9 May – Faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bəşər tarixinin üzləşdiyi ən ağır və dəhşətli dövrlərindən biri olan İkinci Dünya müharibəsində Azərbaycan xalqının müharibədə göstərdiyi qəhrəmanlıq faşizm üzərində qələbənin çalınmasında böyük rol oynadı.

Azərbaycanlıların İkinci Dünya müharibəsində iştirakı haqqında ulu öndər Heydər Əliyev demişdir: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir”.
Ölkəmiz hərbi əməliyyatların meydanına çevrilməsə də, müharibə başlayandan sonadək Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan resursları faşizmə qarşı müharibəyə səfərbər olunmuşdur. Xüsusilə neftçilərimizin qəhrəmanlığı sayəsində hər beş təyyarədən, tankdan, avtomobildən dördü Bakının emal zavodlarında istehsal olunan benzin və dizel ilə doldurulurdu. 1941-1945-ci illərdə Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması xalqımızın qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir.
Bildiyimiz kimi faşist Almaniyası Qafqaza, o cümlədən, Azərbaycana xüsusi diqqət yetirirdi. Hazırlanmış plana əsasən Bakı işğal olunmalıydı. Bu işdə faşistlərə “Daşnaksütun” partiyasının üzvlərindən yaradılmış xüsusi terrorçu qrup “kömək etməli” idi. Həmin plana əsasən, Qafqaz beş işğal rayonuna bölünməli və Bakının işğalı 1941-ci il sentyabrın axırına qədər başa çatdırılmalı idi. Bakı işğal ediləndən sonra onun nefti alman şirkətlərinin sərəncamına veriləcəkdi.
SSRİ-nin İkinci Dünya müharibəsini qazanmasında Azərbaycan xalqının xidmətlərinin miqyası ölçüyəgəlməzdir. Əlbətdə bu qələbə Azərbaycan xalqı üçün asan başa gəlməmişdi. Yüz minlərlə oğul və qızlarımız böyük fədakarlıq göstərərək canlarından keçdilər.
Azərbaycan xalqının qələbənin qazanılmasında töhfəsi təkcə ön cəbhə ilə məhdudlaşmayıb. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq göstərib. İkinci Dünya müharibəsinin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş rejiminə keçdi. Respublikanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəldi.
Müharibədə böyük qəhrəmanlıq göstərən oğul və qızlarımız Sovet İttifaqının ən yüksək orden və medalları ilə təltif ediliblər. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşmüşdür.
Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə Günündə müharibənin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir.
Azərbaycan xalqı İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçən hər bir qəhrəman övladını unutmayacaqdır. Onların müharibədə göstərdikləri şücaət gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.

Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR