Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişaf perspektivləri

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Cari ilin 10 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri zamanı keçirdiyi geniş tərkibli ikitərəfli görüşlər və hər iki ölkənin rəhbərinin mətbuata verdiyi bəyanatlardan aydın olur ki, Azərbaycan-Qazaxıstan münasibətləri qarşılıqlı dostluq və qardaşlıq prinsiplərinə söykənir.

Xatırlatmaq istəyirəm ki, keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana gəlişi zamanı Müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Bu dəfə ki, görüşdə imzalanmış Bəyannamə də əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib.
Tarixi köklərə söykənən bu dostluq münasibəti sevindirici haldır ki, bu gün də yüksələn xətlə inkişaf etməkdədir. İki ölkə arasındakı münasibətlərin belə sıx və möhkəm təməllər üzərində qurulması bir növ tarixi köklə bağlıdırsa, digər tərəfdən isə həyati zərurətdir.
Son dövrlər Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqazda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdə birgə əməkdaşlıq etməyi tələb edir. Əlbətdə ki, əlaqələrimiz təkcə təhlükəsizliklə bağlı deyil. Ölkələrimiz arasında mövcud olan nəqliyyat, logistika, energetika, humanitar sahə və ekologiya ilə bağlı əməkdaşlıqlar hər keçən gün daha da genişləndirilir.
Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişaf perspektivlərindən bəhs edərkən Şərq-Qərb marşrutu üzrə Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etməklə Qazaxıstan neftinin və yükdaşımaların Azərbaycandan tranzit keçidini təmin etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üçün ciddi addımların atıldığını qeyd edə bilərik.
Ölkələrimiz arasında münasibətlər beynəlxalq təşkilatlar müstəvisində də davam etdirilir. Dünyanın bir çox beynəlxalq təşkilatlarında təmsil olunan hər iki ölkə bütün məsələlərə dair mövzularda üzv olduqları təşkilatlar çərçivəsində bir-birini dəstəkləyirlər.
Qazaxıstanla digər sahələrdə olduğu kimi mədəni sahədə də səmimi və xoş münasibətlər davam etdirilir. Azərbaycanda qazax mədəniyyətinə, Qazaxıstanda da Azərbaycan mədəniyyətinə və ədəbiyyatına maraq böyükdür. Qazaxıstan Prezidenti tərəfindən işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzi kimi qiymətləndirilir. Qazaxıstanın Astana şəhərinin mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın təzahürüdür. Azərbaycan xalqı üçün böyük dəyər olan və hər zaman xalqımızın qəlbində yaşayan ümummilli lider Heydər Əliyev Türk dünyası ölkələri arasında sıx münasibətlərin olması üçün böyük səylər göstərmişdir.
Ölkə rəhbərimiz cənab Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri zamanı imzalanan sənədlər onu göstərir ki, ölkələrimiz arasında perspektivlər vəd edən münasibətlər yeni səviyyəyə qalxacaq.

Eldəniz Zeynalov

Nizami rayon İcra hakimiyyətinin məsul işçisi 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR