tanrım,
kimsə bilməz necəsən, görklü tanrı” (14, s.353).
Tanınmış ilahiyyatçı daha sonra öz fikirlərinə tutarlı dəlil kimi “Qurani-Kərim”in dörd ayədən ibarət “İxlas”surəsinin gözəl və sərbəst tərcüməsinin “Kitabi-Dədə Qorqud” qəhrəmanı Qazılıq Qoca oğlu Yeynəyin dilindən necə verildiyini vurğulayır (14, s.354).
Bu və buna bənzər sanballı misallar və danılmaz faktlar bir mülahizəni irəli sürməyə ciddi əsas verir ki, sözügedən dastanların və kitabın nəinki ilk yaradıcı müəllifi, hətta öz dəstxəti bizə qədər gəlib çatmasa da, ilk yazıya alanı da Dədə Qorqudun özü olmuşdur. Çünki Dədə Qorquddan başqa heç kim, heç bir katib və ya ozan öz “əlavə”ləri ilə yuxarıda vurğulanan dərin mətləbləri və incə məqamları həmin dastanların ruhuna və bədii toxumasına bu cür yüksək məharətlə hopdura bilməzdi.
Bu amil bizi “Kitabi-Dədə Qorqud” müəllifinin həyatı və şəxsiyyətinə dair hər hansı nişanənin sorağında dəfələrlə oxuduğumuz və hər dəfə oxuyanda gizli mətləblərlə qarşılaşdığımız əsər mətnini bir daha diqqətlə və lazım gəldikcə əlyazma nüsxələrinin faksimilesi və ya fotosurəti ilə müqayisədə nəzərdən keçirməyə sövq edir.
Xoşbəxtlikdən, son araşdırmalarımızda bir sıra klassiklərimizin indiyə qədər naməlum doğum illərini (Aşıq Qurbani – 1498, Aşıq Abbas Tufarqanlı – 1630, Sarı Aşıq – 1659 və s.) onların öz dillərindən səslənən “maddeyi-tarix”lər əsasında müəyyənləşdirən (5, s.30-33; 6, s.24-26) və dahi Füzulinin doğum tarixini nəinki ilinə, ayına-gününə qədər dəqiqləşdirməklə (23 oktyabr 1492) Azərbaycan və türk ədəbiyyatşünasları arasında təxminən iyirmi beş illik (1480 – 1506) fərqlə gedən bir əsrlik mübahisəyə birdəfəlik son qoyan (7, s. 32-34) “kəsişən əbcədlər” üsulu bu dəfə də öz sözünü deyir. “Kitabi-Dədə Qorqud”un bir çox cəhətdən öz unikallığı ilə seçilən və təcrübəli mətnşünas, professor Samət Əlizadə tərəfindən nəşrə hazırlanmış Drezden nüsxəsinin ilk iki cümləsinə diqqət kəsilirik:
“Rəsul əleyhissəlam zamanına yaqın Bayat boyından, Qorqut Ata derlər, bir ər qopdı. Oğuzun ol kişi təmam bilicisi idi…” (13, s.36, 619)
Məlumdur ki, bədii mətnlərdə “tarix”, “il”, “sənə” və s. sözlərlə müşayiət olunan açıq maddeyi-tarixlərdən fərqli olaraq, ən müxtəlif səbəblərə görə gizli verilən örtülü “maddeyi-tarix”lər mətn içində sezilər-sezilməz incə eyhamlarla işarələnir. Biz Füzulidə və başqa klassiklərdə bunun çoxsaylı örnəkləri ilə qarşılaşırıq (7, s. 32-34; 5, s. 30-33; 6, s.24-26).
Bu baxımdan, dərindən diqqət yetirilsə, Qorqud Atanın kimin dövrünə yaxın və hardan çıxdığını, hansı nəslə mənsubluğunu və nə cür üstünlüyə malikliyini vurğulamaqla az qala “tərcümeyi-hal” səciyyəsi daşıyan yuxarıdakı cümlələrdən hər birinin axırıncı sözlərində (“bir ər qopdı” və “təmam bilicisi”), nə qədər çətin olsa da, örtülü “maddeyi-tarix”lərə xəfifdən xəfif bir işarə vurulduğunu müşahidə etmək mümkündür.
Çoxmənalı “qopmaq” feilinin “anadan olmaq, ana bətnindən qopmaq, doğulmaq” mənasının “Kitabi-Dədə Qorqud” lüğətlərində və bəzi tədqiqatlarda göstərilən başqa mənalarına (13, s.180; 17, s.46 və s.) nisbətən burada mətnin məzmununa və məntiqinə daha uyğunluğunu nəzər alıb, ərəb hərflərinin say qiyməti əsasında birinci “maddeyi-tarix”in (“bir ər qopdı”) əbcəd hesabını çıxarmağa çalışırıq: “be (2)” + “re (200)” + “əlif (1)” + “re (200)” + “qaf (100)” + “vav (6)” + “pe (2)” + “dal (4)” + “ya (10)” = 525
Amma, göründüyü kimi, bu rəqəm nəinki Rəsulüllah zamanından, hətta Məhəmməd peyğəmbərin həyatından (570-632) xeyli uzağı göstərir. Belə olduğu təqdirdə, diqqəti ikinci “maddeyi-tarix”in (“təmam bilicisi”) əbcəd hesabına yönəldirik: “te (400)” + “mim (40)” + “əlif (1)” + “mim (40)” + “be (2)” + “lam (30)” + “ya (10)” + “ce (3)” + “sin(60)” + “ya (10)” = 596
Xoşbəxtlikdən, günümüzə qədər hər hansı təhrifə uğramadan, ilkin imlasındakı kimi gəlib çatmış bu nəticə “Rəsul əleyhissəlam zamanına yaqın”lığı, yəni 13-14 illik fərqlə Həzrət Məhəmmədə peyğəmbərlik verilən vaxtı (609-610) təsdiq etməklə yanaşı, eyni zamanda, “kəsişən əbcəd” rolunda birinci “maddeyi-tarix”in hardasa təhrif olunduğunu nəzərə çarpdırır. Əsas tarix maddəsinə (“bir ər qopdı”) bir daha diqqət kəsilirik və yeganə ümid işartısı kimi “ər” sözünün üzərində dayanırıq.
Məsələ bundadır ki, qədim əlyazmalarda türk mənşəli sözlərin, xüsusən, onların ilk hərflərinin ərəb əlifbası ilə yazılışında bəzən qeyri-sabitlik müşahidə olunur. Burada təkcə Nəsiminin məşhur “sığmazam” rədifinin birinci hərfinin müxtəlif əlyazmalarda gah “sad” ilə, gah “sin” ilə yazıldığını xatırlatmaq kifayətdir. Bu amil istər-istəməz təbii və məntiqli bir sual doğurur. Bəlkə, elə əsərin ilkin əlyazmasında “ər” sözünün birinci hərfi də “əlif”lə deyil, demək olar ki, eyni səsi verən “əyn” ilə yazılıb?! “Ardıc” və “sərv” mənasındakı ərəb mənşəli “ərər” sözünün hər iki hecasındakı saitlərin bir qayda olaraq “əyn”lə yazıldığı kimi!
Həqiqətin sorağında “ər” sözündən say qiyməti 1 olan “əlif”i götürüb, onun yerinə say qiyməti 70 olan “əyn”i qoyuruq və yalnız bir hərfi təhrifə uğramış əsas “maddeyi-tarix”in həqiqi nəticəsi (594) ilə qarşılaşırıq. “Kəsişən əbcəd”in də (596) cüzi fərqlə təsdiq elədiyini nəzərə alsaq, bu fakt “Kitabi-Dədə Qorqud” müəllifinin ən azından burada – öz doğum ilini möhürlədiyi birinci “maddeyi-tarix”də “ər” sözünün ilk hərfini məhz “əyn”lə yazdığına heç bir şübhə yeri qoymur.
“Ən azından burada” deməyimiz də səbəbsiz deyil. “Ə” saiti ilə başlayan fars mənşəli sözlərin ilk hərfi bir qayda olaraq “əlif”lə yazıldığı üçün və əsərin üzünü sonradan köçürən katib və xəttatlar əsasən fars kökənli olduqları üçün onların “ər” sözünün birinci hərfini hər yerdə öz imlalarına uyğunlaşdırıb yazmaları ehtimala çox yaxındır. Bəlkə də, məhz bu səbəbdən həm ərəb, həm fars imlasından yaxşı xəbərdar olan əsər müəllifi öz doğum ilini həkk elədiyi birinci “maddeyi-tarix”in bir hərfin ucbatından “it-bat”a düşməməsi üçün gələcək araşdırmalara böyük ümidlə “kəsişən əbcəd” kimi ikinci “maddeyi-tarix”i yaradıb. Onların arasındakı iki illik cüzi fərq isə, hər şeydən öncə, hər hansı süniliyə yol vermədən örtülü tarix maddəsi yaratmağın, xüsusən, “kəsişən əbcəd”ə nail olmağın son dərəcə çətinliyi ilə bağlıdır. Amma istənilən halda birinci “maddeyi-tarix”in göstəricisi daha dəqiq və daha etibarlı sayılır. “Kəsişən əbcəd” isə həmin nəticəni təsdiq etməklə sadəcə olaraq əsas “maddeyi-tarix”in doğru-düzgünlüyünə və heç bir halda təsadüfi ola bilməzliyinə öz möhürünü vurur.
Beləliklə, Azərbaycan şifahi ədəbiyyatının ilk azman ozanı və yazılı ədəbiyyatının ilk dahi yazarı olan Qorqud Atanın (Dədə Qorqudun) miladi tarixin 594-cü ilində, yəni “Qurani-Kərim”in nazil olunmasına (609-610) 15-16 il qalmış Oğuz-türk xaqanlığının məşhur Bayat qalasında doğulduğunu dəqiqləşdirmiş oluruq.
Yeri gəlmişkən, “Kitabi-Dədə Qorqud”un digər nüsxəsinin yarımçıqlığı bir tərəfə, onun hansı kobud təhriflərə məruz qaldığına və Drezden nüsxəsindəki örtülü “maddeyi-tarix”lərin necə “it-bat”a salındığına əmin olmaq üçün Vatikan nüsxəsinin tanınmış ədəbiyyatşünas, professor Tərlan Quliyev tərəfindən yüksək səviyyədə nəşrə hazırlanmış mətninin ilk iki cümləsini diqqətlə müşahidə etmək kifayətdir:
“Həzrəti-Rəsul zamanına yaqın Bayat boyından Qorqut adlu bir ər qobmış idi. Oğuzun içində tamam vilayəti zahir olmış idi (9, s.83).
Bu müqayisədən sonra qorqudşünaslıqda böyük zəhmətləri və danılmaz xidmətləri olan Orxan Şaiq Gökyay, Məhərrəm Ergin və Həmid Araslı kimi görkəmli alimlərin arasında bir vaxtlar davam edən qiyabi mübahisələrə sözardı olaraq onu əlavə etmək lazım gəlir ki, “Kitabi-Dədə Qorqud”un Drezden və Vatikan nüsxələrinin nə biri digərindən, nə də hər ikisi üçüncü bir ortaq nüsxədən köçürülüb, onların birincisi nisbətən tam və mükəmməl, ikincisi yarımçıq və çoxqüsurlu olmaqla müxtəlif səviyyəli katiblərin ayrı-ayrı əlyazmalarından qaynaqlanır.
Yuxarıda Qorqud Atanın ərəb-fars dillərinə və imlalarına dərindən bələdliyi vurğulanmışdı. Qədimdən yaxın qonşularımızın dili olan farscaya yetərincə bələdlik burada təəccüb doğurmur. Amma İslam dini xalqımız arasında hələ yayılmamış Qorqud Atanın Oğuzun sərhədlərindən kənara çıxmadan ərəb dilini belə mükəmməl mənimsəməsi necə mümkün ola bilərdi?!
Qorqudşünaslığa hər sahədə və hər mənada saysız və misilsiz töhfələr verən Xalq yazıçısı Anarın “Dədə Qorqud dünyası” (1999) kitabında bu məsələyə də müəyyən qədər aydınlıq gətirilir. Belə ki, Anar, bir tərəfdən, xalqımızın yaddaşında indiyə qədər yaşamaqda olan rəvayətlərə əsaslanaraq, digər tərəfdən, Mahmud Kaşğarinin “Divani-lüğətit-türk” (XI əsr) əsəri kimi mötəbər mənbələrdəki tutarlı dəlillərə istinad edərək, “Oğuzların islam dünyasıyla ilk təmasları”nı, İslam peyğəmbərinin Oğuz elçiləri ilə ilk görüşünü diqqət mərkəzinə çəkir və ən başlıcası, etibarlı mənbəyə əsasən oxucu marağını məsələnin mahiyyətinə dair son dərəcə qiymətli bir fakta, hədisi-qüdsilərdən birində Məhəmməd peyğəmbərin Allah dilindən səsləndirdiyi sözlərə yönəldir: “Mənim bir tayfa əsgərim var, adlarına türk deyirlər. Onları Şərqdə yerləşdirmişəm. Bir xalqdan qəzəblənsəm, türkləri onlara qarşı yollayıram” (4, s. 30-31).
Sözügedən mətləblərlə bağlı maraqlı məlumatlara Elçin Muxtar Elxan adlı müəllifin “Mən Dədə Qorqud” (2010) kitabında da tuş gəlirik. O cümlədən, burada Dədə Qorqudun 588-ci ildə doğulduğu (halbuki, Qorqud Atanın doğum ili ilə bağlı onun özünə məxsus örtülü “maddeyi-tarix”in dəqiq nəticəsi, yəni 594-cü il artıq göz qabağındadır – A.A.), Məhəmməd peyğəmbərin müraciətinə cavabən Dədə Qorqudun elçi kimi Mədinəyə göndərildiyi, İslam peyğəmbəri ilə 625-ci ildə görüşən Dədə Qorqudun 37 yaşda olduğu (halbuki, 594-cü ildə doğulmuş gənc Qorqud 625-ci ildə 37 yox, 31 yaşında idi – A. A.), Rəsulüllahın öz dəlləyi İsfahanlı Salman Farsiyə öncə Dədə Qorquda ərəb dilini, sonra isə namaz və oruc qaydalarını öyrətməyi tapşırdığı və s. haqda bir sıra mülahizələr irəli sürülür. Ancaq, çox təəssüf ki, bu müəllifin hər hansı elmi-tarixi, ədəbi-bədii, dini-əfsanəvi mənbəyə istinad etməməsi, yaxud əsaslandığı məxəzlərin ünvanını dəqiq göstərməməsi, yumşaq desək, oxucu marağına laqeydlikdən daha çox onun öz mülahizələrinə inam-etibarı azaldır (10, s. 9-40 və s.).
Bununla belə, İslam peyğəmbəri və ərəb dünyası ilə Oğuz-türk övliyasının münasibətlərinə dair müxtəlif qaynaqlardakı bütün məlumat və mülahizələri ümumiləşdirsək, onlardan irəli gələn bir neçə xülasəni diqqət mərkəzinə çəkmək məqsədəuyğun olardı:
a) Məhəmməd peyğəmbərin Mədinədə öz mövqeyini möhkəmləndirdikdən sonra İslamın qəbulu və yayılması məqsədi ilə Şərqdəki qonşu ölkələrin hökmdarlarına ünvanlanan məktublarından (Rəsulüllahın bu haqda Sasanilər şahına naməsinin necə hiddətlə qarşılanması Firdovsinin ən azından bu məsələdə tarixi gerçəkliyi əks etdirən “Şahnamə”sindən artıq bizə məlumdur) birinə müsbət cavabla onun hüzuruna Oğuz-türk xaqanlığının ilk elçisi kimi məhz o vaxt Oğuzun başbiləni olaraq ad qazanmış övliya xislətli və təxminən 30 yaşlı gənc Qorqud göndərilmişdir.
b) Oğuz türklərinin İslama rəğbətindən məmnun olan Həzrət peyğəmbərin təklifi ilə ərəb dilini, imlasını, o cümlədən, əbcəd hesabını, eləcə də,
İslam dininin əsasları və tələblərini dərindən mənimsəmək üçün Qorqud bir müddət Mədinədə qalmalı olmuşdur. Bu amil, bir tərəfdən, Azərbaycan-türk dövlətçiliyinin qədim beynəlxalq əlaqələrini xeyli irəliyə çəkirsə, digər tərəfdən, gənc Qorqudu diplomatiya tariximizin ilk görkəmli səfiri kimi təsdiq etməyə əsas yaradır.
c) Hədisi-qüdsidə türklərin hətta Allahın yer üzündə güvəndiyi güc kimi vurğulanması Həzrət peyğəmbərdə onların tarixinə və igidliyinə dair dərin maraq oyatmış və gənc ozanda Oğuz-türk tarixinə aid həm öz dövrünün, həm də özündən əvvəlki əsrlərin hadisələrini ümumiləşdirib və bədiiləşdirib silsilə dastanlar yaratmaq arzusu və ideyası məhz həmin böyük marağın sayəsində hələ Mədinədə olarkən doğulmuşdur. Bu amil isə Qorqud Atanı bütün başqa fəzilətləri ilə bir sırada və eyni zamanda, türk dünyasının ilk böyük tarixçisi kimi səciyyələndirməyə imkan verir.
Bəli, klassik mənbələrdə Əlişir Nəvainin məşhur kəlmələri ilə ifadə etsək, “Qorqut Ata… özündən neçə illər əvvəl olanları… söyləmişdir”sə, çağdaş qorqudşünaslıqda akademik Tofiq Hacıyevin sözləri ilə desək, “Dədə Qorqud kitabı”, doğrudan da, məhz tarix kitabı olaraq yazıya alınmışdır ki, gələcək nəsillər ondan “Oğuz tarixi” kimi istifadə etsinlər” (15, s.155; 11, s.106).
Odur ki, yaxın gələcəkdəki yeni tədqiqatlarda “Kitabi-Dədə Qorqud” müəllifinin istər öz həyatına və dövrünə dair, istərsə də özündən öncəki tariximizə aid təhriflərə uğramamış başqa örtülü “maddeyi-tarix”lərin üzə çıxacağı da istisna olunmur. Təhriflərin səciyyəsinə gəlsək, onların bilmədən olunanları ilə yanaşı, bilərəkdən, qəsdən edilənləri də yox deyildir. Bu baxımdan, tanınmış yazarımız, rəhmətlik Azər Abdulladan yadigar qalmış “Oğuz eli” qəzetinin ayrıca buraxılışı olan “Yazıçı”nın Dədə Qorquda həsr olunmuş xüsusi sayında (2017, № 1) mədəniyyətşünas Fazil Mustafanın “Dədə Qorqud – Bayındurlu mədəniyyətinin açarı” məqaləsində qabardılan məsələlər təqdirəlayiqdir (17, s. 21-22). Doğrudan da, Oğuz-türk tarixinin dərin köklərini və ümumtürk mədəniyyətinin qədim izlərini Şərqdə qərəzli məqsədlərlə “it-bat”a salmış qısqanc qüvvələrlə müqayisədə sözügedən xəzinələrin nadir örnəklərini qoruyaraq, bütün dünyanın diqqətinə çatdırmış Qərb şərqşünaslığının ünvanına bir daha sonsuz təşəkkürlər düşür.
Və nəhayət, 2024-cü ildə Azərbaycan xalqının əsas kitabının müəllifi Qorqud Atanın (Dədə Qorqudun) anadan olmasının (594) 1430 illiyidir. Aidiyyəti olan bütün qurum və təşkilatların təşəbbüsü və yaxından dəstəyi ilə bu yubileyin ən yüksək səviyyədə və ilboyu keçirilməsi türk və dünya qorqudşünaslığının yeni dalğasını yaradacağı və neçə-neçə dəyərli tədqiqatlara təkan verəcəyi şübhəsizdir.
Ədəbiyyat:
1. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev. Milli varlığımızın mötəbər qaynağı // Kitabi-Dədə Qorqud Ensiklopediyası, iki cilddə, I cild, Bakı, Yeni Nəşrlər Evi, 2000, s. 5-12
2. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud” abidəsinin açılış mərasimindəki nitqi // “Azərbaycan” qəzeti, 14.12.2013
3. Abdulla K. “Kitabi-Dədə Qorqud” poetikasına giriş, Bakı, RS Poliqraf, 2017, 320s.
4. Anar. Dədə Qorqud dünyası, Bakı, Yeni Nəşrlər Evi, 1999, 192s.
5. Azalp A. “Kəsişən əbcədlər” üsulu, yaxud Azərbaycan ədəbiyyatı tarixi”nin yeni səhifələri (birinci yazı) // “Mədəniyyət” jurnalı, 2022, № 1, s 30-33
6. Azalp A. “Kəsişən əbcədlər” üsulu, yaxud Azərbaycan ədəbiyyatı tarixi”nin yeni səhifələri (ikinci yazı) // “Mədəniyyət” jurnalı, 2022, № 2, s 24-26
7. Azalp A. Füzulinin doğum tarixi öz dilindən // “Mədəniyyət” jurnalı, 2021, № 5, s. 32-34
8. Dədə Qorqud dünyası (məruzə və məqalələr), Bakı, Öndər, 2004, 240 s.
9. Dədə Qorqud kitabı (Vatikan nüsxəsi – transliterasiya edən, ön söz, qeydlər və şərhlər müəllifi Tərlan Quliyev), Bakı, Xan, 288 s.
10. Elxan E. M. Mən Dədə Qorqud, Bakı, Səda, 2010, 184 s.
11. Hacıyev T. “Dədə Qorqud Kitabı”: olan və olmayan boylar // Dədə Qorqud dünyası (məruzə və məqalələr), s. 94-108
12. Həbibbəyli İ. “Kitabi-Dədə Qorqud”: yazılı epos və ya epopeya, Bakı, Elm, 2020, 280 s.
13. Kitabi-Dədə Qorqud Ensiklopediyası, iki cilddə, I cild, Bakı, Yeni Nəşrlər Evi, 2000, 624 s.
14. Qurani-Kərim (Azərbaycan türkcəsində açıqlama, Nəriman Qasımoğlunun qələmilə), Bakı, “Azərbaycan” nəşriyyatı, 1993, 368 s.
15. Nəvai Ə. Əsərlər, 15 cilddə, XV cild, Daşkənd, Ədəbiyyat və sənət nəşriyyatı, 1968, 248 s.
16. Sultanlı Ə. “Kitabi-Dədə Qorqud” və qədim yunan dastanları, Bakı, Elm, 1999, 84 s.
17. “Yazıçı” (“Oğuz eli” qəzetinin Dədə Qorquda həsr olunmuş ayrıca buraxılışı, Baş redaktor Azər Abdulla), 2017, № 1, 48 s.
Akif Azalp
Filologiya üzrə fəlsəfə doktoru
Manera.az