Fuat Oktay: “Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər bizi qürurlandırır”
Azərbaycanın Türkiyədəki səfirliyi Xalq Cümhuriyyətinin yaradılmasının 105-ci ildönümü münasibətilə Ankarada tədbir təşkil edib.
Agsaqqallar.com xəbər verir ki, tədbirdə Türkiyənin dövlət, hökumət və parlament nümayəndələri, silahlı qüvvələrin əməkdaşları, Ankaradakı diplomatik korpus təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış simaları, beynəlxalq təşkilatların rəhbərləri, Türkiyədəki Azərbaycan diasporunun fəalları, tanınmış elm və sənət adamları, ziyalılar, qardaş ölkədə təhsil alan azərbaycanlı gənclər iştirak ediblər.
Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlərdən qürurlandıqlarını dilə gətirən Türkiyənin vitse-prezidenti Fuat Oktay türk dünyasının böyük mütəfəkkiri İsmayıl Qaspıralının “Dildə, fikirdə, əməldə birlik” prinsipini xatırladaraq deyib ki, Türkiyə ilə Azərbaycanın həmrəyliyi gündən-günə daha da güclənir və iki qardaş ölkə arasındakı müttəfiqlik Şuşa bəyannaməsi ilə öz təsdiqini tapıb.
Vitse-prezident deyib ki, Türkiyə ilə Azərbaycan xarici siyasətdən müdafiə sənayesinə, iqtisadiyyatdan ticarətə, nəqliyyatdan enerjiyə, ətraf mühitdən kənd təsərrüfatına qədər bir çox sahədə əməkdaşlığını gücləndirib: “Biz Qarabağın Ermənistanın işğalından azad olunmasını dəstəklədiyimiz kimi, bölgənin dirçəlişinə və sabitləşməsinə də eyni səmimi dəstəyi veririk. Qarabağın Azərbaycan bayrağının dalğalandığı hər bir nöqtəsindən işğal illərinin izlərini silib, öz tarixinin şanlı illərinə qaytarmağı başlıca vəzifəmiz kimi görürük”.
Tədbirdə, həmçinin Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov ölkəmizin istiqlaliyyət tarixindən, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmlənməsindəki tarixi missiyasından danışıb.