Nizami rayonunda şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib – FOTOLAR
Nizami Rayon İcra Hakimiyyətinin və Missiya Media Qrupunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün 30 iyun 2023-cü il tarixində “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir” adlı bayram tədbiri keçirilib.
Agsaqqallar.com xəbər verir ki, “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir” adlı tədbirdə əvvəlcə dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək şəhid və qazi övladlarını 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara can sağlığı, xoşbəxt gələcək və təhsillərində uğurlar arzulayıb.
Qeyd edilib ki, Azərbaycanda uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulubdur və bu siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən çox uğurla davam etdirilir. Qeyd olunub ki, ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondunun böyük rolu var.
Tədbirdə həmçinin şəhid və qazi övladlarına göstərilən hərtərəfli qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub.
Musiqili-əyləncəli proqramın yekununda şəhid və qazi övladlarına Nizami rayon İcra Hakimiyyəti və Missiya Media Qrupunun xüsusi hədiyyələri təqdim olunub.