Xalqa bağışlanan ömür

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, zaman-zaman həyatında çətinliklərə sinə gərən şəxsiyyətlər yetişdirir. O şəxsiyyətlər ki, xalqın, millətin taleyini öz taleyindən üstün tutur, ölkəsi və dövləti üçün bütün səylərini səfərbər edərək naliyyətlərə imza atır. Belə şəxsiyyətlər heç zaman unudulmur, xalqın yaddaşında əbədi yaşayaraq ölümsüzlüyə çevrilirlər. Şəxsiyyət kimi yetişmək, liderə çevrilmək və geniş xalq kütləsinin sevgisini qazanmaq hər dövlət adamına, sənət nümayəndəsinə qismət olmur. Bu, bir Allah vergisidir ki, insanın taleyinə, bəxtinə yazılır, ömrünü xalqın ömrünə qatır, həyatını xalqına həsr edir və əbədi xalqın yaddaşında məhəng daşına çevrilir.

Ömrünü xalq yolunda səfərbər edən, millətin istiqbalı üçün yorulmadan çalışan şəxsiyyətlərdən biri də xalqımızın Ümummilli lideri Heydər Əliyevdir. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır. Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır. Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi. Respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, özünün görkəmi ilə şəhərə gözəllik verən neçə-neçə yaraşıqlı binalar, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldıldı.
Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər.
1993-cü ilin əvvəllərində hakimiyyət böhranı yaşayan bu gənc respublika dövlətçiliyini itirmək təhlükəsi yaşayırdı. Erməni işğalçıları tərəfindən torpaqlarımızın bir hissəsinin zəbt edilməsi, eyni zamanda daxili intriqalar hakimiyyət böhranını dərinləşdirirdi. Belə olan halda xalq öz xilaskarına üz tutdu. Beləliklə, 1993-cü ilin iyunun 9-da xalqın təkidi və tələbi ilə ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi. Xalqımız bu qanlı-qadalı günləri geridə buraxdı. Xalqını canından belə çox sevən bu müdrik siyasətçi dəhşətli hadisələrin gözlənilən bəlalarından xalqımızı zamanındaca xilas etdi.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Bütün çətinliklərə baxmayaraq o, xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü.  Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu və 1997-ci ildən rəsmi bayram kimi qeyd edilməyə başlandı. Həmin dövrdə müstəqillik qazanmağımız ilkin şərt idisə, ən vacib məsələ onu qoruyub inkişaf etdirmək və baş verəcək təhlükələrdən qorumaq idi. Heydər Əliyev milli dövlətçiliyimizin fəlsəfəsini yaratdı. Ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu. Məhz belə mürəkkəb şəraitdə Heydər Əliyevin siyasi iradəsi Azərbaycanın Dövlət Müstəqilliyinin qarantına çevrildi.
1993-cü ilin iyunun 24-də yaranmış mürəkkəb proseslərlə bağlı Əbülfəz Elçibəy Bakını tərk etdiyinə görə, Milli Məclisin qərarı ilə Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra qarşıda hələ görülməli mühüm tədbirlər-Dövlət Müstəqilliyinin təmin olunması, xalqı düçar olduğu müharibədən sülh danışıqları yolu ilə qurtarmaq üçün daxili və xarici siyasəti həyata keçirmək, dağıdılmış və talanmış iqtisadiyyatı bərpa etmək dayanırdı.

Ümummilli liderin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən o dövrdəki Müdafiə

nazirinin müavini separatçı Əlikram Hümbətovun rəhbərliyi ilə Lənkəranda qondarma “Talış-Muğan Respublikası” qurulmasının, eyni zamanda şimal ərazisində separatçı qüvvələrin müqavimətinin qarşısı vaxtında alındı. Xalq öz liderini ölkə başçısı görmək arzusunda idi. Bu məqsədlə 1993-cü ilin oktyabr ayının 3-də Heydər Əliyev ümumxalq səsvermə yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Qısa zamanda ulu öndərin siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti və uzaqgörənliyi ilə ölkədəki böhrana son qoyuldu. Onun ilk vacib qərarlarından biri işğalçı Ermənistanla müvəqqəti sülh sazişinin bağlanması oldu. 1994-cü ilin may ayının 12-də Bişkekdə atəşkəs əldə edildi. Atəşkəsin mühüm əhəmiyyəti ondan ibarət idi ki, dövlətin inkişafına əngəl törədən maneələr aradan qaldırılsın, ordu quruculuğuna başlanılsın və bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndirilsin.
Ulu öndər istər SSR-i dönəmində, istərsədə Azərbaycanada ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan dövlətçiliyinin inkişafı naminə, xalqın və millətin rifahının yaxşılaşdırılması istiqamətində, bütün imkanlarını səfərbər etməklə gecə-gündüz yorulmadan çalışırdı. Bu zəhmətlərin nəticəsidir ki, bu gün Azərbaycan regionda və dünyada söz sahibidir. Avropanın meqa enerji layihələri məhz ölkəmizin iştirakı ilə mümkündür. Mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edirik.
Bu gün Azərbaycanın qüdrətli və müzəffər ölkəyə çevrilməsi, məhz Ulu öndər siyasətinin həyata keçirilməsi sayəsində baş verib. Xalqımız yaşadıqca Ulu öndər yaşayacaq və ona olan xalqın sonsuz sevgisi qəlblərdə əbədi Heydər Əliyev heykəli ucaldacaq.

Mürvət İbrahimov
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, tarixçi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR