Ramin Əhmədov: “Ermənistanda azərbaycanlılara qarşı dövlət səviyyəsində nifrət hissi körüklənir “
Ramin Əhmədov: “Şovinizmi, nifrəti dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan heç bir halda xarici idmançıların təhlükəsizliyinə təminat verə bilməz”
Türk Ağsaqqalları Birliyi – TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov Facebook səhifəsində Ermənistanda Azərbaycan bayrağının yandırılmasına münasibət bildirib.
Paylaşımı olduğu kimi təqdim edirik:
“Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının Ermənistan İctimai Televiziyasının əməkdaşı tərəfindən yandırılması və canlı yayımda bu hərəkətin edilməsi spontan baş verən hadisə deyil. Bu düşünülmüş addımdır və Ermənistan hakimiyyətinin təxribatçı xarakteristikasından qaynaqlanır.
Xatırladım ki, Azərbaycanda da müxtəlif beynəlxalq yarışlar keçirilib və bu yarışlarda erməni idmançılar iştirak edib. Azərbaycan xalqı onlardan fərqli olaraq Ermənistanın başımıza gətirdiyi faciələrə rəğmən buna dözümlü yanaşıb.
Amma bayrağımızın yandırılması göstərdi ki, Ermənistan hökuməti və xalqı hələ də sağlam düşüncəyə hakim deyil və Azərbaycandan mədəniyyət və əxlaq dəyərlərini öyrənməlidirlər.
Bu əməl göstərdi ki, Ermənistanda azərbaycanlılara qarşı dövlət səviyyəsində nifrət hissi körüklənir və Ermənistanın dövlət siyasəti buna dayanır. Belə bir ölkədə beynəlxalq tədbirlərin keçirilməsi bu ölkənin yürütdüyü siyasətə adekvat deyil. Çünki planlaşdırılaraq atılan bu addım göstərdi ki, şovinizmi, nifrəti dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan heç bir halda xarici idmançıların təhlükəsizliyinə təminat verə bilməz…
Azərbaycan isə Ermənistandan fərqli olaraq tolerant və yüksək mədəni dəyərlərə sahibdir və eyni zamanda dünyada idman ölkəsi kimi tanınır. Prezident cənab İlham Əliyevin Bakı-2015 Avropa Oyunlarında erməni idmançıya şəxsən özünü medal təqdim etməsi yüksək mədəniyyətin göstəricisidir. Bütün dünya bizimlə Ermənistan arasındakı fərqi görməli və öz qiymətini verməlidir…”