Naxçıvan Dövlət Universitetində “Vikipediya” qrupu yaradılıb
TAİB-in sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Elturk AZƏRTAC-a açıqlama verib
Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB), “Qorqud” Vikipediya Metodik Klubunun, Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Vikipediya” təlimləri yekunlaşıb. Təlimlərin nəticəsi olaraq Naxçıvan Dövlət Universitetində “Vikipediya” qrupu yaradılıb.
Bunu AZƏRTAC-a açıqlamasında “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib. O bildirib ki, təlimlər bir ay müddətində onlayn keçirilib. Təlimlər zamanı Naxçıvan Dövlət Universitetində “Vikipediya” qrupunun üzvləri 50-dən çox məqalə yaradıblar. Könüllülər bundan sonra “Vikipediya”nın Azərbaycan dili bölməsində fəaliyyətlərini davam etdirəcəkər. Məqsəd Azərbaycan dili bölməsini zənginləşdirməkdir. Qrupun təlimçiləri ali təhsil ocağında təlimlər keçəcəklər. Məqsədimiz informasiya cəbhəsində gənclərimizi səfərbər etməkdir.
Təlimlər “Qorqud” Vikipediya Metodik Klubunun təlimçiləri Qədir Quliyev, Əvəz Orucov, Elgün Rüstəmli, Sübhan Xıdırzadə tərəfindən keçirilib. Təlimlərdə fəal iştirak edənlər Türk Ağsaqqalları İctimai Birliyinin, “Qorqud” Vikipediya Metodik Klubunun, Naxçıvan Dövlət Universitetinin rəhbəriyi tərəfindən diplom və sertifikatlarla təltif olunacaqlar.