“Beynəlxalq İpək Yolu və Naxçıvan” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Naxçıvan” Universitetində “Beynəlxalq İpək Yolu və Naxçıvan” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

TAİB üzvü, tanınmış iqtisadçı Sənan İbrahimov “Naxçıvan” Universitetində “Beynəlxalq İpək Yolu və Naxçıvan” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak edib.

Agsaqqallar.com xəbər verir ki, “Naxçıvan” Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin, Türkiyənin İqdır, Atatürk, Şeyx Ədabalı (Biləcik), Binəli Yıldırım (Ərzincan), Milli Müdafiə universitetlərinin akademik heyət üzvləri və alimləri iştirak edirlər.

Konfrans iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Heydər Əliyev Muzeyi ilə tanış olan qonaqlara buradakı eksponatlar barədə ətraflı məlumat verilib.

“Naxçıvan” Universitetinin konfrans zalında işə başlayan “Beynəlxalq İpək Yolu və Naxçıvan” mövzusunda beynəlxalq elmi konfransın plenar iclasında əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda çıxış edən universitetin rektoru, dosent Nurlana Əliyeva qonaqları salamlayıb, konfransın mövzusunun aktuallığını vurğulayıb. Rektor bildirib ki, bugünkü konfrans sivilizasiyanın inkişafında çox mühüm rol oynamış, öz əhəmiyyətini müasir dövrümüzdə də getdikcə daha çox təsdiqləyən bir tarixi gerçəkliyə həsr olunub. Çünki tarixdə ilk transkontinental ticarət və diplomatiya yolu olan Böyük İpək Yolu uzun əsrlər boyu Şərq və Qərb ölkələrinin iqtisadi, ticarət və mədəni əlaqələrinin inkişafına misilsiz töhfələr verib. Vaxtilə bu yolla Şərqdən Qərbə və əksinə hərəkət edən ticarət karvanları bütün regionda, o cümlədən Azərbaycanda ticarətin, sənətkarlığın, elmin, təhsilin, mədəniyyətin inkişafına mühüm təsir göstərib, Böyük İpək Yolu vasitəsiylə müxtəlif ticarət malları ilə birlikdə elmi və ədəbi əsərlər də aparılıb, başqa ölkələrdə yayılıb. Görkəmli şairimiz Nizami Gəncəvinin əsərləri də məhz bu yolla yayılıb, bölgəyə gələn sənətkarlar Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaradıcılığından bu yolla xəbər tutub, öz yaradıcılıqlarında həmin abidələrin təsirindən bəhrələniblər.

Nurlana Əliyeva tarixi İpək Yolunun bərpasının ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıraraq qeyd edib ki, strateji cəhətdən əhəmiyyətli olan bu layihənin həyata keçirilməsində ən fəal tərəf Azərbaycan olub. Belə ki, Ulu Öndərin tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfransın keçirilməsi haqqında imzaladığı 1998-ci il 7 iyun tarixli Sərəncamı Azərbaycanın dünya birliyi ölkələri ilə inteqrasiyasının gücləndirilməsində müstəsna rol oynayıb. Rektor tarixi İpək Yolunun bərpasının dövlətimiz üçün iqtisadi faydasından və perspektivlərindən də ətraflı bəhs edib, konfransın işinə uğurlar arzulayıb.

İqdır Universitetinin rektoru professor Mehmet Haqqı Alma çıxışında qeyd edib ki, Türkiyənin də daxil olduğu region “Mərkəzi dəhliz” adlandırılan ən əhəmiyyətli hissəsidir və bura mühüm layihələrin həyata keçirilməsi üçün əlverişli coğrafi mövqeyə malikdir. Bu baxımdan Böyük İpək Yolu özünün tarixi əhəmiyyətini bu gün də qoruyur. Bu elə bir layihədir ki, avtomobil və dəmir yolu vasitəsiylə Çindən başlayaraq Mərkəzi Asiya ölkələri də daxil olmaqla nəhəng bir nəqliyyat yolunun Avropanın mərkəzinə qədər çatmasına şərait yaradır. Bu gün Türkiyədəki Marmaray ilə bağlantı halında olan Bakı–Tbilisi–Qars dəmir yolu xətti “Dəmir İpək Yolu” deyilən xəttin əsas hissəsini təşkil edir. Bu imkanlardan digər tərəfdaş ölkələr də istifadə edir. Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra isə qarşımızda daha böyük perspektivlər açılır. Ən əsası isə yol daha da qısalacaq, daşınma xərcləri azalacaq. Bununla birlikdə Naxçıvanın geostrateji əhəmiyyəti daha da artacaq.

Böyük İpək Yolunun türk dünyası üçün əhəmiyyətindən bəhs edən Türkiyənin Şeyx Ədəbalı Universitetinin rektoru, professor Baydemir Şükrü bildirib ki, türkdilli ölkələrin bu yol üzərində yerləşməsi onlar arasında iqtisadi-ticarət, həmçinin mədəniyyət sahəsində əlaqələrin inkişafına böyük töhfə verib. Müasir dövrün reallıqlarına nəzər yetirdikdə bir daha görürük ki, bu gün də Böyük İpək Yolu öz əhəmiyyətini qoruyur. Türkiyə və Azərbaycanın bu məsələdə aparıcı rol oynaması, enerji, nəqliyyat sahələrində birgə beynəlxalq layihələr həyata keçirməsi Böyük İpək Yolunun canlanmasına rəvac verir və bu, regional inkişafa yol açır. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə türk dünyası ilə Türkiyə arasında ticarət əlaqələri genişlənəcək. “Türk qapısı” adlandırılan Naxçıvan bu məsələdə mühüm rol oynayacaq.

“Böyük İpək Yolu və Naxçıvan” mövzusunda çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev diqqətə çatdırıb ki, Şərqlə Qərb arasında mühüm məntəqə sayılan və Azərbaycanın qədim zamanlardan inkişaf etmiş mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən olan qədim Naxçıvan ərazisi Yaxın Şərqin ticarət mərkəzləri ilə Cənubi Qafqazı, Orta Asiyanı və Uzaq Şərq ölkələrini əlaqələndirən əsas karvan yolları üzərində yerləşirdi. Bu ərazi Avropa və Yaxın Şərq ölkələrinin həyatında hələ qədim dövrlərdən çox mühüm siyasi, strateji və iqtisadi rol oynayırdı. Bunu vaxtilə bu ərazidən keçən beynəlxalq ticarət yollarının aktiv fəaliyyəti ilə daha aydın izah etmək olar.

Elbrus İsayev deyib: “Orta əsrlərdə Azərbaycanın inkişaf etmiş ticarət şəhərləri içərisində Naxçıvan, Ordubad, Azad, Gilan və Qarabağlar şəhərləri xüsusilə fərqləniblər. Naxçıvan bölgəsinin şəhərləri içərisində nəinki Azərbaycanda, hətta Yaxın Şərqdə qədim mədəniyyət mərkəzlərindən, şəhər mədəniyyətinin yarandığı ilk ocaqlardan biri olan Naxçıvan şəhəri xüsusi yer tutur. Şəhərin İpək Yolu üzərində yerləşməsi onun inkişafına böyük təsir göstərib”.

Konfransda Türkiyənin Milli Savunma Universitetinin professoru İbrahim Ethem Atnur “Yüzillik bir arzu: Zəngəzur dəhlizi və Naxçıvanın strateji mövqeyi”, AMEA Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktoru müavini, dosent Tofiq Nəcəfli “Böyük İpək Yolunun Azərbaycan şəhərlərinin inkişafındakı rolu”, Ərzurum Atatürk Universitetinin rektoru, professor Kərəm Karabulut “Zəngəzur dəhlizi: Naxçıvan-İqdır-Qars dəmir yolunun önəmi” mövzularında çıxış ediblər. Məruzələrdə Naxçıvanın Böyük İpək Yolu üzərində yerləşən mühüm geosiyasi, strateji və coğrafi məntəqə kimi rolundan, eləcə də 44 günlük Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi nəticəsində açılması planlaşdırılan Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs olunub. Vurğulanıb ki, Zəngəzur dəhlizinin açılması və gələcəkdə Naxçıvan-İqdır-Qars dəmir yolunun çəkilməsi ilə birlikdə Naxçıvan regionda beynəlxalq logistika, eyni zamanda türk dünyasını birləşdirən mühüm tranzit mərkəzinə çevriləcək.

Tədbirdə xatirə hədiyyələri təqdim edilib. Bədii hissədə Azərbaycanın milli musiqiləri səsləndirilib.

“Beynəlxalq İpək Yolu və Naxçıvan” mövzusunda beynəlxalq elmi konfrans bölmə iclasları ilə davam edib. Bölmə iclaslarında “İkinci Qarabağ müharibəsi, yeni geosiyasi reallıqlar və Naxçıvan məsələsi”, “Tarixi İpək Yolu və Azərbaycanın iqtisadi regionları”, “Naxçıvanın İpək Yolu ticarətindəki tarixi yeri və önəmi”, “Zəngəzur dəhlizi, İpək Yolu: maraq, mənafe və ziddiyyətlər” və digər mövzularda məruzələr dinlənilərək müzakirələr aparılacaq. Qeyd olunan mövzularla bağlı konfransa 150 məqalə təqdim olunub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR