YAP, TAİB və UFAZ-ın birgə təşkilatçılığı ilə “Azərbaycan-Avropa Birliyi arasında münasibətlərin qurulmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib
May ayının 30-da Türk Ağsaqqalları İctimai Birliyi (TAİB), Azərbaycan-Fransız Universiteti və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Azərbaycan-Avropa Birliyi arasında münasibətlərin qurulmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Agsaqqallar.com xəbər verir ki, konfransın açılışında Azərbaycan dövlət himni səsləndirilib, ümummilli liderin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin qonaqlarını salamlayan UFAZ-ın İcraçı direktoru, YAP İdarə heyətinin üzvü Vazeh Əskərov Heydər Əliyevin həyat və fəaliyyət yolundan danışaraq, ölkəmiz üçün mühüm olan bəzi məqamları xatırladıb. Hakimiyyətə gəldikdən sonra atəşkəsə nail olaraq, stabillik yolunu seçən Ulu Öndərin ölkənin inkişafı üçün ilk növbədə iqtisadiyyatın dirçəldilməsinə xüsusi önəm verdiyini vurğulayaraq bildirib ki, qısa zaman ərzində Avropa Birliyi və Avropa təssisatları ilə əlaqələr genişlənməyə başladı.
Türk Ağsaqqalları İctimai Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Südeif İmamverdiyev öz çıxışında Naxçıvanın blokadada olduğu vaxtda Heydər Əliyevin onu qorumaq üçün əlindən gələni əsirgəmədiyi barədə öz xatirələrini paylaşıb. Türkiyə ilə münasibətlərin, Ümid körpüsünün tikilməsini qeyd edən natiq, Ümummilli liderin Fransa, İngilitərə, ABŞ, İtaliya və Vatikana səfərlərini xatırlatdı. Həmin görüşlərdə dünya liderlərinin onun şəxsiyyətinə necə hörmət etməsi barədə fikirlərini bölüşdü.
Daha sonra Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən kiçik film nümayiş olundu.
YAP İdarə Heyətinin üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardiologiya kafedrasının müdiri Tofiq Cahangirov çıxışında Heydər Əliyevin Avropa Birliyi ilə münasibətlərin inkişafında gördüyü xidmətləri yada salıb. 1996-cı ildə AB ilə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq sazişi ölkəmizdə islahatların sürətlə həyata keçirilməsinə bir təkan oldu.
Akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayev öz çıxışında Heydər Əliyev siyasətinin bu günkü Azərbaycanın inkişafında qoyduğu izlərdən bəhs edib. O gənc nəslin təhsilinə Ulu Öndərin necə önəm verdiyini vurğulayıb. “Azərbaycan-Fransız Universiteti timsalında biz deyə bilərik ki, bu gün həmin siyasətin bəhrəsini görürük” – deyə o qeyd edib.
Tədbirdə TAİB sədri Südeif İmamverdiyev Vazeh Əskərova təşkilat adından təşəkkürnamə təqdim edib. Konfransda UFAZ, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri, YAP Nəsimi rayon təşkilatının üzvləri, Türk Ağsaqqalları İctimai Birliyinin fəalları və YAP Veteranlar Şurasının üzvləri də iştirak edib.
Sonda xatirə şəkilləri çəkilib.