Azərbaycan və Bolqarıstan prezidentlərinin təkbətək görüşü olub
Aprelin 25-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub.
Agsaqqallar.com xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunub.
Prezident Rumen Radev Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması tədbirində iştirak üçün Bolqarıstana səfər etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib və “Həmrəylik Halqası” STRİNG layihəsinin uğurla həyata keçiriləcəyinə ümidvarlığını ifadə edib.
Prezident İlham Əliyev səfərə dəvətə görə Prezident Rumen Radevə minnətdarlığını bildirib.
Görüşdə “Həmrəylik Halqasi” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti qeyd edilib. Ölkələrimiz arasında əməkdaşlıq məsələləri müzakirə olunub, bu xüsusda Azərbaycanın etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfəsi vurğulanıb.
Söhbət zamanı siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.