28 May -Respublika Günü
Hər bir xalqın tarixində geniş, işıqlı bir yol var. Azadlığa gedən yolun uğurla başa çatdığı bir gün Azərbaycan xalqının unudulmayan şanlı bir günü -1918-ci il 28 may müstəqillik günü olaraq tarixə yazıldı.
Müstəqillik bir millətin ümid üfüqlərinin genişlənməsi, mənəvi səfalətlərdən qurtulması, ruhani rəzalətdən uzaqlaşmasıdır. Çünki istiqlala qovuşmuş bir xalq illərin boşluqlarını doldurmağa səy edər və könlünü fəzanın dərinliklərindən gələn feyizlərlə açar. Belə bir xalq dünyanın bütün zalım güclərinin çirkli əllərindən kənarlaşdığına görə illərlə inlədiyi vadiləri zirvələrə əvəzləşdirər.
Müstəqillik yeni bir dünyagörüşlü millətlərin önündə sabahın təməl mədəniyyətini qurmağa göstərilən xalq iradəsinin təzahürüdür. Müstəqillik dərinləşmək, tarixin əngəlliklərinə səyahət etmək, mədəniyyətlərin sərhədlərindən içərilərə yönəltmək, dünyanın ümumbəşəri dəyərlərini tədqiq etmək, müasir texniki tərəqqinin təsiri altında qalmadan milli müvazinəti tənzimləməkdir. Belə bir tənzimləmə sistemi xalqın tarixini zirvələşdirər, axıb gedən zaman selinə heç bir dəyərini uddurmaz.
Yüz ilin müstəmləkə zülmünün əsasını dadmış Azərbaycan xalqı 1927-ci ilin fevral burjua-demokratik inqilabını digər məzlum xalqlar və imperiyanın bütün demokratik qüvvələri ilə birlikdə ümidlərlə qarşılaşdı. 1918-ci ilin may ayının 26-da gürcü nümayəndələrinin Zaqafqaziya seymini tərk edərək müstəqil Gürcüstan Demokratik Respublikası elan edilməsindən Azərbaycanlı deputatlar məharətlə istifadə etdilər. Belə ki, onlar may ayının 27-də istiqlaliyyət yoluna ilk və ən böyük addım sayılan Azərbaycan Milli Şurasını yaratdılar. Milli Şuranın sədri Müsavat Partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə, müavini vəzifəsinə isə Həsən bəy Ağayev seçildi.
Milli Şuranın Tiflisi şəhərində toplanmış 28 may tarixli iclasında 24 səslə (2 nəfər əleyhinə) Azərbaycan müstəqilliyi haqqında “İstiqlal bəyənnaməsi” qəbul edildi. Iclasda Həsən bəy Ağayev, Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nədib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Nəriman Nərimanov, Mehdi bəy Hacınski, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Rəhim bəy Vəkilov, Həmid bəy Şaxtaxtinski, Firudin bəy Köçərli, Şəfi bəy Rüstəmbəyli, Xosrovpaşa bəy Sultanov, Cəfər Axundov, Molla Axundzadənin iştirakı ilə Azərbaycan Milli Şurası, Azərbaycanın istiqbal haqqında aşağıdakı bəyannaməni elan etdi: -28 may tarixindən etibarən Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan Xalqaları suveren hüquqlara malikdirlər. Azərbaycan tam müstəqil dövlətdir. Müstəqil Azərbaycanın siyasi qurtuluş forması demokratik respublikadır. – Azərbaycan Demokratik Respublikası öz sərhədləri daxilində milliyətindən, dinindən, sosial vəziyyəti və cinsindən asılı olmayaraq bütün vətəndaşlara vətəndaşlıq və siyasi hüquqlar təmin edir.
Azərbaycan Demokratik Respublikası bütün millətlər, xüsusilə qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa çalışır.
Azərbaycan Demokratik Respublikası öz ərazisi daxilində yaşayan bütün millətlərin inkişafı üçün azad və bərabər imkanlar yaradır.
Milli Şura bitərəf Fətəli Xan Xoyskiyə Azərbaycan Xalq Cümhuriyyətinin Müvəqqəti hökümətini təşkil etməyi tapşırdı. Fətəli xan Xoyski elə həmin gün hökümətin tərkibini bildirdi və Nazirlər Şurasının tərkibi təsdiq edildi.
Mayın 30-da Azərbaycanın öz istiqlalını bəyan etməsi dünyanın əsas siyasi mərkəzinə -İstanbul, Berlin, Vyana, Paris, London, Roma, Safiya, Vaşinqton, Buxarest, Tehran, Madrid, Moskva, Stokholm, Kiyev, Kopenhagen və Tokiya aşağıdakı radioteleqramla bəyan edilir.
Gənc Azərbaycan Dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə yaradılmışdır. Bakıda hakimiyyəti Stepan Şaumyanın başçılıq etdiyi daşnak- bolşeviklər ələ keçirmiş və Azərbaycanın türk-müsəlman əhalisinə qarşı dəhşətli soyqırıma başlamışdı. Rus generalları tərəfindən silahlandırılmış erməni quldur dəstələri Şərqi Anadolunun və Qərbi Azərbaycanın türk-müsəlman əhalisinə qarşı dəhşətli soyqırımı davam etdirirdilər. Azərbaycan xalqının cəlladları olan Stepan Şaumyan və Andranik əlbir fəaliyyət göstərərək müsəlmanları fiziki cəhətdən məhv etmək siyasətini həyata keçirirdilər. Neft Bakısını ələ keçirməyə çalışan xarici qüvvələr arasında rəqabət son həddə çatmış, bütün Cənub Qafqaz üçün yeni təhlükə – Bolşevik Rusiyasının təcavüzü yaxınlaşmışdı.
Azərbaycan xalqı öz tarixinin ağır yollarında qalmışdı. Azərbaycanı müstəqil elan etmiş Cümhuriyyət xadimləri məhz belə bir tarixi şəraitdə çaşqın vəziyyətə düşmüş və çıxış yolu tapa bilməyən xalqın önünə keçdilər.
Azərbaycan Demokratik Respublikası iki ildən az yaşamasına, iyirmi üç ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan xalqının rifahı və işıqlı gələcəyə istiqamətində çox əhəmiyyətli işlər həyata keçirdi: daxili siyasət sahəsində əhəmiyyətli addımlar atıldı. Suvari, piyada, topçu hər cür silaha malik olan nizami ordu yaradıldı. Kiçik hərbi donanma təşkil edildi. Milli zabit kadrları hazırlamaq üçün hərbi məktəblər yaradıldı. Parlamentin istifadə etdyi dil dövlət dili statusuna malik olan Azərbaycan türkcəsi elan olundu. Digər millətlərin nümayəndələrin öz çıxışlarını rus dilində edilməsi məqbul hesab edildi. Bununla belə rəsmi sənədlərin hamısı dövlət dilində tərtib edilirdi. Ölkənin daxilində əmin-amanlıq yaradıldı. Qarabağ ermənilərinin azğınlığına son qoyuldu. Naxçıvanı Ermənistanın işğal edilməsinə imkan verilmədi, ləğv edilmiş dövlət bankı bərpa edildi. Torpaq islahatına uyğun olaraq kəndliləri sələmçilərin əzabından xilas etmək üçün dövlət bankı bərpa edildiyindən milli kredit bankları xalqı çətinlikdən xilas etdi. Milli kadırlar hazırlamaq məqsədi ilə ali və orta ixtisas məktəbləri fəaliyyətə başladı. Kirovabad şəhərinin tarixi qədim adı Gəncə özünə qaytarıldı. Ağdama şəhər statusu verildi. Karyagin qəzası Cəbrayıl adlandırıldı.
1918-ci il noyabrın 9-da qırmızı, mavi və yaşıl rənglərindən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət dövlət bayrağı qəbul edildi. 1920-ci ilin aprelində dövlət gerbi qəbul olundu.
Sovet Respublikasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi nəticəsində A.X.C 1920-ci il aprel ayının 28-də süqut etdi. Çox az yaşamasına baxmayaraq A.X.C sübut etdiki ən qəddar müstəmləkə və represiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideyalarını və müstəqil dövlətçilik ənənələrini məhv edə bilmədi, Azərbaycan xalqı 1991-ci ildə yenidən istiqlal marşın oxumaq şərəfinə nail oldu.
Biz ölkəmizi, vətənimizi və insanlarımızı qəlbən sevməli onları qorumağı bacarmalıyıq. Azərbaycanımızın günü-gündən gözəlləşməsi, xalqımızın daha gözəl və firavan yaşaması bu dəyəri verdikcə millətimizin ruhundan istiqlal qığılcımları tarix boyu sönməyəcək.
Əsirlərlə düşmənlərimizin gözlərini oyacaq və bizi sevənlərin qəlbinə işıq saçacaqdır. Azərbaycan Respublikasının 1991-ci il may ayının 21-də verilmiş xüsusi fərmanı ilə may ayının 28-i dövlətimiz və xalqımız tərəfindən “Republika günü” kimi böyük sevinc və fərəhlə xüsusi ilə qeyd edilir.
Əli Qarayev
Yazıçı jurnalist, “Qızıl qələm” mükafatı laureatı