" />

TAİB gəncindən tarixə ərməgan – “Türklük və tarix” kitabının təqdimatı keçirildi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in mərkəzi ofisində Gənclər Təşkilatının üzvü, ictimai fəal Elvin Ələsovun “Türklük və tarix” adlı kitabının təqdimat mərasimi keçirilib

Təqdimat mərasimində TAİB-in İdarə Heyətinin və Gənclər Təşkilatının üzvləri iştirak ediblər. Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Təqdimatı giriş sözü ilə açan TAİB-in sədr müavini Eyvaz Hünbətov çıxışında Azərbaycan gəncinin vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə bağlı, dövlətinə, tarixinə, milli kimliyinə sahib çıxdığını görməyin qürurverici olduğunu bildirib:
“Azərbaycan gəncinin 18 yaşında öz tarixi kökünü araşdırıb öyrənmək və kitab şəklinə gətirmək, dövlətimiz və millətimiz üçün böyük uğurdur, qürurvericidir. Azərbaycan belə tarixinə bağlı, mübariz gənclərlə daha da qüdrətli dövlətə çevrilir. Biz bunun bir daha 44 günlük Vətən Müharibəsində şahidi olmuşuq. Bu gün Azərbaycan gəncini savadlı və çalışqan görmək dövlətimizin gələcəyinin əmin əllərdə olması deməkdir”. O, qeyd edib ki, bizim gənclik illərində belə bir şərait olmayib, lakin sizin üçün dövlətimiz çox gözəl şərait yaradıb və sizlər də bu yaradılan şəraitdən səmərəli şəkildə istifadə edirsiniz.

Daha sonra gənc yazar özü və kitab haqqında tədbir iştirakçılarına qısa məlumat verib. Ondan sonra çıxış edənlər türk gənci olaraq Elvin Ələsovun gənc yaşda tarixə müraciət etməsi və tarixi araşdırma aparması Azərbaycan gəncliyinin öz tarixinə bağlılığının, Azərbaycan və türk tarixi həqiqətlərinin dünyaya çatdırılmasında uğurlu addım olduğunu bildiriblər. Qeyd olunub ki, bu gün artıq Azərbaycan gənclərinin hər bir sahədə qazandığı nailiyyətlər gənclərin dövlətə, Vətənə sadiqliyinin bariz nümunəsidir. TAİB-in İdarə Heyətinin üzvüləri Zakir Əliyev, Elnur Eltürk və “Türk dünyası ağsaqqalları” qəzetinin redaktoru Əli Qarayev çıxışlarında vurğulayıblar ki, gəncliyin sağlam ruhlu, yüksək mənəvi keyfiyyətə və intellektə malik olması hər bir dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla birgə addımlayır.

Ulu Öndər Heydər Əliyevin vaxtilə “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” – fikrinin bu gün artıq reallaşdığını söyləyən üzvlər gəncləri alqışlayaraq, gənc ədibə uğur diləyiblər.

Ağsaqqallardan sonra söz alan Gənclər Təşkilatının sədri Sübhan Xıdırzadə və başqa üzvlər də bildiriblər ki, gənc yazarın tarixi faktlara dayanaraq və geniş şəkildə araşdırma apararaq yazdığı “Türklük və tarix” kitabında hal-hazırda qlobal problemə çevrilən İranla bağlı fikirləri xüsusi diqqət çəkir. Belə duyumlu gənclərin GT-ə üzv olmasından məmnunluqlarını bildirən gənclər kitabın ərsəyə gəlməsinin 18 yaşlı bir gəncin böyük uğuru olduğunu dilə gətiriblər:
“Biz gənclər hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşuq. Heydər Əliyev Fondu da ölkədə sağlam və bilikli gənclərin yetişdirilməsi üçün möhtəşəm proqramlar həyata keçirir. Biz gənclər də o proqramın bir parçası olaraq fəal iştirak etməyə çalışırıq. Ölkənin birinci xanımı Mehriban xanım Əliyeva həm özünün ictimai-siyasi fəaliyyətində, həm də rəhbərlik etdiyi qurumun həyata keçirdiyi bütün tədbirlərdə yetişməkdə olan nəslin sağlamlığını, intellektual və fiziki inkişafını daim diqqət mərkəzində saxlayır”- deyə gənclər çıxışlarında vurğulayıblar.

Tədbir iştirakçıları tədbirin sonunda Azərbaycanın qədim türk yurdu olaraq, tarixi və keçmişi haqqında müzakirələr aparıblar. Ağsaqqallar davamlı olaraq gənclərlə belə diskusiyaların aparılmasını təklif ediblər. Sonda xatirə şəkli çəkilib.
Qeyd edək ki, “Türklük və tarix” kitabının yazarı Ələsov Elvin Mahmud oğlu- 2004-cü ildə Xızı rayonunda anadan olub. Əslən Qərbi Azərbaycandandır. Xələnc kənd ümumi orta məktəbini bitirdikdən 2020-ci ildə Sumqayıt Dövlət Texniki Kollecinə qəbul olmuşdur.
Hal-hazırda 3-cü kursda oxuyur. Tarixi araşdırmalarla məşğuldur.

Mətbuat xidməti

    

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR