Daşkənddə Özbəkistan-Azərbaycan münasibətlərinə dair beynəlxalq elmi-praktiki konfrans keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetində Özbəkistan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Beynəlxalq Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsi və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və iştirakı ilə “Özbəkistan-Azərbaycan dövlətləri arasında inkişaf tarixi, yeni dövr və əməkdaşlıq perspektivləri” beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Agsaqqallar.com AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış Füzuli adına Mədəniyyət və Tədqiqat Mərkəzi ilə tanış olublar.

Universitetin tədbirlər zalında keçirilən konfransı giriş sözü ilə açan Beynəlxalq Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədri Rustambek Qurbanov iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərindən söz açaraq bu münasibətlərin ölkə rəhbərliyi səviyyəsində çox yüksək dəyərləndirildiyini qeyd edərək mövcud əlaqələrin möhkəmlənməsində və inkişafında hər iki ölkənin dövlət qurumlarının, diasporaların dəstəyinin vacibliyini də vurğulayıb.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan ilə Özbəkistan arasındakı dostluğun əbədi olduğunu qeyd edərək bu əbədi əməkdaşlığın təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Heydər Əliyevin müstəqil Azərbaycanın banisi olduğunu qeyd edən Fuad Muradov Ulu Öndəri Azərbaycan mədəniyyətinin, dilinin, tarixinin, milli-mənəvi dəyərlərinin qoruyucusu olduğunu vurğulayıb. İki qardaş ölkə arasında əlaqələrinin möhkəmləndirilməsində diasporların və bu sahə üzrə cavabdeh olan dövlət təşkilatlarının xidmətlərinin əhəmiyyətindən söz açan F.Muradov gələcəkdə bu sahədə mühüm addımların atılmasının zəruriliyini qeyd edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qədim köklərə malik Azərbaycan və özbək xalqları arasındakı dostluq, qardaşlıq münasibətlərinin ən gözəl nümunələri kimi liderlərimiz Heydər Əliyev və Şərəf Rəşidov tərəfindən yaradılmış dostluq əlaqələrini qeyd edib. O, dövlət başçılarımızın səyləri nəticəsində dövlətlərimizin artıq strateji müttəfiq olduqlarını vurğulayıb.

Özbəkistanda Azərbaycan diaspora təşkilatının sədri Mobil Məmmədov və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov Özbəkistanda yaşayan millətlər, o cümlədən soydaşlarımız üçün hər bir şəraitin yaradıldığını qeyd edərək burada yaşayan azərbaycanlıların Özbəkistanın ictimai-siyasi həyatında da yaxından iştirak etdiklərini vurğulayıblar.

Digər natiqlər də öz çıxışlarında Özbəkistan-Azərbaycan dostluq, qardaşlıq münasibətlərinin tarixindən, perspektivlərindən söz açaraq müxtəlif sahələr üzrə iki qardaş ölkə arasında əməkdaşlığın, qarşılıqlı münasibətlərin inkişafının əhəmiyyətini vurğulayıblar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR