“Sənayedə uğurlu islahat və tərəqqi məhz Ulu Öndərin adı ilə bağlıdır” – Oruc Məmmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Oruc Paşa oğlu Məmmədov 1946 cı il avqustun 7-də Qərbi Azərbaycanda Vedi rayonun Şirazlı kəndində anadan olmuşdur. 1953–1964 cü illərdə Ağdaş rayon Qalqəti kənd orta məktəbində oxumuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1965-ci ildə Azərbaycan Politexnik İnstutunun mexanika fakultəsinə qəbul olunmuş və 1970 ci ildə bitirmişdir. 1990-cı ildə 29 saylı seçki dairəsindən ali qanunverici orqana üzv seçilmiş, 1995-ci ildə Milli- Sənaye-İqtisadiyyat Komissiyasının üzvü olmuşdur. 1995-ci ilin aprel ayından Rusiya Federasyasının Keyfiyyət problemləri Akademiyasının müxbir üzvü seçilmişdir. 1995-ci ilin noyabr ayında 16 saylı Sabunçu seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilmişdir. Fəaliyyətinə görə bir çox mükafatlara layiq görülüb.
Bir neçə əhəmiyyətli səmərələşdirici elmi təklifin müəllifi, texniki elmlər namizədidir.
Uzun müddətdir ki, Sabunçu Maşınqayırma Zavodunun direktorudur.
————————————————————————–

Müstəqilliyimizin banisi, türk dünyasının fəxri, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyası Azərbaycanı böyük uğurlara qovuşdurdu. Dünya iqtisadiyyatına inteqrasiya, sosial-iqtisadi inkişaf, islahatlaşdırma, xalqın rifahının yüksəldilməsi prioritet məsələyə çevrildi. Bütün sahələrdə olduğu kimi Azərbaycan sənayesinin inkişafında da Heydər Əliyevin müstəsna xidmətləri var.
Ulu Öndər hələ SSRİ-nin mövcud olduğu bir vaxtda, 1969-1982-ci illərdə ölkəmizə rəhbərlik edərkən, iqtisadiyyatımızın və sənayemizin inkişafında mühüm addımlar ataraq xalqın rifahının artması üçün önəmli tədbirlər həyata keçirib. Ümummilli lider Heydər Əliyev kənd təsərrüfatının inkişafı ilə yanaşı sənayenin inkişafına da böyük önəm verirdi. Ulu Öndərin Azərbaycan sənayesinin və iqtisadiyyatının inkişafına verdiyi töhfələr ölkənin gələcəyinin uğurlu təminatı oldu. O dövrdə Azərbaycanın şəhər və rayonlarında sənayenin inkişafı güclənərək 1982-ci ildə əvvəlki illərə nisbətən 2,7 dəfə çoxaldı. Xüsusilə qeyd edim ki, 1969-cu ilədək Azərbaycanda 735 sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin rəhbərlik etdiyi illərdə onların sayı 1048-ə çatdırılıb.
Neft-kimya sənayesinin, maşınqayırma və metal emalının, yüngül və yeyinti sənayesinin xüsusi çəkisi 14,8 faizdən qalxaraq 75,6 faiz təşkil edib. 1970-1982-ci illərdə şərabçılıq sənayesinin istehsal həcmi 4 dəfədən çox artaraq respublikanın bütün sənaye istehsalının həcminin 1/7 hissəsini təşkil edib.
Ulu öndər sənayenin inkişafı üçün dövlətin “İnkişaf Proqramı”na uyğun olaraq bu sahəyə dövlət dəstəyini artırıb. Məqsəd maşınqayırma sənayesi məhsullarına olan daxili tələbatın ödənilməsinə nail olmaq, digər istehsal və xidmət sahələrinin inkişaf etdirilməsi, ölkənin ixrac potensialının artırılması, yeni iş yerlərinin açılması üçün lazımi şəraitin yaradılması idi. Hər şey xalqın istəyinə uyğun olaraq yaradılırdı. Rifah halının yüksəldilməsi prioritet məsələyı çevrilmişdi. Ölkədə təcrübə-sınaq mərkəzləri yaradılır, beynəlxalq standartların tətbiqi dövlət proqramına uyğun olaraq həyata keçirilir, neft-mədən və neft-kimya sənaye sahələri üçün avadanlıqlar alınır, maşın və mexanizmlərin istehsalının genişləndirilməsi, yeni neft-mədən avadanlıqlarının işlənilməsi və sınaq nümunələrinin hazırlanması üçün lazımi tədbirlər həyata keçirilirdi. Bu sahənin elmi-texniki bazasının möhkəmləndirilməsi və keyfiyyət göstəricisi ixrac potensialını da artıracaqdı.
Heydər Əliyevin uzaqgörən siyasəti ölkəni hər zaman işıqlı gələcəyə götürüb. Sənayedə aparılan uğurlu islahatlar Azərbaycanda tərəqqiyə doğru inamlı dönüş yaratdı. Sosial-iqtisadi yüksəlişə, sənayenin inkişafına açılan geniş meydan ölkəyə xarici sərmayələri cəlb edə bilib və iqtisadiyyatımızda yüksəliş dövrü başlayıb.

Mən 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirdikdən sonra Sabunçu Maşınqayırma zavodunda nəzarətçi usta vəzifəsində çalışmağa başladım. 1972-ci ildə mexaniki yığma sexində rəis müavini, 1974-cü ildə sex rəisi, 1978-ci ildən 1983-cü ilə qədər istehsalat üzrə direktor müavini vəzifəsində çalışmışam. 1983-cü ildən isə Sabunçu Maşınqayırma Zavodunun direktoruyam. Mənim işlədiyim dövrlər Ulu öndərin Azərbaycan sənayesinin inkişafına böyük diqqət ayırdığı vaxtlara təsadüf edir. Sovet imperiyasının xarakterinə dərindən bələd olan, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyev zəkası və zəngin idarəçilik qabiliyyəti ilə Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. Məhz Ulu öndərin sayəsində 1970-1985-ci illərdə, respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Azərbaycan mühüm istehsal sahələrinə görə SSRİ-də aparıcı yerlərdən birini tuturdu. Təsəvvür edin, 65 xarici ölkəyə 350 adda məhsul ixrac olunurdu. Bu inkişaf iri sənaye müəssisəsi olan Sabunçu Maşınqayırma Zavodundan da yan keçməmişdi. O zaman zavodumuz köhnə, acınacaqlı halda, balaca bir zavod idi. Heydər Əliyevin məxsusi səyi nəticəsində zavod yenilənərək böyüdü. Üç böyük sexin açılması, müasir texnologiya ilə təchiz olunması dünya standartlarına uyğun neft-mədən avadanlıqlarının istehsalına start verdi. Zavodun istehsal etdiyi 8 adda əsas avadanlıq milli sertifikat alaraq, ümumilikdə istehsal sahələri və layihələşdirmə üzrə dünya standartı İSO-9001 sertifikatına layiq görüldü.
Heydər Əliyev işinə məsuliyyətlə yanaşan və dəqiqliyi sevən bir şəxsiyyət idi. Sadə, səmimi olduğu qədər də tələbkar və diqqətcil idi. Milli rifah yüksəldikcə, inkişaf gücləndikcə işə olan həvəsimizin artması ümummili liderin strateji qərarlarından qaynaqlanırdı. Onu xalqa sevdirən qətiyyəti və xalqın rifahı naminə verdiyi strateji qərarlar idi. Heydər Əliyevin zəkası və düşünülmüş siyasəti Azərbaycanı hər zaman böhran vəziyyətindən xilas edə bilirdi. Böyük düha hakim kommunist partıyasının rəhbərliyi ilə mübarizə apararaq doğma xalqına qarşı baş vermiş haqsızlıqların əleyhinə çıxdı. Ağır və təhlükəli şəraitdə doğma Azərbaycanın gələcəyi naminə böyük və çox cəsarətli addımlar atdı. Və o addımlar da bizi müstəqilliyə götürən yolun başlanğıcı oldu.

Müstəqilliyimizin banisi, adı milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılan Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsi dağılmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə dayanan Azərbaycanı xilas etdi. İqtisadiyyatımız tənəzzülə uğramış, bəzi qüvvələr öz çirkin niyyətlərini həyata keçirmək üçün hərəkətə keçmiş, erməni vandalizmi Dağlıq Qarabağı işğala məruz qoymuşdu. Xalq nicatın kimdə olduğunu yaxşı bilirdi. Ölkə və xalq onu candan sevən, ürəkdən bağlı olan bir rəhbəri gözləyirdi. Və xalqın tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəldi. Azərbaycanın dahi oğlu yaraları sarmağa gəlmişdi, onu qarşıda ağır və çətin missiya gözləyirdi. Onun gəlişilə atəşkəs elan edildi və nizami ordu yaradıldı. Uzaqgörən siyasəti nəticəsində Azərbaycan iqtisadiyyat dirçəlməyə başladı və ölkənin siyasi nüfuzu artdı.
Mən iki çağırış Milli Məclisin deputatı seçilmişəm. 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin xalq deputatı, 1995-2000-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşam. Ümumiyyətlə, Ulu Öndərin rəhbərliyi altında işləmək qürurverici idi. Bütün dünyanı heyrətə gətirən zəkası, dövlətçilik xətti, siyasi kursu, iqtisadi inkişaf göstəricilərinə görə dünyanın aparıcı dövlətləri ilə bir sıraya yüksəlmək iddiasının uğurlu nəticələrinə nail olan bir şəxsiyyətin rəhbərliyi altında işləmək zövqverici olmasıyla yanaşı, çiyinlərimizə böyük məsuliyyət yükü qoyurdu. Ölkə rəhbərilə Milli Məclisdə, konfrans və tədbirlərdə görüşərdik. Adım çəkilən kimi zavodumuz və gördüyümüz işlər barədə anında fikir söyləyərdi. Mən də hamı kimi onun zəkasının vurğunu idim. Güclü yaddaşa malikdi. Heç nəyi unutmaz, heç nəyi diqqətdən yayındırmazdı. İllər sonra dəqiqliklə xatırlardı.
Ulu öndərlə ən yaxın münasibətim 1997-ci ildə Polşaya rəsmi səfərdə oldu. Mən də nümayəndə heyətinin tərkibində idim. Azərbaycanın iqtisadi gücünün artmasında maşınqayırma sənayesinin də əhəmiyyətli rolu vardı. Heydər Əliyevin sənayenin inkişafına verdiyi önəmin nəticəsi idi ki, zavodun istehsal etdiyi neft və qazçıxarma avadanlıqları, müxtəlif təyinatlı qurğular həm ölkəmizdə, həm də bir sıra xarici ölkələrdə yüksək qiymətləndirilirdi. MDB ölkələri ilə yanaşı Avropa və Asiya ölkələri ilə də sıx iqtisadi əməkdaşlıq əlaqələri yaradılmışdı. Bazar iqtisadiyyatının tələbinə uyğun kəskin rəqabətdə uğur qazanmağa çalışan müəssisə rəhbəri kimi kollektivimizlə birgə keyfiyyətə önəm verir, məhsulun beynəlxalq standartlara uyğun istehsalına, yeni çeşidli məhsulların buraxılmasına nail olurduq. Böyük düha ilə yol yoldaşı olmağın fəxarətini yaşayırdım. Bu elə hissdir ki, anlatmaq çətindir. Çünki Heydər Əliyev elə şəxsiyyət idi ki, bütün dünyanı heyrətləndirə bilmişdi. Hər kəs onunla yaxından ünsiyyətdə olmaq arzusunda idi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Polşa Respublikasının Prezidenti Aleksandr Kvasnevskinin dəvəti ilə bu ölkəyə səfərə getmişdi. 1997-ci il avqustun 26-da başlayan rəsmi səfər avqustun 28-də başa çatdı. Səfər zamanı prezidentlər Azərbaycan-Polşa ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məsələlərini və beynəlxalq aləmdə vəziyyəti müzakirə etdikdən sonra Heydər Əliyev Azərbaycanın Polşa ilə əməkdaşlığını özünün xarici siyasətinin mühüm tərkib hissəsi hesab etdiyini bildirdi. Həmin görüş iki ölkə üçün də əhəmiyyət kəsb edirdi. Ümummilli liderin xarici siyasətinin əsas prioritetlərindən biri də xarici ölkələrlə əlaqələrin genişlənməsi idi. İki ölkə arasında sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Dostluq və Əməkdaşlıq haqqında bəyannamə imzalandı. Bu görüşdə Heydər Əliyevin çıxışı yaddaşıma əbədi həkk oldu: “İndi Azərbaycan müstəqil, suveren dövlətdir. Azərbaycan 1918-ci ildə əldə etdiyi öz dövlət müstəqilliyini 1920-ci ildə itirdikdən sonra 1991-ci ilin axırlarında Sovet İttifaqının süquta uğraması ilə əlaqədar bu müstəqilliyi yenidən qazanmışdır. Amma bu müstəqillik artıq əbədidir, həmişəlikdir. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə qətiyyətlə gedir. Biz iqtisadi islahatları uğurla həyata keçiririk və artıq müsbət nəticələrə nail olmuşuq. Azərbaycanda köhnə rejim, köhnə sistem, kommunist ideologiyası yoxdur və olmayacaqdır. Bizim yolumuz azad, müstəqil inkişaf, demokratiya yoludur, dünyanın bütün mütərəqqi ölkələrinin getdikləri yoldur. Bütün bunlar Polşa ilə Azərbaycan arasında münasibətləri daha da möhkəmlətmək və inkişaf etdirmək üçün yaxşı əsasdır”.
Polşa səfərimiz mənim iş həyatıma yeni bir rəng verdi. Ölkəm üçün, dövlətim üçün görüləcək bütün işlərə böyük stimul oldu. Bu səfərdə ümummili liderimiz cənab Heydər Əliyev məni Polşa Respublikasının prezidenti Kvasnevskiyə təqdim etdi. Millət vəkili kimi Polşa prezidenti ilə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi yolları barədə fikir mübadiləsi apardıq. Rəsmi hissədən sonra Ulu Öndərlə çay süfrəsində həmsöhbət olmaq imkanı yarandı. Və o zaman onun tələbkar, məsuliyyətli, diqqətcil olması ilə yanaşı, nə qədər sadə, səmimi və mehriban bir insan olmasının yaxından şahidi oldum.
1990-1998-ci illərdə Ulu Öndərin Milli Məclisdə Yeni Azərbaycan Partiyasından seçilmiş deputatları ilə keçirdiyi bütün görüş və iclaslarda iştirak etmişəm. Millət vəkili olaraq onun uzaqgörən siyasətinin bir daha şahidi olmuşam.
26 fevral 1993-cü ildə yaranan Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatının ilk konfransının ilk çıxışçısı olmaq nəsibim olub. Partiyanın İdarə Heyətinin üzvü və sonralar seçki qərargahının üzvü kimi fəaliyyət göstərmişəm. Çətin və ağır illər idi. İmperiyanın caynağından qopan, müstəqilliyinin qazanmış xaos və anarxiya girdabında çabalayan Azərbaycan mənfur erməni işğalıyla üzləşmiş, Kremlin milli ayrı-seçkilik siyasəti nəticəsində ədalətsiz müharibəyə cəlb edilmişdi. Vəzifə həvəsində olan xainlər at oynatığı bir şəraitdə Azərbaycanda ilk ümumxalq seçkisi keçirilmiş və xalq öz seçimini etmişdi.
Azərbaycan sənayesinin inkişafında atılan ilk addım, iqtisadiyyatını böhrandan qutaran, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyanın aparıcı dövlətlərinin diqqətini özünə cəlb edən Azərbaycan Ulu Öndərin xidmətlərini heç zaman unutmayacaq. Böyük, aparıcı dövlətlərin neft şirkətlərinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana həm də ən müasir innovasiya və informasiya texnologiyalarını da gətirdi.
Ümumiyyətlə, Heydər Əliyev Azərbaycanın memarı olmaqla yanaşı, həm də qurub-yaratdığı, bizə miras qoyduğu dövlətçilik ənənələri ilə ölkənin tarixdə yaşaması, məhv olmaması üçün həlledici addım atıb. Bu gün milli dövlətçiliyimizin ideoloji əsaslarının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü fəaliyyətinin bəhrəsini görürük. Azərbaycanın hərtərəfli inkişafını təmin edən təkmil irsi onun layiqli davamçısı, qalib sərkərdə, Heydər Əliyev siyasi məktəbinin yetirməsi möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə davam edir. O, atasının-ümummilli liderimizin vəsiyyətinə əməl edərək Qarabağımızı, Şuşamızı bizə qaytaran və adını tarixə qızıl hərflərlə yazdıran sərkərdə olaraq ümumtürk tarixində yaşayacaq.
Eyni zamanda dövlət başçsısına öz uğurlu fəaliyyəti ilə dəstək verən, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın da həyata keçirdiyi bütün işlər Heydər Əliyevin qoyduğu yolun, açdığı cığırın davamıdır.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR