Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi və əbədiyaşar milli dövlətçilik ideyaları

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycana rəhbərlik etdiyi I dövr

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın müstəqillik mübarizəsində misilsiz xidməti və şərəfli rəhbərliyi bütün xalqa aydındır və onun təsirləri hələ də qalmaqdadır. Böyük tarixi şəxsiyyətlərin ömrü onların yaşadığı illərlə ölçülmür. Bəzi insanların həyat tarixini yazmaq üçün bütünlükdə bir xalqın tarixini yazmaq lazımdır. Məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də bu görkəmli şəxslərdəndir.
Məhz Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasət sayəsində Azərbaycan xalqı firavan və rifah içində yaşayır və yaşayacaq. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev uzaqgörən və qətiyyətli siyasətçi olmuş,bu uzaqgörənliyi isə ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə sübut etmişdir.Ulu öndərimizin rəhbərliyinin ilk dövründə – 60-cı illərin axırlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı. Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanda KP MK-nın katibi seçilmiş və bu dövrdə Azərbaycanın gələcəyə aparan yollarını müəyyən etmişdir. Bu səbəbdən bu dövr Heydər Əliyev dövrü kimi xatırlanır. Ulu öndər rəhbərliyinin ilk dövründə təməli möhkəm olan inkişaf strategiyasına başlamış və bu strategiyanın həyata keçirilməsində böyük səy göstərmişdir.

DAXİLİ SİYASƏT

Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin respublika partiya təşkilatının XXVIII qurultayına (10-12 mart 1971-ci il) hesabat məruzəsində respublikada vəziyyətin dərin təhlili verilmişdi. Təsərrüfat və mədəni quruculuq təcrübəsində, kadrların seçilib yerləşdirilməsində bir sıra ciddi çatışmazlıqlar və səhvlər meydana çıxarılmışdı. Rəhbərlik dövründə Heydər Əliyev bütün bu problemləri aradan qaldırmış, təsərrüfat istehsalını ixtisaslaşdırmış və rayonlaşdırmışdır. Bunun sayəsində həm kənd təsərrüfatı inkişaf etmiş, həm də kimyalaşdırma, meliorasiyadan daha geniş istifadə edilmişdir. Ulu Öndərin daxili siyasəti çoxşaxəli olmaqla, sənaye, elm, kənd təsərrüfatı, mədəniyyət kimi sahələri əhatə edirdi. 1970-1985-ci illərdə, tarixən qısa bir dövr müddətində, bütövlükdə respublika ərazisində yüzlərlə zavodlar, fabriklər, istehsalat sahələri yaradılmışdır. 213 iri sənaye müəssisəsi işə salınmışdır. Bir çox önəmli istehsal sahələrinə əsasən Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.
Həmçinin bu illər ərzində ən uğurlu addımlardan biri də güclü kadr potensialının, müxtəlif aparıcı ixtisaslar üzrə mütəxəssislərin yaradılması idi. İqtisadiyyatın sürətli şəkildə inkişafı sayəsində ali və orta ixtisas təhsili genişləndirilmiş, bununla da 3500 gənc həmin dövrün ən qabaqcıl ali təhsil müəssisələrinə göndərilmişdir. Bundan başqa, Ulu öndər Heydər Əliyevin təhsil sahəsinə xüsusi diqqətinə görə hər il 800 gənc ölkədən kənara çıxırdı. 70-ci illərin sonlarında Heydər Əliyevin təşəbbüsü ilə dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinə Dövlət mükafatı verilməsi Azərbaycan dilinə böyük qayğının, əsl rəhbər diqqətinin, övlad məhəbbətinin nəticəsi idi. Məhz Heydər Əliyev sayəsində 1978-ci ildə Azərbaycan dili rəsmi şəkildə dövlət dili elan olunmuşdur.

XARİCİ SİYASƏT

Xalqın dahi oğlu Heydər Əliyev rəhbərliyinin ilk dövründə uğurlu daxili siyasətlə yanaşı, uzaqgörən xarici siyasət də yürütmüşdür. Bu illər ərzində ermənilərin bizim torpaqlarımız olan Qarabağa da iddialarının qarşısı alınmışdır. 1969-1982-ci illərdə baş vermiş köklü dəyişikliklər səbəbindən Azərbaycanın müstəqillik tarixində ən dolğun və şərəfli səhifələri təşkil edir. Bu dövrdə Azrbaycan özünün de-fakto müstəqilliyi üçün etibarlı bir zəmin formalaşdıra bilmişdi.
Ulu öndər Heydər Əliyev ilk öncə qonşu dövlətlərlə olan münasibətləri qaydaya salmaq istəyirdi. Buna görə o, qonşu dövlətlər ilə Azərbaycan arasında həm iqtisadi, həm də siyasi cəhətdən əməkdaşlıq yaratmışdır. Bu da, gənc Azərbaycanın xarici siyasətində mühüm addımlardan biri olmuşdur. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır.(Heydər Əliyev) Ulu öndər yüksək vəzifələrə azərbaycanlı kadrları təyin etmiş, hüquq-mühafizə, partiya orqanlarında köklü dəyişikliklər etmişdir. Ədavət yaradan bütün daşnak qüvvələri isə cinayətə cəlb olunmuşdular.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi II dövr

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi iki dövr arasındakı illər tariximizin ən ağır tənəzzül, hərc mərclik dövrü idi. Xüsusilə, Azərbaycanın tarixinin 1990-1993-cü illəri xalqın yaddaşında ən ağır fəlakət illəri, “olum ya ölüm” dövrü kimi qaldı. Heç bir idarəçilik bacarığı olmayan “Azərbaycan Xalq Cəbhəsi rejimi məmləkəti məhv olmaq təhlükəsi ilə üz üzə qoymuşdu, xüsusilə Moskvaya satılmış xəyanətkarlar, ikiüzlü rəhbərlər ölkəni məhv edirdi. Bu zaman Heydər Əliyev xalqın köməyinə çatmışdı. Bu dövrdə — 1990-cı il yanvarın 21-də (20 Yanvar qırğınının ertəsi günü!) həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, əslində, doğma xalqının qurtuluş mübarizəsinin önünə keçdi.
1993-cü il oktyabrın 3-də Heydər Əliyev ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib. Ulu öndərHeydər Əliyev hakimiyyətə gəldiyi gündən Azərbaycanda gözə görünən dərəcədə xeyli inkişaf baş vermişdir.

DAXİLİ SİYASƏT

Keçən əsrin 90 ci illərinin əvvəlində Azərbaycan bir sıra təhlükələr qarşısında qalmışdır və Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə köklü dəyişikliklərə səbəb olmuşdur. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.
Ulu öndər Heydər Əliyev birinci prezidentliyi dövründə hüquqi, demokratik və dünyəvi dövlət yaratmaq məqsədilə ilk islahatlar keçirdi. 1995-ci ildə noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiyası qəbul edildi. Həmçinin, həmin il noyabr ayının 12-də ilk parlament seçkiləri də keçirildi.
1996-cı ildə 6 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i Konstitusiya gün kimi elan edildi. Həmin ildən başlayaraq hər il 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd edilir. Azərbaycan Respublikasının Konstitusiyası 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Birinci bölmədə ümümi müddəalardan bəhs edir: Xalq hakimiyyəti və dövlətin əsasları. Konstitusiyaya əsasən xalq dövlət hakimiyyətinin yeganə mənbəyidir. İkinci bölmədə dövlətin əsasları yəni, əsas hüquq, azadlıqlar, vəzifələr, əsas insan və vətəndaş hüquqları və azadlıqları, vətəndaşların vəzifələri, üçüncü bölmədə dövlət, icra, məhkəmə hakimiyyəti və Naxçıvan Muxtar Respublikası, dördüncü bölmədə bələdiyyələr və nəhayət beşinci bölmədə isə qanunvericilik sistemi, konstitusiyaya dəyişikliklər və əlavələr yer alır. 1995-ci il konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı ilk referendum 2002-ci ildə Azərbaycan Respublikası prezidentinin 22 iyun 2002-ci il tarixli 722 saylı fərmanına əsasən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası referendum aktının yeni layihəsi 2002-ci il 24 avqust tarixində referenduma çıxarıldı. Referenduma çıxarılan məsələlər cəmiyyətin və dövlətin ən mühüm, əsas sahələrini əhatə edir. 2002-ci referendumunda konstitusiyanın 3-cü maddəsinə 3-cü hissə əlavə edilmışdir:
III. Aşağıdakı məsələlər üzrə referendum keçirilə bilməz:
1) Vergilər və dövlət büdcəsi;
2) Amnistiya və əfvetmə;
3) Seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.»
27-ci maddənin IV hissəsi yer alan «fövqəladə və hərbi vəziyyət zamanı səlahiyyətli şəxsin verdiyi əmrin yerinə yetirilməsi,» sözləri, 71-ci maddənin III hissəsindən «yalnız» sözünün çıxarılması , 76-cı maddənin II hissəsində «alternativ hərbi xidmətlə» sözləri «alternativ xidmətlə», 83-cü maddədə «və proporsional seçki sistemləri» sözləri «seçki sistemi» sözləri ilə, 88-ci maddənin I hissəsinin birinci abzasında «iki növbəti sessiyaya» sözləri «iki növbəti yaz və payız sessiyalarına» əvəz edilməsi, ikinci, üçüncü və dördüncü abzasların çıxarılması, altıncı abzasında «fevralın 1-dək» sözləri «martın 10-dək» sözləri ilə əvəz edilməsi, 89-cu maddənin I hissəsindən isə 6-cı bənd çıxarılması haqqında qərar qəbul edildi. Bununla belə, 95-ci maddənin I hissənin 6-cı və 19-cu bəndləri aşağıdakı şəkildən redaksiya verildi:
«6) Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi;»;
«19) Amnistiya.».
III hissə “Bu Konstitusiyada Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid edilən digər məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili ilə əlaqədar məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin münasibətinin bildirilməsi zəruri olan məsələlərə dair də qərarlar qəbul edilir.» şəklində redaksiyada verildi. 96-cı maddənin I hissəsində yer alan «Ali Məhkəməsinə» sözlərindən sonra « Azərbaycan Respublikası Prokurorluğuna» sözləri, II və IV hissələrində «Ali Məhkəməsinin» sözlərindən sonra « Azərbaycan Respublikası Prokurorluğunun» sözləri, V hissəsində isə «Ali Məhkəməsi» sözlərindən sonra « Azərbaycan Respublikasının Prokurorluğu» sözləri əlavə edildi. Həmçinin, 101-ci maddənin II hissəsjndə «üçdə iki səs çoxluğu ilə» sözləri «yarısından çoxunun səs çoxluğu ilə» sözləri ilə,102-ci maddədə «7» rəqəmi «14» rəqəmi ilə əvəz edildi.101-ci maddənin IV hissədən «sadə» sözü çıxarıldı.
105-ci maddənin ı hissəsində «Azərbaycan Respublikası Milli Məclisinin sədri» sözləri «Azərbaycan Respublikasının Baş Naziri » sözləri ilə, ıı hissəsində «Azərbaycan Respublikası Milli Məclisinin sədri istefa verdikdə» sözləri «Azərbaycan Respublikasının Baş Naziri istefa verdikdə» sözləri ilə, «Azərbaycan Respublikasının Baş Naziri icra edir» sözləri isə «Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir» sözləri ilə, ııı hissədə «Azərbaycan Respublikası Baş Nazirinin» sözləri «Azərbaycan Respublikası Milli Məclisi sədrinin» sözləri ilə əvəz edildi.
2002-ci il 24 avqust Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər referendumu Azərbaycanın müstəqillik tarixindəki ilk konstitusiya referendumudur.
1994-cü ildə manatın ölkədə yeganə ödəniş vasitəsi elan olunması inflyasiyanın cilovlanmasına gətirib çıxarmışdır. 1998-ci ildə məhkəmə islahatı keçirmiş və Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Məhz bu addımlar, xüsusilə Konstitusiyasının qəbulu Azərbaycanda demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunda önəmli addım idi. 1996-cı ildə Hüquqi İslahatlar Komitəsi yaradılmışdır. Və Şərqdə ilk dəfə məhz Azərbaycanda 1998-ci ilin fevralında ölüm cəzası ləğv edilmişdir. Həmçinin, məhkəmə islahatı nəticəsində Konstitusiya Məhkəməsi də yaradılmışdır. Nəticədə bütün bu islahatlar nəticəsində ölkə dərin böhrandan çıxarılmışdır.
Ümummilli liderin müstəqillik dövründə dövlət qulluğunun təkmilləşdirilməsi məqsədilə atdığı addımlar sayəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu da daxil olmaqla dövlət qulluğuna dair bir sıra qanunvericilik aktları qəbul edildi. Məhz həmin dövrdə “dövlət qulluğu” və “dövlət qulluqçusu” anlayışları gündəmə gəldi. Dövlət qulluğuna və dövlət qulluğunda çalışanlara xalqın inamının bərpa ediməsi, habelə milli və müasir dövlət qulluğu sisteminin qurulması məqsədilə Heydər Əliyevin siyasəti aşağıdakı istiqamətləri əhatə edirdi:
– səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılması;
– dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsi;
– vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi;
– dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması.
Ulu öndər Heydər Əliyev 1998-ci il dekabrın 29-da “Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” fərman imzaladı. Fərmanda islahatların həyata keçirilməsi ilə müəyyən nəticələrə nail olmaq qarşıya məqsəd kimi qoyulurdu. Ümumi olaraq dövlət idarəetməsi sistemində aşağıdakı dörd istiqamət üzrə islahatların aparılması nəzərdə tutulmuşdu:
1) dövlət xərclərinin idarə olunması sisteminin yenidən qurulması;
2) audit sisteminin islahatı;
3) dövlət idarəetmə sisteminin islahatı;
4) hüquq və məhkəmə sisteminin islahatı.
11 oktyabr 1998-ci ildə Azərbaycanda prezident seçkiləri keçirilib və ulu öndər Heydər Əliyev səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Bununla da Azərbaycanda onun ikinci rəhbərliyi dövrü başlayıb. Təbii haldır ki, Azərbaycan xalqının ulu öndər Heydər Əliyevə yenidən etimad etməsi səbəbsiz yerə deyildi.
Ulu Öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etdi, inkişafın Azərbaycan modelini yaratdı. Azərbaycanın çətin və zor keçən mürəkkəb dövründə Heydər Əliyev xalqın istəyi ilə yenidən rəhbərliyə qayıtdı və rəhbərliyin düzgün inkişaf strategiyasını müəyyənləşdirdi.
Heydər Əliyevin ikinci dəfə seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından qaynaqlanırdı.
Heydər Əliyevin ikinci prezidentliyi dövründə 2001 ci ildə Ombudsman haqqında Konstitusiya qanunu qəbul edilmiş və Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəçisi olan Ombudsman təsisatı yaradılmışdır.
XARİCİ SİYASƏT
1994 cü ildə sentyabrın 20-də “Əsrin Müqaviləsi” imzalandı. Bu hadisə ilə Azərbaycanın yeni neft strategiyasının əsası qoyuldu. Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanın 13 məşhur neft şirkəti “Əsrin müqaviləsi”ndə iştirak etmişdir. Nəhayət, 1997- ci ildə bu müqavilə əsasında neftin ilkin hasilatına başlanıldı. Tarixi təcrübə göstərdi ki, ulu öndərin uğurlu neft strategiyası ölkəmizin iqtisadi inkişafı ilə bərabər onun beynəlxalq imicinin və nüfuzunun artmasına da səbəb olmuşdur. Heydər Əliyevin yeni neft strategiyası nəticəsində bu gün Azərbaycan Respublikası regionun ən dinamik inkişaf edən, iqtisadi cəhətdən özünü tam təmin edən, heç bir ölkədən asılı olmayan və eyni zamanda tam müstəqil siyasət yeridən bir ölkəyə çevrilmişdir.
1994 cu ildə Ulu öndər Heydər Əliyev BMT-nin Baş Məclisinin 49-cu sessiyasında və 2000-ci ildə minilliyin son sammitində çıxış etdi. 1997-ci ildə GUAM ( Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) yaradıldı. Heydər Əliyevin bütün bu islahatları və uzaqgörənliyi sayəsində Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildi.
Ümumilli liderimiz Heydər Əliyev ölkəmiz üçün çox önəmli olan Dağlıq Qarabağ məsələsinə də biganə qalmamışdır. 1994 -cü ilin mayında ATƏT-in və digər vasitəçilərdən aparılan danışıqlar nəticəsində Azərbaycan və Ermənistan arasında atəşkəs əldə edildi. Azərbaycan Prezidentinin 1993-1995 ci illərdə digər ölkələrə səfərləri, keçirdiyi görüşlər, həmçinin ayrı-ayrı ölkələrdən respublikamıza gələn xarici qonaqlarla aparılan danışıqlar Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli rol oynadı. Azərbaycana, onun problemlərinə dünya birliyinin münasibətindəki təkamül prosesi özünü ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərində qabarıq şəkildə büruzə verdi. İlk dəfə olaraq Lissabon sammitində ATƏT- in 54 üzvündən 53 ü münaqişənin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri dəstəklədilər. Məhz bu Azərbaycan xarici siyasətinin böyük uğuru idi, həmçinin ölkəmizin cəlb olunduğu münaqişənin nizama salınmasında keyfiyyətcə yeni mərhələ idi.
Ulu öndər Heydər Əliyevin 1993 cü ilin dekabrında Avropaya ilk dəfə olaraq rəsmi səfəri Fransaya olmuşdur. Səfər zamanı ümumilli lider Avropa üçün Paris xartiyasını imzalamış və Azərbaycan Paris xartiyasına qoşulmuşdur. Heydər Əliyev hakimiyyəti illərində Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya ilə də əlaqələr qurmuşdur. Heydər Əliyevin siyasəti nəticəsində ABŞ-ın Azərbaycana dair siyasətində dönüş oldu. Belə ki, ABŞ Azərbaycana silah satışına qoyduğu qadağanı ləğv etdi və Ermənistanı bir dövlət kimi təcavüzkar dövlət olaraq tanıdı. Bununla belə, Azərbaycan 1994- cü ildə Nato-nun “Sülh naminə Tərəfdaşlıq” Proqramına qoşulmuş, 2002 ci ildə isə AATŞ-nin Praqa Zirvə görüşündə iştirak etmiş, beynəlxalq terrorizmə mövzusunda geniş şəkildə çıxış etmişdir. Xarici iqtisadi əlaqələrə gəldikdə isə, Azərbaycan Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizi layihəsini həyata keçirərək tranzit ölkəyə çevrilmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Avropa Birliyi Komissiyası və TRASEKA proqramının iştirakçısı olan ölkələrin birgə qərarı ilə “Tarixi İpək yolunun bərpasına həsr edilmiş Beynəlxalq Konfrans” 1998-ci il sentyabrın 8-9-da Bakıda keçirilmişdir.
2001-ci ildə isə Azərbaycan, Türkiyə, Gürcüstanla sazişlər imzalanmışdır. Məqsəd isə ölkə qazının Bakı-Tbilisi- Ərzurum qaz kəməri ilə dünya bazarına çıxarılması idi. Bu gün ölkədə onlarca siyasi partiya sərbəst fəaliyyət göstərir. Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası hakim partiya və cəmiyyətin aparıcı siyasi qüvvəsi oldu. 1995-ci il noyabrın 24-də Heydər Əliyev birinci çağırış Milli Məclisin ilk iclasında iştirak etmiş, qanunvericilik orqanının üzvlərinə öz xeyir-duasını vermişdi. Sonrakı dövrdə də ümummilli liderimiz parlamentin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirak və çıxış etmişdir.
Bütün bu islahatlar Ulu Öndər Heydər Əliyevin sayəsində müstəqil Azərbaycan dövlətinin inkişaf etdiyinin, digər ölkələr arasında tanındığının, ölkədə sabitliyin əldə edilməsinin sübutudur.
“Heydər Əliyev çox az sayda olan tarixi şəxsiyyətlərdəndir ki, onun həyatı və fəaliyyəti ona üç prizmadan liderlik önəmini verməyə əsas yaradır. Heydər Əliyev tarixdə çox az olan şəxsiyyətlərdəndir ki, o həm qurucu lider adını daşıyıb, həm xilaskar lider missiyasını yerinə yetirib, həm də xalqın ümummilli lideri statusunu alıbdır. Bu onun sayəsində mümkün olubdur ki, Azərbaycan xalqının inkişafa, təkamülə ehtiyacı olanda Heydər Əliyev quruculuq missiyasını yerinə yetiribdir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyevin yolunu davam etdirir. Cənab Prezident İlham Əliyev, əsası Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının hazırlanıb davam etməsində, bu siyasətin dünyada uğurlu olmasında, bu sahədə müxtəlif layihələrin hazırlanmasında, çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş və ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Cənab Prezident İlham Əliyev, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. Onun “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamları (2004, 12 yanvar), Milli Ensiklopediyanın nəşrinə rəhbərliyi şəxsən öz üzərinə götürməsi və bununla bağlı imzaladığı sərəncamlar, alimlərə elmi dərəcələrə görə verilən əlavə əmək haqqını, tələbələr, magistrlər və aspirantların təqaüdlərini dəfələrlə artırması milli-mənəvi və ümumbəşəri dəyərlərə dövlət qayğısının parlaq təzahürləridir.
– Bu missiyanın əsası ulu öndər tərəfindən qoyulmuşdu. O, bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin mütləq öz torpaqlarına qayıdacağını, erməni qəsbkarlığının uzun sürməyəcəyini dönə-dönə bildirirdi. Hər şeyin zamana ehtiyacı olduğunu vurğulayırdı. Aydın məsələdir ki, yaxın keçmişdə yurdumuzda daxili vəziyyət bugünkündən tamamilə fərqli idi. Sabitlik yaratmaq lazım idi. İşğalçı ermənilərin və onların havadarlarının ölkəmizə qarşı təcavüzünə duruş gətirmək, Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək, vətəndaş müharibəsinin qarşısını almaq üçün, bir sözlə, yurdumuzu “olum ya ölüm!” çarpışmasından zəfərlə çıxarmaqdan ötrü, zərurət yarandıqda, qəti və sərt addımlar atmaq, keçid dövrünün qanunlarına uyğun siyasət yeritmək lazım idi. Ulu öndərimiz Heydər Əliyev məhz belə də etdi. Azərbaycan məhv olmaqdan xilas edildi. Xalqımız Qurtuluş savaşında qalib gəldi!
Şübhəsiz ki, bu gün ulu öndərin, şəhidlərimizin ruhları şaddır! Prezident İlham Əliyev Şuşa azad olunanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, həm hesabat verdi, həm də borcunu yerinə yetirdi. Ardınca Şəhidlər xiyabanından Prezidentimizin Azərbaycan xalqına müraciəti qələbənin lap yaxında olduğunu göstərdi. O, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək, Qarabağı bütünlüklə işğaldan azad etdi! Beləliklə, Prezidentimiz başda olmaqla Azərbaycan xalqı yeni tarix yazdı! Biz tarixçilər həmişə bir arzumuzu dəfələrlə bəyan etmişik: “Gün o gün olsun ki, sevimli Prezidentimiz Azərbaycan tarixinə Qarabağımızı azad edən xilaskar Prezident kimi daxil olsun!” Və o gün gəldi! Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinə Qarabağı azad edən xilaskar Prezident kimi daxil oldu.
Mənfur olan düşmən üzərində 2016-cı ildə qazandığımız Aprel zəfəri, həmçinin 2018-ci ildə qazanılmış Günnüt qalibiyyəti, məhz 2020-ci ilin 10 Noyabr qalibiyyətinə və zəfərinə doğru aparan şərəf yolu olaraq tariximizə yazıldı. Bu, eyni zamanda, Xalq-Dövlət-Ali Baş Komandan gerçəkliyinin uğurlu bir nəticəsi idi. Bu vəhdət, bu birlik dünyanın bütün ölkələrindən heyrətlə qarşılandı və bəyənildi. Azərbaycan dövlətinin nə qədər dərin əsaslara, təməllərə söykənməsi faktının şahidi oldu.
“Heydər Əliyev dahi şəxsiyyət, böyük liderdir, uzaqgörən, cəsarətli siyasi xadimdir. O, bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün yaşayırdı, yaradırdı. Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı təhlükədən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
Mənim xatirimdədir, 1980-ci ilin sonu, 1981-ci ilin əvvəlində biz Ümumittifaq Sənaye Birliyində neftçi Qurbanın kabinetində oturmuşduq. Bizi iclasa çağırmışdılar. Bu zaman ümummilli liderimizlə birlikdə keçmiş SSRİ Nazirlər Sovetinin yanında Plan Komitəsinin sədri Baybakov, qaz sənayesi naziri Sabit Orucov, bir də respublika Nazirlər Sovetinin sədri Həsən Seyidov içəri girdilər. Sən demə, ümummilli liderimiz Azərbaycanın neft-qaz sənayesinin inkişafı üçün 50 il qabaqcadan tələb olunan problemləri görürmüş. Əsas iki məsələni vurğuladı. Birincisi, kəşf olunan dəniz yataqlarının istismarı üçün tələb olunan qaldırıcı gəmi kranlarını, bir də Dərin Dəniz Özülləri Zavodunun tikintisini. O vaxt Baybakovun birinci müavini erməni idi və hər iki problemin həllinə çox maneçilik törədirdi. Amma buna baxmayaraq, ulu öndərimiz Heydər Əliyevin nəhəng səyləri nəticəsində bu iki zavod – həm Dərin Dəniz Özülləri Zavodu, həm də 2500 ton ağırlığında yük qaldıra bilən gəmi ilk dəfə sovetlər məkanında Azərbaycanda quraşdırıldı. Bu gün də Xəzərdə üzən yeganə gəmi Azərbaycanındır. Bu gün də Azərbaycan Respublikası neft strategiyasını uğurla yerinə yetirir və bunların köməyi olmadan Azərbaycanda çətinliklər ola bilərdi. Bu o deməkdir ki, ümummilli liderimiz cənab Heydər Əliyev Azərbaycanın neft strategiyasını, enerji təhlükəsizliyini 50 il qabaqcadan görürmüş və qarşıya çıxan problemləri pillə-pillə, yüksək səviyyədə yerinə yetirmişdir. Bu gün biz qətiyyətlə deyə bilərik ki, hörmətli Prezidentimiz cənab İlham Əliyev bu işi uğurla davam etdirir və respublikanın iqtisadiyyatının davamlı inkişafını təmin edir.
Erməni təcavüzkarlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması və 1 milyondan çox qaçqınımızın doğma torpaqlarına qaytarılması Prezident İlham Əliyevin xarici siyasətində başlıca vəzifə idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz müdrik, qətiyyətli və cəsarətli siyasəti ilə doğma xalqını bu sahədə də tarixi qələbəyə qovuşdurdu! Cənab Prezidentimiz “Dağlıq Qarabağ problemi”ni çözdü! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dağlıq Qarabağın statusu ilə bağlı iddialarını gündəlikdən çıxararaq, onların “Artsax” layihəsini darmadağın etdi!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər gün dəyişən müasir dünyada, qloballaşan dövrdə, beynəlxalq görüşlərdə, yüksək səviyyəli danışıqların hamısında Azərbaycan mənafelərini uğurlu şəkildə müdafiə edir. Onun xarici siyasətinin uğuru sayəsində beynəlxalq və eləcə də regional problemlər daha yüksək səviyyədə həll edilir. Buna görədir ki, qətiyyətli mövqeyinə görə Azərbaycan Ordusu 30 illik işğala son qoymuşdur. Mənfur düşmənin ordusu məğlub edilmiş və “Dəmir Yumruq” əməliyyatı sayəsində Aərbaycanın Müzəffər Ordusu qələbə qazanmışdır.

s.e.f.d. Murtəza Həsənov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR