Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir
Hər bir xalqın dili onun mənəvi simasının və milli varlığının təminatçısıdır. Dili yaşadan, inkişaf etdirib gələcək nəsillərə ötürən onun mənsub olduğu xalqdır. Görkəmli türk alimi Mehmet Hengirmenin “Dil olmayınca düşüncə olmaz. Düşüncə olmayınca da heç bir şey olmaz, millət, yüksəliş olmaz.” sözləri bu məqamda yerinə düşər.
Xalqımızın milli varlığınının başlıca amillərdən biri olan ana dilimiz dünyanın ən qədim və zəngin dillərindən biridir. Millətimizlə eyni taleyi yaşamış, tarixin sərt sınaqlarından üzüağ çıxmış Azərbaycan dili mədəniyyətimizin ən dəyərli, orijinal göstəricisi və ən böyük mənəvi sərvətimizdir. Himn, gerb, bayraq kimi müqəddəs olan, ulu babalarımızdan bizə miras qalan ana dilimiz dünyanın ən inkişaf etmiş dillərindəndir.
Azərbaycan dili tarixin müxtəlif dövrlərində rəsmi dövlət dili kimi elan edilsə də, bu statusunu uzun müddət qoruyub-saxlaya bilməmişdir. Yalnız ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ana dilimizin xilası və özünəqayıdışı mümkün olmuşdur. Əminliklə deyə bilərik ki, dahi şəxsiyyət Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində ardıcıl olaraq yürütdüyü genişmiqyaslı siyasi-ideoloji siyasət nəticəsində ana dilimiz inkişaf etmiş və zənginləşmişdir. Ana dilimizin yad təsirlərdən qorunması, saflaşdırılması, inkişaf etdirilməsi və dövlət dili səviyyəsinə yüksəldilməsi yönündə misilsiz xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi işlədilməsinə nail olmuşdur.
1970-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların həyatında dil məsələsi gündəmə gətirildi. Rus dilinin hüdudlarının genişləndirilməsi məqsədilə “vahid dil” siyasəti yürüdülməyə başlanmışdır. Belə bir təhlükəli və riskli zamanda ulu öndər Heydər Əliyev dil məsələsində sərt mövqeyini ortaya qoymuşdur. Onun qətiyyəti, ciddi səyləri və sarsılmaz iradəsi ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddə daxil edilmişdir. Bu təşəbbüsün arxasında əsas məqsəd ana dilinin dövlət dili kimi statusunun qorunması idi.
Daha sonralar ulu öndər öz çıxışlarında həmin dövrü belə xatırlayırdı: Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə bizə nə qədər təzyiqlər göstərildi. Bütün bunlar bu dahi insanın ana dilimizə olan sevgisinin, diqqətinin və ehtiramının ifadəsi olmuşdur.
Daha sonra 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır və bununla da Azərbaycan dilinin adı özünə qayıtmış oldu.
Sonda fikirlərimi ulu öndər Heydər Əliyevin “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.” İfadələri ilə yekunlaşdırıram.
Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı