ŞAHİN ƏMRAHIN KÖNÜL DÜNYASI
Şahin Əmrahı bir dəfə görməsəm də onu şeirlərindən, dostum Turanın xatirə-
lərindən tanıyıram. Bir də onun “Nədir Vətən” kitabından.
Düşünürəm ki, bir dəfə də
Şahin Əmrahla üzbəüz görüşmək mənə nəsib olacaq. Onu da deyim ki, bu kitab Şahin
Əmrahın 60 yaşı münasibəti ilə tələbə dostarı Turan və Fəxrəddinin yubilyara hə-
diyyəsidir. Bəli, onların qədirbilənliyi, səxavəti, comərdliyi burda da işə yarayıb.
Yəni bu kitab Şahin Əmrahın könül dünyasının qapısından içəri daxıl olmağa imkan verdi. Qərib yolçuya bir bələdçi lazım olduğu kimi mənə də bu kitab bələdçilik etdi.
Əlimdən tutub Şahinin poeziyasının bağçasına apardı.
Şairin vətən sevgisi çox qüvvətlidir, amma uzaqlarda olduğu üçün ondan ötrü
darıxsa da… O, kövrək yaşantılarını belə əks etdirir:
Azərbaycan, anam mənim,
Başına dolanım sənin.
Neçə ildi uzaqlarda
Həsrətindən yananam mən.
Sən də mənə oğul desən,
Bircə dəfə əzizləsən
Olmaz, qalmaz heç bir dərdim.
Çağırsaydın qaça-qaça,
Uça-uça tez dönərdim qucağına.
Müəllif uşaqlığını da həsrətlə xatlırlayır, bu xatirələr onun yaddaşmdadır – o,
bunu deyir:
Yollarda yorulduğun,
Məcunun tək vurulduğun
Günləri düşün bir az,
O günlər unudulmaz.
Ş.Əmrah sözün dəyərini, qiymətini yaxşı bilir, onu yerində işlətməyi, qədərində olması daha gözəldir – şair belə düşünür:
Söz var söyləyirsən, dünyan qaralar,
Söz var bir ürəyi dərin yaralar.
Söz var dərman kimi – xəstə sağalar,
Dünyanın qəribə nemətidir söz.
Hörmətli oxucu soruşa bilər kimdir bu tanımadığımız şair? Şahin Əmrah
(Əmrahov) tətbiqi riyaziyyatçı professor, Ankara universitetinin kompüter
mühəndisliyi şöbəsində çalışan həmyerlimizdir. 30 ilə yaxındır ki, qardaş Türkiyədə Ankarada yaşayır. Vətən həsrətini, nostalgiyanın dadını çoxdan bilir və bunlar onu daha həzin şeirlər yazmağa vadar edir. Şahin uşaqlıq dövründə şeirlər daima yazıb,
amma onları dərc etdirməyib. Tələbə dostları onun özündən xəbərsiz şeirlərini toplayıb 2021-ci ildə kitab şəklində çap etdiriblər. Bu şeirlərdə vətən məhəbbəti, vətən
həsrəti, uşaqlıqdan başqa ölkədə böyüyən və təhsil alan övladlarına bu sevgini təlqin
etməyə çalışan atanın sözləri də yer alır.
Müəllif şeirlərinin birində oğlunun sualına anlamlı bir cavab verir:
Oğlum hər gün
Sordu məndən.
Nə deyəydim?
Ot bitməyən,
Quş ötməyən
Bir torpaqım?
Son çərşənbə üzərindən
Atladığın ocaqmı?
Nədir Vətən?
Nənəmizin təndirindən
Gələn çörək qoxusumu?
Afət adlı bir dostumun
Həyətindəki o ağacı
Gördüyü bir yuxumu?
Şahin Əmrah vətəndən uzaqlarda olduğundan onun poeziyasında vətən həsrəti və yurd niskili motivləri daha qabarıq verilmişdir. “Yadıma düşdü” də bu qəbildəndir.
Təbii ki, şair dostu Turanı da yada salır:
Ağ kağız da göndərim,
Orda daha çox şey var.
Hər şeyi söyləyərdi
Yazılmamış məktublar.
Oxu sən, göndər geri,
Yazsan da, yazmasan da.
Unudacam dərdləri
Səndən məktub alanda.
Şairin “Kürdəmir” adlı şeiri də cəlbedicidir:
Elə bil göy üzündən
Günəş enib şəhərə.
Çaya düşən qənd kimi
Əriyirsən səhərə.
Hər tərəf, hər yan yanır,
Xatirələr canlanır.
İnsan həyəcanlanır
Gələndə doğma yerə.
Ortada dəmiryolu,
Ürəyin sevgi sdolu.
Yolun Kürdəmir yolu,
Sevgilər Kürdəmirə.
Şahinin dostu Turanın anası xalq yazıçısı Əzizə xanım Cəfərzadənin vəfatına
yazdığı şeir də təsirlidir. Şair burda özünəməxsus təsvir və çalarlarla bu humanist, xeyirxah, ürəkləri fəth eləyən alim-yazıçını oxuculara təqdim edir. Bu poetik örnəyi olduğu kimi verməyi məqbul hesab etdim:
İllər əvvəl tanıdığım
Ana vardı,
Tarixlərə daşıyardı
Ustalıqla
O, günləri, xəbərləri.
Ananın bir oğlu vardı –
Şah əsəri.
Yola çıxıb qəlbimdəki
Bir şey bilmək həvəsindən
Qaçaraq mən
O günlərdə Kürdəmirin
Atəş dolu nəfəsindən.
Yaxalandım bir dəfə də
Bakının tərs küləyinə.
O günlərinin ancaq yenə
Gözəl şeylər yazılıbmış
Taleyimə.
Necə oldu anlamadım,
Bir də baxdım
Qara oğlan
Açıb girib ürəyimə.
İllər əvvəl tanıdığım
Ana vardı,
“Mənə nə var” demədi heç,
Məmləkətdə olan-bitən
Hər bir şeydən onda vardı.
Çalışardı..
Çalışmaqdan yorulmazdı,
Yaşadığı, yazdıqları
Bu illərə heç sığmazdı.
Bir ömürə səksən nə ki?
Yüz olsa da yenə azdı.
Hər kəs kimi
Bu dünyanın qonağıydı,
Gedər qonaq,
O da getdi.
Getdi, ancaq
Gedəndə də içimizə
Sevgi yazdı.
Şahin Əmrahın poeziyasında sanki həsrət, ayrılıq motivləri bitib-tükənən deyil.
Bunları onun “Atamın dedikləri”ndə də görmək mümkündür:
Elə gözlərimlə çəkirəm yolu,
Getdiyin yerlər də nə qədər uzaq.
Ölüm var, itim var, qayıt, gəl, oğlum,
Yel əssə düşəcək saralan yarpaq.
Qayıt gəl, sönməsin ata ocağın,
Qayıt, boş qalmasın ana qucağın.
Qayıt gəl, sevinsin Vətən torpağın,
Oğlum, göz bəbəyim, harada qaldın.
Əlbəttə, bir məqalədə Şahin Əmrah kimi bir şairin yaradıcılığını təqdim etmək
imkanım xaricindədir. Mən sadəcə bu yazıda Şahinin könül dünyasından ürəyimdən keçənləri işləmişəm.
Şairə can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıram.
Tacir Səmimi
filologiya üzrə fəlsəfə doktoru, dosent
Oxşar Xəbərlər
- Azər Kərimli ermənilərin əleyhimizə hazırladığı növbəti əks kampaniyanı susdurdu: “Dağlıq Qarabağ xalqı” adlı məfhum yoxdur
- Akademik Südeyif İmamverdiyev:”Bütün dünya birdəfəlik bilməlidir ki….”-Müsahibə
- Fəttah Heydərov: “Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən müstəqil Azərbaycanımız işıqlı ulduz kimi görünür”