“Business Türk”ün baş redaktoru: “Türkiyənin son 20 illik fəaliyyəti kitablara sığacaq qədər çoxdur”
“Türkiyənin son 20 illik fəaliyyəti kitablara sığacaq qədər çoxdur”.
Bu fikirləri mətbuata açıqlamasında Türkiyədə fəaliyyət göstərən “Business Türk” jurnalının baş redaktoru, qırğız əsilli Türkiyə vətəndaşı Muhammed Ruzubay bildirib.
“Qurucu öndər Mustafa Kamal Atatürkün prinsipləri əsasında yaradılan Türkiyə Cümhuriyyəti bu il 100-cü yaşının tamamında çox önəmli bir dönəmini yaşamaqdadır. İldən-ilə inkişaf edən Türkiyə Cümhuriyyəti bu seçki ilində önəmli bir dönüş olaraq tarixə keçəcək”, – baş redaktor qeyd edib.
Türkiyə Cümhuriyyətinin 100 illik dövründəki fəaliyyətlər və son 20 ilin əhəmiyyəti barədə danışan Muhammed Ruzubay deyib ki, dünyanın ən böyük, uzunömürlü imperiyalarından biri olan Osmanlı İmperatorluğunun mirası üzərində qurulan müasir Türkiyə Cümhuriyyəti Mustafa Kamal Atatürkün prinsipiallığı, dünyaya baxışı sayəsində möhkəm təməllərə əsaslanıb.
“Türkiyə Cümhuriyyətinin konstitusiya hüququnun formalaşmasında Azərbaycan türkü Əhməd Ağaoğlunun da böyük xidmətləri olub. Mustafa Kamal Atatürk tarixin ən böyük “Milli Qurtuluş” savaşlarından birinə rəhbərlik edərkən, digər tərəfdən quracağı “yeni-gənc-dinamik” Türkiyə Cümhuriyyətinin prinsiplərini müəyyənləşdirib”, – o, əlavə edib.
Möhkəm təməllər üzərində qurulan bu dövlətin xarici bədxah qüvvələr tərəfindən dəfələrlə dağıdılmasına cəhdlərin edildiyini bildirən Muhammed Ruzubay, son 20 ildə müasir Türkiyə siyasətinin lideri Rəcəb Tayyib Ərdoğanın uzaqgörənliyi sayəsində bunların qarşısının alındığı və daha müqavimətli, əzmli bir dövlətin inşa edildiyini bildirib:
“Xüsusilə türk dünyası ilə əlaqələrinin bərpasına və möhkəmlənməsi yönündə yürütdüyü siyasətlə cənab Ərdoğan Türkiyənin qüdrətini artırdı. Türk respublikalarının 1991-ci ildə Sovet İttifaqından ayrılaraq müstəqillik əldə etmələri daha çox Türkiyəni sevindirdi. Türkiyə bu qardaş dövlətlərin müstəqilliyini tanıyan və səfirliklərini açan ilk ölkə oldu. Ən son da Türk Dövlətləri Təşkilatı olaraq formalaşan quruluşa üzv olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, müşahidəçi üzvü Türkmənistanla Türkiyənin əlaqələri ən yüksək səviyyədə inkişaf etməkdədir. Digər tərəfdən, Azərbaycanın qurucu lideri mərhum Heydər Əliyevin “Bir millət, iki dövlət” devizi, qardaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri zaman keçdikcə daha da geniş vüsət aldı və nəhayət, böyük bir möcüzə ilə 2020-ci ildə Qarabağ zəfəri ilə taclandı”.
Muhammed Ruzubay bildirib ki, Türkiyənin hazırda qardaşlıq bağları ilə bağlı olduğu Azərbaycana böyük dəstəyi də təqdirəlayiqdir:
“Eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Ərdoğana və bütün türk xalqına göstərdiyi böyük sevgi, etimad və dəstək ən yüksək səviyyədədir”.
O, qeyd edib ki, hazırda Türkiyənin xarici siyasətinin ən mühüm hissəsini qardaş türk dövlətləri və Rusiya ilə sıx dostluq münasibətləri təşkil edir:
“Cənab Ərdoğanın Rusiya prezidenti Putinlə səmimi dostluğu, enerji, taxıl daşımaları və Türkiyədə tikilən Atom Elektrik Stansiyasının Rusiya tərəfindən inşa edilməsi, rus iş adamlarının Türkiyəyə böyük sərmayə qoyması və turist sayında lider ölkə olması ayrılmaz iqtisadi əlaqələr şəbəkəsi bu iki ölkənin dostluğunda da öz əksini tapıb. Bu baxımdan Türkiyənin türk dünyası və Rusiya ilə dostluq və qardaşlıq bağlarının daha da güclənəcəyinə inanıram”.
Muhammed Ruzubay sonda onu da qeyd edib ki, Türkiyənin ümumilikdə son 20 illik fəaliyyəti kitablara sığacaq qədər çoxdur:
“Türkiyə inkişaf edib. Yeni avtomobil yollarından dəmir yolu şəbəkəsinə, yeni hava limanlarından Marmaray və Avrasiya tunelinə, yeni su bəndlərindən kütləvi yaşayış layihələrinə qədər yüzlərlə layihələr icra olunub”.