Azərbaycançılığı şərtləndirən ən mühüm amillərdən biri də milli ənənədir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır.

Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi, ünsiyyət birliyini ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün cəlbedicidir. Azərbaycançılığı şərtləndirən ən mühüm amillərdən biri də milli ənənədir. Milli düşüncə sisteminin genetik qaynağı olan azərbaycançılığın inkişaf stimulyatoru da məhz ənənədir. Ənənə uzun əsrlərin sınağından keçərək tarixi təcrübəni yığır, xalqın müdrikliyi, onun mənəvi mədəniyyəti və s. amillər bu anlayışda ifadə olunur. O, keçmişlə gələcəyi əlaqələndirir, etnokulturoloji mövcudluğu qoruyur. Bu ənənələr xalqın keçdiyi zəngin tarixi yolun mütərəqqi yaşam təcrübəsini özündə qoruyub saxlayır. Deməli, azərbaycançılıq ideologiyası həm də xalqın tarixən tapındığı mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür. Azərbaycançılığın gücü, eyni zamanda, fərdi maraq və meyilləri dövlət siyasəti ilə birləşdirmək, xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamaq imkanları ilə ölçülür. Dövlətçilik hisslərinə malik olmayan xalq milli dövlətini inkişaf etdirə bilməz. Bu mənada, azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir. Xalqın milli varlığını ifadə edən rəmzlərə, adət-ənənələrə, ali mənəvi dəyərlərə yüksək sədaqət, ana dilinə məhəbbət, bəşəri ideallara hörmət azərbaycançılığın milli mahiyyətini açmaqla yanaşı, onun humanist səciyyə daşıdığını göstərir. Azərbaycançılığın əsasında yer alan ünsiyyət birliyi isə vahid ana dilimiz vasitəsilə həyata keçirilir. Azərbaycan dili milliliyin ifadə vasitəsi olduğu üçün azərbaycançılıq ideologiyasının komponenti kimi çıxış edir. Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir. Ümummilli lider xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı görüşlər keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər yaratmağa səsləmişdir. Ulu öndər daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda, Vətənlə – doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırmışdır. 1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdir: “Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər… Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan”. Hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir. Eyni zamanda, bütün bunlar elm adamlarının daha da fəallaşmasını, ölkədə həyata keçirilən islahatların elmi əsaslarının işlənib hazırlanmasında xüsusi fəallıq göstərilməsini tələb edir. Məlumdur ki, ən əhəmiyyətli nəticə nəzəri və praktiki biliklərin birləşməsindən əldə edilir. Başqa sözlə desək, praktiki əhəmiyyəti olmayan nəzəri düşüncələr bazar iqtisadiyyatının hökmran olduğu müasir dövrümüzdə tədricən sıradan çıxır. Bu baxımdan da, elm adamlarının praktiki cəhətdən əhəmiyyətli olan təklif və tövsiyələrlə çıxış etməsi ölkənin davamlı sosial-iqtisadi inkişafının başlıca amillərindən biri kimi qəbul edilməlidir. Yalnız bu halda əldə edilmiş dinamik inkişafı davamlı inkişafa çevirmək mümkündür.

Valeh Əmrahov
Nizami Rayon Gənclər və İdman İdarəsinin məsul işçisi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR