Dünya siyasətində Ərdoğan məktəbi: dürüstlük, mübarizə, qətiyyət

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Mayın 14-də Türkiyədə prezident seçkisi keçiriləcək. Bütün dünyanın maraqla gözlədiyi seçki Türkiyə tarixinin ən önəmli hadisələrindən biri sayılır ki, bu da təsadüfi deyil. Müxtəlif transmilli media quruluşları başda olmaqla dünya mətbuatı seçkiyə xüsusi önəm verir. “The Economist”, “Time” və s. kimi dərgilərdə yer alan yazılarda qərəz açıq-aydın hiss olunur. “Altılı Masa” demokratik düşərgə kimi təqdim olunur, mövcud hökumət isə əksinə. Adıçəkilən media quruluşlarının hara bağlı olduğunu nəzərə alsaq əslində qlobal savaşın dövlətlərin daxilinə də sıçradığını görə bilərik.

Ərdoğan dünya mediasında nəyə görə hədəfə alınır?

Növbəti dönəmdə də Ərdoğanın seçilməsi nə üçün vacibdir?

Azərbaycanlılar Ərdoğanın qələbəsini nəyə görə arzulayırlar?

Dünyanın təpəsində bir çöküş var və bu çöküş fonunda qlobal qarşıdurma yaşanır. Savaş elə bir çapdadır ki, bunun təsir edə bilməyəcəyi nəinki dövlətlər və xalqlar, bir fərd belə yoxdur. İndiyə qədər dollar liderliyində dünyaya hakim olan maliyyə sistemi dağılır. Bunun nəticəsində Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq Ödəmələr Sistemi və digər nəhəng quruluşların dünya iqtisadiyyatına yön vermə erası bitir. Təbii ki, bu da özü ilə bərabər iqtisadi dağıntılar, siyasi və hərbi böhran gətirir. Bu fürsətdən yararlanmağa çalışan dövlətlər faiz sistemindən xilas olmağa çalışırlar. Nəticədə dünya ilkin mərhələdə ən azı iki qütbə bölünmə mərhələsinə qədəm qoyur.

Bu kritik dönəmdə cəsarətli, qətiyyətli, ağıllı, bəzən də riskli siyasi həmlələrə ehtiyac var. Hazırda Rəcəb Tayyib Ərdoğan bu siyasəti uğurla yürüdən dünya çapında böyük bir siyasi liderdir. Ərdoğan dünyada qlobalçılara, onların formalaşdırdığı beynəlxalq təsisatlara qarşı son dönəmlərə qədər açıq şəkildə meydan oxuyan və gerçəkləri dilə gətirən demək olar ki, yeganə lider idi. “Daha adil bir dünya düzəni mümkün” kitabı, dünyaca məşhur “dünya beşdən böyükdür” şüarı hər şeyi açıq şəkildə ifadə edir.

Müxtəlif üslublarla oyanışa səsləniş…

Ərdoğan eyni zamanda müxtəlif zamanlarda fərqli üslublarda və şeir dili ilə də dünyada köklü dəyişimin qaçılmaz olduğunu, vəhşi düzənin dəyişəcəyini, bunun üçün də sıxıntılı günlərdən qorxmamağımızı, qalib olacağımızı əminliklə və qətiyyətlə vuğrulayır və toplumu buna hazırlayırdı. Məsələn, “ve bir devrim, evvela devrimi devirecek”, ufka bir bak yiğidim, inkılaba az kaldı”, “bir sabah gələcək kardan aydınlık” ifadələrilə də xalqa fikirlərini çatdırır, xalqı oyanışa səsləyirdi…

Bəzi siyasi çevrələr Ərdoğanın iqtidara gəldiyi dönəmlərdə Amerikada keçirdiyi görüşləri əsas gətirərək “imperialistlərin dəstəyi ilə hakimiyyətə gəlib” və “FETÖ ilə yan-yana yürüyüb” fikirlərlə manipulyasiya edirlər. Əslində gerçəklik nədən ibarətdir? Bunu anlamaq üçün bir dönəm arxaya baxmaq zorundayıq. Ərdoğan Milli Görüş Hərəkatında Ərbəkan məktəbi keçmiş bir siyasi liderdir. Milli Görüş Hərəkatının lideri rəhmətlik Nəcməddin Ərbəkan bütün fəaliyyəti boyu ədalətsiz dünya düzəni və faiz lobbisinə qarşı açıq şəkildə savaşan bir dövlət xadimi idi. Onun “Adil ekonomik düzən: faizsiz dünya” adlı kitabı bu günkü savşların mahiyyətinə işıq tutan bir əsərdir.

Ərbakanın idealları və bu günün Türkiyəsi

Türkiyənin 33-cü Baş Naziri mərhum Nəcməddin Ərbəkan 1996-cı ildə Qərbin dəstəyi olmadan hakimiyyəti gəldi. Qərbin istəklərinə qarşı çıxaraq, Türkiyənin milli mənafelərinə uyğun olan müstəqil siyasət yürütməyə başladı və çox qısa zaman müddətində NATO tərəfindən devrildi. 38 yaşında professor olan, Türkiyədə ilk mühərrik fabrikini quran bu böyük zəka sahibinə antimilli media tərəfindən gerilikçi damğası vuruldu.

Bundan sonra bir həqiqət daha aydın göründü. Qərbin dəstəyi olmadan hakimiyyətə gəlmək olar, amma hakimiyyətdə qalmaq olmaz. Belə olan halda daxildə mümkün qədər təmizlik aparana, iqtisadi asılılığı azaldana və müdafiə sənayesi ilə bağlı işlər müəyyən səviyyəyə çatana qədər Qərblə və onların daxildəki rıçarqları ilə oynamaq şərt idi. Bu gizli layihə uğurla davam etdirildi. Eyni mübarizəni açıq şəkildə aparan Mühsin Yazıcıoğlunun şəhid edilməsi seçilən yolun nə qədər düzgün olduğunu bir daha sübut edir. Türkiyənin bu günkü səviyyəsi göstərir ki, Vaxtilə Ərdoğanla münasibətlərini bilərəkdən “soyuqlaşdıran” Ərbakanın bütün idealları həyata keçirilib. Əgər biz, manipulyativ ifadələrlə pərdəarxasındakı həqiqətin fərqini görmək istəyiriksə o zaman Ərbakanın çıxışlarına və bu günün Türkiyəsinə baxmaq kifayətdir. Təkcə bu paralellik əslində Türkiyənin nə etmək istədiyini və hansı nəticələri əldə etdiyini görmək üçün yetərlidir.

Vaşinqtonun sifətinə vurulan tərs sillə

Qardaş ölkədə ölkə idarəçiliyi ilə bağlı durumun nə qədər vahiməli olduğu 2016-cı il 15 iyul çevrilişinə cəhd zamanı ortaya çıxdı. Türkiyənin böyük səs çoxluğu ilə seçilmiş dövlət başçısının qaldığı otel atəşə tutuldu, onun həyatına qəsd etməyə çalışdılar. Prezidentin ən yaxınındakı yavəri belə FETÖ-çü çıxdı. Çevriliş xalqın verdiyi dəstək nəticəsində baş tutmadı. Ordunun FETÖ vasitəsilə Amerikanın kontrolunda olduğu üzə çıxdı və eyni zamanda satqın kadrlar müəyyənləşdi. Bundan sonra orduda və dövlətin bütün qurumlarında yuvalanmış, əmrləri xaricdən alan satqınlar böyük ölçüdə təmizləndi.

Bundan sonra isə “Ərdoğan ordunu zəiflətdi” ifadələri ilə spekulyasiya başladı. Əksinə, ordu satqınlardan təmizlənmiş və daha da güclənmişdi. Bunun sübutu çevrilişə cəhddən az sonra Türkiyə ordusunun Suriyada “Zeytin dalı” əməliyyatına başlaması idi. Barak Obamanın prezidentliyi dönəmində Amerkanın vitse-prezidenti olan Co Bayden Türkiyə ordusunun Suriyada əməliyyata başlamasını Ankarada olarkən öyrəndi. Bu əslində Vaşinqtonun sifətinə vurulan tərs sillə idi. Eyni zamanda Türkiyə orusunun zəifləmədiyini, əksinə gücləndiyini özündə ehtiva edirdi. Sonradan həyata keçirilən əməliyyatlar bunu tam isbat etdi.

Halbuki o zaman CHP sədri, hazırda “altılı masa”nın lideri Kamal Kılıcdaroğlunun “Suriyada nə işimiz var?”, yaxud “Liviyada nə işimiz var?” kimi siyasətçiyə yaraşmayan bəsit yanaşmaları hər kəsin yadındadır.

Qətiyyətli siyasi iradə və uğurlu hərbi əməliyyatlar

Ərdoğanın qətiyyəti ilə Suriyada uğurlu əməliyyatlar davam etdirildi, Liviya Milli Hökuməti ilə müqavilə imzalandı, Türkiyə gələcəyin qitəsi adlandırılan Afrikada möhkəmlənməyə başladı. Ərdoğan Suriyada imperialistlərin oyununu pozdu, onların çoxşaxəli layihələrinə çomaq soxdu. Obamanın Ağ dənizdəki enerji resurslarından Türkiyəyə 3 faizlik pay təklifini Ərdoğan Vaşinqtonda qətiyyətlə rədd etdi. Bu qətiyyətli siyasətin nəticəsidir ki, bu gün Ağ dənizdə Fransa və Amerikanın təhdidlərinə rəğmən bu istiqamətdə fəaliyyətlər uğurla davam etdirilir. Hazırda Yunanıstan maşa olaraq istifadə edilsə də Türkiyə bölgəyə hakim durumdadır.

Yalana söykənən protokollardan imtina

Ərdoğan istər Amerikada, istər Avropada, ümumiyyətlə dünyanın hər yerində ikili görüşmələrdə və böyük platformalarda gerçəkləri dilə gətirməkdən çəkinmədi. Bir sıra Qərb liderlərinin əxlaqsız siyasət yürürtdüyünü sifətlərinə söyləyirdi. Ərdoğan dönəminə qədər dövlətlərarası münasibətlər sistemində hakim olan yalan üzərində qurulan siyasətin və “məqsədə gedən hər yol mübahdır” tezisinin əslində siyasi əxlaqsızlıq olduğunu ortaya qoydu. Ərdoğan dünya siyasətində yalana söykənən protokollardan imtina edən siyasətçi olaraq tarixə düşdü. Dünya siyasətində şəxsiyyətli siyasətin yürüdülməsinin vacibliyini önə sürdü və özü daim bu addımları atdı. Nəticədə dünya siyasətində bir məktəb yaratdı.

Dünya üçün Ərdoğan zərurəti

Təsadüfi deyil ki, bu gün Ərdoğan sözü sənəd olan güvənli bir lider olaraq dünyada tanınır. Amerika daxil olmaqla heç bir dövlətin həll edə bilmədiyi “taxıl kordioru” problemini məhz Ərdoğan həll etdi. Müharibə edən Rusiya və Ukrayna nümayəndələrini məhz Ərdoğan bir masa ətrafında toplaya bildi. Bu isə bir tərəfdən Ərdoğanın simasında hər gün böyüyən və söz sahibinə çevrilən bir Türkiyə formalaşdırırdısa, digər tərəfdən böyük dövlətlər tərəfindən Ərdoğana və Türkiyəyə qarşı həddindən artıq qısqanclıq hissi yaradırdı. Bütün bunları həyata keçirmə bacarığı təkcə dövlətlərin gücünün verdiyi yetkidən irəli gəlmir. Bu liderin şəxsi keyfiyyətlərindən-xarakterindən, dürüstlüyündən, şəxsiyyətindən, cəsarətindən, xarizmasından irəli gəlir. Əslində dünyaya belə bir siyasətçi bəxş etmiş türk torpaqlarına milliyyətindən və dinindən asılı olmayaraq hər kəs minnətdar olmalıdır. Biz isə bir türk və müsəlman olaraq Ərdoğanla qürur duyuruq və duymalıyıq. Çünki “Daha adil bir dünya mümkün”kitabı və “dünya beşdən böyükdür” şüarı, eyni zamanda BMT-nin tribunasında dünyada resursların və imkanların bərabər paylaşılmaması, nəticədə bir ovuc insanın rifah halında yaşadığı halda, milyonlarla insanın aclıqdan, susuzluqdan əziyyət çəkdiyini və buna ədalətsiz dünya düzəninin səbəb olduğunu önə sürmək təkcə türk və islam dünyasına deyil, amerikalılar da daxil bütün dünya sakinlərinin normal həyat yaşamasına yönəlik fəaliyyətdir. Bu, sıradan bir hadisə deyil. Bu, cəsarətli, riskli, dürüst və əxlaqlı siyasətdir.

Bütün bunları göz önünə gitirərsək görərik ki, “Ərdoğan dünya siyasətində məktəb yaratdı” ifadəsi bir gerçəklikdir. Bütün bunlara və Türkiyənin mənafelərini hər platformada qətiyyətlə qoruduğu, 10 il öncə heç kimin xəyal etməyəcəyi bir Türkiyə qurduğu və inkişaf etdirdiyinə görə, ədalətli dünya və inkişaf etmş Türkiyə üçün bu dönəm də Ərdoğanın Prezident seçilməsi zərurətdir.

Dünyada bənzəri olmayan qardaşlıq münasibətləri

Türkiyə və Azərbaycan qardaş dövlətdir. Buna görə də Türkiyənin daha güclü və dünyada söz sahibi olmasını türkiyəlilər qədər Azərbaycan türkləri də istəyirlər. Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi soruğda respondentlərin 95 faizə qədərinin Ərdoğanı növbəti dönəm üçün də prezident görmək istəməsi düşüncəsi təsadüfən formalaşmayıb. Çünki Ərdoğan Türkiyənin əvvəlki liderlərindən fərqli olaraq BMT daxil, bütün platformalarda Azərbaycanın haqq işini dəstəkləyən çıxışlar edib. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini bütün fürsətlərdə dilə gətirib. 44 günlük Vətən Müharibəsində Azərbaycana tam siyasi dəstək verib. “Üçüncü güclər Azərbaycana müdaxilə edərlərsə Türkiyə misli ilə qarşılıq verəcək” ifadəsinin həqiqət olduğunu Fransa, Rusiya başda olmaqla hər bir dövlət çox yaxşı anlayıdı. Biz, bir millət olaraq nəhayət, görmək istədiyimiz Türkiyəni gördük. Halbuki Dəmirəl dönəminin “helikopter rəzaləti” yaxın keçmişimizdir.

Bu gün Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasət nəticəsində Azərbaycan-Türkiyə qardaşlığı ən yüksək səviyyəyə çatdırlıb. Hər iki lider xalqlarımızın istəklərini həyata keçiriblər. Bu gün Türkiyə-Azərbaycan münasibətləri dövlətlərarası maraqların fövqündə dayanır. Bu dünyada bənzəri olmayan qardaşlıq münasibətləridir.

Bu, türk millətinin tarixini, qədim, akıncı ruhunu, böyüklüyünü özündə əks etirir. Biz, türk milləti olaraq dünyada söz sahibinə çevrilməkdəyik. Azərbaycan Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə tarixdə ilk dəfə olaraq itirilmiş torpaqlarımızı geri qaytardı, işğalçılardan təmizlədi. Bir millət və dövlət olaraq özünü təsdiq etdi və qətiyyətini bütün dünyaya göstərdi. Bu, artıq bir dönüş nöqtəsidir. Biz, iki dövlət və bir millət olaraq sürətlə yüksələn dövlətlərə çevrilmişik. Turan coğrafiyasının aparıcı və bu ideologiyanı praktiki mərhələyə daşıyan dövlətləri Azərbaycan –Türkiyə və onun liderləridir. Yaxın keçmişdə xəyal edə bilmədiyimiz ideallar artıq gerçəkləşir.

“Bir yumruq”

Aprelin 29-da İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər çox önəmlidir. Dövlət başçısı təkcə dövlətin deyil, eyni zamanda Azərbaycan xalqının da düşüncələrini dilə gətirdi: “Qardaş ölkədə yenidən olmağımdan çox məmnunam. Sizə Azərbaycan xalqının səmimi salamlarını gətirmişəm. Bir il öncə “TEKNOFEST” festivalı Bakıda keçirilmişdir və əziz qardaşımla bərabər biz “TEKNOFEST”də iştirak etmişdik. Bu gün mən buradayam. Bu, bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədir. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir.

Eyni zamanda, iki il bundan öncə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. O tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var.

İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi.

Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçmişdir. Hörmətli Cümhurbaşqanının liderliyi ilə Türkiyə dünya çapında söz sahibinə çevrilmiş, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır. Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynadı. Ötən ay türk dövlətlərinin Ankarada keçirilmiş Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, öz hörmətini və bizim ümumi həmrəyliyimizi bildirmişdir. Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri vardır.

Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Gündən-günə Türkiyənin önəmi, rolu artır. Türkiyənin güclü sənayesi həm Türkiyəni gücləndirir, həm də Türkiyənin müttəfiqlərini gücləndirir. Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm bizi gücləndirir…

Bir neçə gündən sonra Azərbaycan xalqı çağdaş Azərbaycan dövlətinin banisi, qurucusu Heydər Əliyevin 100 illiyini qeyd edəcək. Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu gün biz bunu sübut edirik. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”.

Mən bu il üçüncü dəfə qardaş ölkəyə səfər edirəm. Fevral ayında olmuşam, mart ayında olmuşam, bu gün buradayam. Əziz qardaşım, növbə Sizindir. Biz Sizi gözləyirik, bütün Azərbaycan xalqı Sizi gözləyir, Sizi öpür, qucaqlayır, Sizə öz hörmət və sevgisini çatdırır. Türkiyə-Azərbaycan birliyi əbədidir!”.

Əli Zülfüqaroğlu

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR