Türkiyə Milli Müdafiə Universiteti professoru: “Soyqırımının təkrarlanmaması üçün türk dünyasının qüdrəti daha da artırılmalıdır”
“31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün miqyasının böyüklüyü, hadisələrin ardıcıllığı, səhnələrin qəddarlığı arxasında erməni həkim, müəllim, ziyalıların illərcə düşünülmüş, təşkilatlanmış insanlığa sığmayan “ağıllı planları” dururdu. Belə dəhşətli hadisələrin bir daha təkrarlanmaması üçün türk dünyasının birliyi, gücü, qüdrəti artırılmalıdır”.
Bunu “Report”a açıqlamasında Azərbaycan əsilli, Türkiyə Milli Müdafiə Universiteti hərbi fakültəsi tarix kafedrasının müdiri, professor İbrahim Ethem Atnur bildirib.
1917-ci ildə Çar Rusiyasının dağıldığı ərəfədə ordu daxilində 200 minə yaxın erməni quldur dəstəsi və erməni mənşəli əsgərlərin olduğunu bildirən tarixçi deyib ki, soyqırımı hadisələrində onlardan da istifadə olunub:
“Onların çoxunu Anadoludan, önəmli qismini də Qafqazdan gedən ermənilər təşkil edirdi. Rus orduları “müharibəyə yox” təbliğatı ilə Qafqazdan və Türkiyənin şərqindən çəkilincə, onların arasında olan erməni əsgərlər və quldurlar Türkiyənin şərqində və Azərbaycanda hakimiyyəti ələ keçirdilər. Türkiyənin şərqindən Naxçıvana, İrəvana, Qubaya qədər olan bölgələrdə erməni əsgər və quldurları müsəlman xalqa, dinc əhaliyə qarşı insanlığa sığmayan böyük cinayətlər törətdilər”.
Araşdırmaçı onu da qeyd edib ki, 1918-ci il 31 mart Azərbaycan türklərinin soyqırımı günü kimi tarixdə yer alsa da, bu qətllər daha böyük zaman və məkanı əhatə edir:
“Bu dönəmin hadisələri 31 Mart soyqırımı şəklində ifadə olunması simvolikdir. Amma bu soyqırımlar 1877-1878-ci illərdən başlayıb, 1920-dək davam edib. Azərbaycan və Türkiyədəki arxivlərdə qətlə yetirilən qadın, yaşlı, gənc, uşaqların ad-soyadları tək-tək qeyd olunub. Bu qırğınlarla bağlı tədqiqat komissiyaları qurulub, kənd-kənd gəzərək şahidlər toplanıb, fotolar əldə olunub, bu qətliamların miqyası və maddi dəlilləri ortaya çıxarılıb. Mənim fikrimcə, bu erməni “başbilən”lərinin bir “ortaq ağılının fəaliyyəti” idi. Ərzurum, Ərzincan, Qarsda törədilən soyqırımlar eyni vaxtda Qubada, Lənkəranda da icra olunmuşdu. Rus ordusu çəkildikdən sonra onlardan qalan silahları da ələ keçirərək xüsusilə də Bakıda Stepan Şaumyanın lideri olduğu bolşeviklərdən ibarət dəstə ilə minlərlə insanı qətlə yetirib. Qubada azı 16 min, Şamaxıda 8 mindən çox, Zəngəzurda 10 mindən çox insanı qırğına məruz qoyublar. İnsanların yaşadıqları evlərinə, ibadətxanalarına, məzarlıqlara, tarixi abidələrə, təbiətə vəhşiliklə zərər veriblər. Eynilə 2020-ci ildə Azərbaycanın işğaldan azad edilən Qarabağ torpaqlarında rastlaşdığımız mənzərə kimi olub”.
Türkiyənin Ərzurum vilayətində doğulan tarixçi bildirib ki, onun böyüdüyü Cinis kəndində də eyni ssenari baş verib, hadisənin şahidlərinin övladları bu barədə ona bildirib:
“Bizim Cinis kəndində insanları məscidə doldurub yandırıblar. Biz uşaq ikən orada yandırılan insanların övladlarının acı xatirələrini dinlədik”.
Bu cinayətlərdə iştirak edənləri bir elm adamı olaraq şiddətlə qınadığını bildirən tarixçi belə hadisələrin bir daha yaşanmaması üçün daha çox tədbirli olmanın vacibliyini vurğulayıb:
“Türk dünyasının daha da qüdrətlənməsinə ciddi cəhdlə çalışmalıyıq”.