Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlət olaraq inkişaf yolunda irəliləyir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Prezident İlham Əliyevin cari ilin 5 aprel tarixində Tacikistan Respublikasına dövlət səfəri xalqlarımızın çoxəsrlik qarşılıqlı və ənənəvi dostluq tellərinin məntiqi davamı və Azərbaycan-Tacikistan münasibətlərinin ətraflı müzakirəsi üçün yaxşı fürsət idi.

Azərbaycan və Tacikistan xalqlarının qədim tarixə söykənən ortaq ənənələri vardır. Çox xoş bir haldır ki, dövlətlərarası qarşılıqlı münasibətlər bu gün də bütün istiqamətlər üzrə inkişaf edir. İki dost ölkə 30 il bundan öncə eyni taleyi yaşayırdı. Keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoydular. Həm Azərbaycan, həm də Tacikistan çətinliklərlə üzləşmiş, ölkənin ictimai-siyasi vəziyyəti pozularaq çətin duruma düşmüşdür.
Bir zamanlar vətəndaş müharibəsinin getdiyi hər iki ölkədə indi sabitlik hökm sürür. Əlbətdə ki, bu sabitlik asan əldə olunmadı. Bunu xalqlarının milli maraqlarına əsaslanan siyasət yürüdən Azərbaycan Respublikasının Prezidenti ulu öndər Heydər Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon əldə etdi. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək ölkələrində dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni etdilər. Çünki sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır.
Bu gün Azərbaycan və Tacikistan həm ikitərəfli formatlarda, həm də beynəlxalq strukturlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq edirlər.
İki ölkə arasında tranzit, elmi-texniki, mədəni-humanitar, ticari-iqtisadi və digər sahələr üzrə genişmiqyaslı əlaqələr inkişaf etdirilir. Bu əlaqələrin davamı olaraq ölkə rəhbərimizin səfəri çərçivəsində turizm, bank, iqtisadi əməkdaşlıq, xarici əlaqələr, kənd təsərrüfatı, hüquq-mühafizə və digər sahələr üzrə bir sıra sənədlər imzalandı.
Bundan əlavə xalqlarımız arasında möhkəm təməllər üzərində qurulmuş mədəni sahədə də qarşılıqlı əlaqələr mövcuddur. Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Danılmaz faktdır ki, Tacikistanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi böyük sevgi və hörmətlə anırlar. Gələn ay ulu öndər Heydər Əliyevin 100 illiyinin Tacikistanda rəsmi şəkildə qeyd olunması bu sayğının göstəricisidir.
Düşünürəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistana olan rəsmi səfəri iki ölkə arasında qarşılıqlı əlaqələrin hazırki durumu və gələcək perspektivləri baxımından xüsusi əhəmiyyətə malikdir.

Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR