Özbəkistanda Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbirlər keçirilib – FOTOLAR
Özbəkistanın paytaxtı Daşkənddə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlər keçirilib.
Agsaqqa xəbər verir ki, Daşkənddəki Heydər Əliyev park-meydanında keçirilən mərasimdə iştirak edənlər əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyaraq, öz ehtiramlarını bildiriblər. Mərasimdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistan Senatının nümayəndələri, özbəkistanlı nazirlər, müxtəlif qurumların rəhbərləri, Özbəkistanda fəaliyyət göstərən səfirlər, elm, mədəniyyət, incəsənət, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Özbəkistan millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədri Rüstam Kurbanov, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistan Yazıçılar İttifaqının sədri, Xalq şairi Siracəddin Səyyid və digərləri Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıblar.
Qeyd edilib ki, Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin əsası Ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən qoyulub. Hazırda bu səmimi dostluq münasibətləri Azərbaycan və Özbəkistanın dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir.
Daşkənd şəhərindəki Mərkəzi Fotoqrafiya Evində davam edən tədbirdə Özbəkistan Rəssamlıq Akademiyasının rəhbəri, akademik Akmal Nur, Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Xasay Abdullayev və digər çıxış edən rəsmilər Ulu Öndər Heydər Əliyevin istər Sovet dövründə, istərsə də müstəqillik illərində Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıblar.
Çıxışların ardından tədbir iştirakçılarına Daşkənd şəhərindəki Mərkəzi Fotoqrafiya Evində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət sərgi təqdim olunub. Fotosərgidə Heydər Əliyev Fondunun Ulu öndərin irsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirdiyi layihələrə dair fotoşəkillər də yer alıb.