Omanın nüfuzlu “Hibr əl-Vətən” jurnalında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş məqalə dərc olunub
Omanın nüfuzlu “Hibr əl-Vətən” jurnalında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş məqalə dərc olunub
Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdə Azərbaycan Diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun müəllifi olduğu məqalədə bu günlərdə xalqımızın və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların dahi siyasətçi, Azərbaycanı parçalanma və məhv olma təhlükəsindən xilas edərək inkişaf və əmin-amanlıq yoluna çıxaran Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyi bildirilib. Omanlı oxucuların diqqətinə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub.
Məqalədə Heydər Əliyevin müdrik siyasətini davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad etdiyi, İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra ölkəmizin Ermənistanla hərtərəfli sülh sazişinin əldə edilməsi, regionda dayanıqlı sülhün və sabitliyin bərqərar olması istiqamətində səylərini davam etdirdiyi diqqətə çatdırılıb.
Xalqımızın Ümummilli Liderinin zəngin həyat və fəaliyyəti haqqında ərəb Oman ictimaiyyətinə ətraflı məlumat verən tədqiqatçı-alim qeyd edib ki, Heydər Əliyevin fədakarlıqla dolu həyatının hər bir anı Azərbaycan xalqı üçün iftixar mənbəyi və milli sərvətdir. Müəllif vurğulayıb ki, Ulu Öndər istər sovet hakimiyyəti, istərsə də müstəqillik illərində öz xalqının gələcəyi, rifahı və əmin-amanlığı üçün çalışıb. O, SSRİ-nin ali hakimiyyət orqanı olan Siyasi Büronun üzvü seçilib, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev həmin vəzifələrdə də doğma Vətəni naminə böyük işlər görüb. Dahi Lider misilsiz xidmətləri ilə öz adını tarix səhifələrinə qızıl hərflərlə yazdırıb. O, eyni zamanda, müasir Azərbaycan dövlətinin qurucusu kimi xalqın böyük ehtiramını qazanıb.