İlqar Yusibov: “Azərbaycandakı dayanıqlı sabitlik, milli birlik və həmrəylik üçün böyük dühaya minnətdarıq”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün ümummilli lider, Türk Dünyasının böyük sərkərdəsi Heydər Əliyevin yubiley günüdür. Bütün dünya azərbaycanlılarının böyük sevgisini qazanan, dühası, zəkası və yürütdüyü siyasəti ilə dünya xalqlarının qəlbində özünə taxt quran Ulu Öndərin 100 illiyi münasibətilə həm Azərbaycanda, həm də dünya ölkələrində müxtəlif tədbirlər, konfranslar həyata keçirilir.
Ümummilli lider ölkəmizin digər sahələri kimi Azərbaycan səhiyyə sisteminin və tibb elminin də inkişaf etməsinə bütün gücü ilə calışıb. Tibb elminin inkişafı, səhiyyə sisteminin modernləşməsi xalqın sağlamlığına verilən töhfə idi.

Azərbaycanın ən çətin dövründə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycanı düşdüyü çətin vəziyyətdən qurtara bildi və uzaqgörən siyasəti ilə ölkəni dünyaya tanıtdı. Heydər Əliyevin cızdığı siyasi xəritənin nəticəsidir ki, bu gün dünyanın lider dövlətləri Azərbaycanla hesablaşır.

Sovet imperiyasının tərkibindən çıxaraq müstəqillik qazanan Azərbaycanın hərc-mərclik dövründə xalqın bir xilaskara ehtiyacı vardı və o xilaskar da gəldi öz yurdunu qorumağa. XX yüzilliyin 90-cı illərində Azərbaycanın tarixinə daha bir şanlı səhifə həkk olundu. “İstiqlal savaşı” adlanan o qızıl səhifənin adı Heydər Əliyev idi. Bu savaş müqəddəs bir savaş idi. Bu savaş dünyanın dahi şəxsiyyətləri sırasına bir azərbaycanlının da adını artırdı!
Ulu Öndərin düşünülmüş siyasəti səhiyyəmizi də intibaha götürürdü. Artıq xəstəxana, poliklinikalar modernləşir, xəstələr xarici dövlətlərə üz tutmurdular. Ən cətin əməliyyatların aparılması üçün xəstəxanalar lazımi avadanlıqlarla təchiz olunurdu. Ümummilli liderin səhiyyə siyasətində apardığı prioritet istiqamətlərdən biri də yeni səhiyyə sisteminin qurulması idi. Bu sahədə mütərəqqi dəyişikliklərin aparılması üçün ilk addım atılmışdı. Belə ki, 1994–cü ildə Azərbaycanla BMT–nin Uşaq Fondu arasında Əməkdaşlıq Proqramı imzalandı. İlk işə də Quba rayonundan başlanıldı. Çünki, həmin keçid dövründə Quba səhiyyə sahəsində ən geridə qalmış rayon idi. Proqramın icra əhatəsi böyüdükcə ölkənin bir sıra rayonlarında böyük uğurlar əldə olundu, xəstəxana və poliklinikalar abadlaşmağa, inkişaf etməyə başladı.
Təbii ki, müstəqilliyin ilk illərində büdcənin boş olduğu bir vaxtda səhiyyənin maliyyələşdirilməsi ən böyük problemlərdən biri idi. Həmin ərəfədə böyük dühanın ilk işi xalqın sağlamlığı və ordu quruculuğu idi.
Məhz buna görə də Heydər Əliyev bu problemin həlli yolunu özəl səhiyyə sisteminin yaradılmasında gördü. Çünki, səhiyyəni ölkəmizdə fəaliyyət növünə çevirmək üçün qanun yaradılmalı idi. Və bu istiqamətdə hüquqi–normativ baza olan “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bazar iqtisadiyyatına yeni keçid edən ölkəmiz üçün bu vacib bir amil idi. Özəl səhiyyə sisteminin tətbiqi tibb işçilərinin də rifahının yaxşılaşması, yeni iş yerlərinin açılması idi. Minlərlə həkim, tibb bacıları işlə təmin olundular.
Əhaliyə göstərilən tibbi xidmətin yüksəlməsi, səhiyyədəki quruculuq bu sistemin çiçəklənən dövrü oldu. Bu gün Azərbaycanda çox güclü səhiyyə sistemi qurulub. İnsanlar artıq xarici ölkələrə üz tutmurlar. Bir çox xarici vətəndaşlar müalicə olunmaq üçün Azərbaycana gəlirlər.
Ulu Öndərin Vətən, xalq qarşısındakı xidmətləri danılmazdı. Bu Vətən, bu xalq heç vaxt öz xilaskarını unutmayacaq.
Bu gün bizə Zəfər şövkətini yaşadan müzəffər Ali Baş Komandanımız, Heydər Əliyev irsinin layiqli davamçısı İlham Əliyev ata vəsiyyətinə əməl edərək xalqımızı daha uğurlu gələcəyə götürür.
XXI yüzillikdə demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan
sürətli inkişafı ilə göz oxşayır. Xalqımız özünün daha parlaq gələcəyinə doğru ilham və inamla irəliləyir. Bu gün azad, abad ölkədə yaşadığımız, Azərbaycandakı dayanıqlı sabitlik, milli birlik və həmrəylik üçün böyük dühaya minnətdarıq.
Heydər Əliyev Azərbaycan cəmiyyətini saflaşdırmış, gələcək nəsillər üçün sivil dəyərlərə əsaslanan, milli-mənəvi dəyərləri yaşatmağa qadir olan bir ölkə miras qoymuşdur.
Qazanılan nailiyyətlər xalqımızın Ümummilli Liderinin uzaqgörən siyasətinin və bu siyasəti milli maraqlar çərçivəsində uğurla davam etdirən Prezident cənab İlham Əliyevin danılmaz xidmətləri ilə bağlıdır.
Bütün bunlar üçün hər bir azərbaycanlı dahi xilaskara, ümummilli lider Heydər Əliyevə borcludur!

İlqar Yusibov,
professor, TAİB İdarə Heyətinin üzvü,
“Xəzər” Klinikasının baş həkimi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR