Yüksel Özgen: Heydər Əliyev Qafqaz regionunda sülhün və inkişafın əldə olunmasında mühüm rol oynayıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qafqazda, Anadoluda və hətta Avrasiya regionunun tarixində mühüm rol oynayan dövlətlərdən biri Türkiyə, digəri isə Azərbaycandır. Milli-mədəni bağları olan bu iki dövlət öz tarixi proseslərində oxşar hadisələri yaşayıblar. Azərbaycan 1918-ci il mayın 28-də müstəqilliyini elan edərək Şərqin və Türk dünyasının ilk Cümhuriyyəti olub. Osmanlı Məclis-i Məbusanın 1920-ci il yanvarın 22-də keçirilən iclasında Azərbaycanın müstəqilliyi rəsmi olaraq tanınıb. Azərbaycan hökuməti Osmanlı hökuməti ilə əlaqələrini davam etdirməklə bərabər, Mustafa Kamal liderliyindəki istiqlal mübarizəsi aparan heyətlə də dolayı yollarla münasibətlərini davam etdirib.

Agsaqqallar.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı professor Yüksel Özgen mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağının Ulu Öndərə həsr olunmuş xüsusi iclasında “Bir millət – iki dövlət” strategiyası: Mustafa Kamal Atatürkdən Heydər Əliyevə” mövzusunda çıxışı zamanı deyib. O qeyd edib ki, Türkiyə-Azərbaycan diplomatik münasibətləri 1924-cü ildən sonra dayansa da, ticari, iqtisadi və mədəni əlaqələr 1930-cu ilə qədər davam edib. Ortaq tarixi mədəniyyətə və daim dost, qardaş münasibətlərə malik olan iki ölkə arasındakı əlaqələr keçmişdən bu günə Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” sözləri çərçivəsində formalaşıb.

Türkiyənin 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olduğunu bildirən Yüksel Özgen qeyd edib ki, 1992-ci ildə Bakıda qardaş ölkənin səfirliyi açılıb, həmçinin hazırda Naxçıvan və Gəncədə Baş konsulluğu fəaliyyət göstərir. Azərbaycanın isə öz növbəsində Ankarada səfirliyi, İstanbul və Qarsda Baş konsulluğu mövcuddur.

“1993-2003-cü illəri əhatə edən Heydər Əliyev dövründə Türkiyə-Azərbaycan əlaqələri bütün sahələrdə, xüsusən də siyasi və iqtisadi sahələrdə böyük irəliləyiş əldə edib, münasibətlərimiz zaman keçdikcə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2021-ci il iyunun 15-də imzalanan “Şuşa Bəyannaməsi” ilə əlaqələrimiz müttəfiqlik səviyyəsinə çatıb. Həmçinin ölkəmiz Qarabağda həyata keçirilən yenidənqurma işlərini dəstəkləyir və bu prosesdə yaxından iştirak edir”, – deyə o diqqətə çatdırıb.

Azərbaycanın tarixində Heydər Əliyevin yeri və önəminin açıq şəkildə görüldüyünü deyən məruzəçi dahi liderin ölkəmizin müstəqillik əldə etməsində və Qafqaz regionunda sülhün, sabitliyin və inkişafın əldə olunmasında mühüm rol oynadığını, Ulu Öndərin bütün həyatını Azərbaycana həsr etdiyini söyləyib. Qeyd edib ki, sülhə və millətlərarası dostluğun inkişafındakı xidmətlərinə görə, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu tərəfindən Heydər Əliyevə “Atatürk Beynəlxalq Sülh Mükafatı” verilib.

Yüksel Özgen Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu ilə AMEA arasında əməkdaşlıq protokolunun imzalandığını deyib, birgə təşkil olunan tədbirlər, konfranslar, simpoziumlar və nəşrlər barədə məlumat verib. O, çıxışının sonunda bildirib ki, Azərbaycanla əməkdaşlıq əlaqələri keçmişdə olduğu kimi, gələcəkdə də davam edəcək və iki ölkə arasında qardaşlıq münasibətləri daimi olacaq.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR