Şərafət Şəfa yazır:”Empatiyanı sevən el ağsaqqalı-Oruc Məmmədov”
İnsanlığın, əxlaqın, səmimiyyətin, sədaqətin və müdrikliyin ünvanındayam bu gün. Yapon mühəndis və aykido ustası Katsuzo Nişi deyir ki, kiçik kainat hesab edilən insan, onun dünyası yalnız o zaman sağlam və canlı olur, yaşaya bilir ki, enerji onun daxilində eyni ilə təbiət qanunlarına uyğun və eləcə də uzlaşaraq ahəndarlıqla hərəkət edə bilsin. Bunun fonunda kamilləşə bilir insan.
Bu gun Vətənini, xalqını, dövlətini, millətini ürəkdən sevən və bu sevgini əməli səkildə ortaya qoyan, dövlət başçısının tapşırıq və tövsiyələrini layiqincə, şərəflə yerinə yetirən dəyərli ağsaqqalımız Oruc Məmmədovun ünvanındayam. Bütün ömrünü dövlətçiliyə, vətən xidmətinə həsr edib, qocala-qocala ucalan müdrik el ağsaqqalının həyat eşqilə parıldayan qara gözlərindən keçib həyatına səyahətə çıxdıq. Əzəmətli duruşu, təmkinli söhbətləri “dağdan ağır kişi” deyimilə uzlaşırdı. Dağlar qarıyla gözəl olduğu kimi, ömür də saçın ağlığı, ömrün toxluğu ilə gözəldi. Ömrün toxluğu odur ki, bütün etapları keçdikdən sonra ahıllıqda toxtayır ömür və daha samballı olur.
Oruc Məmmədovun şərəfli bir ömür yolu var. Örnək ömrə sahib olması onun cəmiyyətdəki nüfuzunun göstərişidir. Həyatda yaxşı adamlar, xeyirxahlar olmasa, yaşamaq, nəyəsə nail olmaq çətindir. İşgüzar, vətənsevər adamlar üçün isə qayğı, diqqət daha vacibdir. Həyatın enişinə-yoxuşuna tablayıb, acısına-şirininə dözərək, şirin olduğu qədər də çətin yoluna çıxıb, bu yolu sona qədər getmək, mənzil başına çatmaq hər kəsə nəsib olmur. Həyatın keşməkeşli yolları saçlarına ağ dəni səpərək ömrün müdrik çağına, ağsaqqallıq yaşına çatdırıb Oruc Məmmədovu.
Oruc Paşa oğlu Məmmədov 1946 cı il avqustun 7-də Qərbi Azərbaycanda Vedi rayonun Şirazlı kəndində anadan olmuşdur. 1953–1964 cü illərdə Ağdaş rayon Qalqəti kənd orta məktəbində oxumuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1965-ci ildə Azərbaycan Politexnik İnstutunun mexanika fakultəsinə qəbul olunmuş və1970- ci ildə bitirmişdir. 1970-ci ildə Sabunçu Maşımqayırma Zavodunda nəzarətçi usta, 1972-ci ildə mexaniki yığma sexində rəis müavini, 1974-cü ildə sex rəisi, 1975- ci ildə texniki şöbədə böyük mühəndis-texnoloq, 1976-cı ildə 1 saylı mexanika yığma sexinin rəisi, 1978–1983 cü ilə kimi istehsalat üzrə direktor müavini vəzifəsində işləmişdir. 1983-cü ildən isə Sabunçu Maşınqayırma Zavodunun direktorudur. Zavoda rəhbərlik etdiyi müddətdə onun genişlənməsi, ən müasir texnologiya əsasında istehsalın təşkilinə, yüksək dünya standartlarına uyğun neft-mədən avandanlıqlarına məhz Azərbaycanda buraxılmasına nail olmuşdur. Hazırda zavodun istehsal etdiyi 8 adda əsas avadanlıq milli sertifikat almış, ümumilikdə istehsal sahələri və layihələşdirmə üzrə dünya standartına İSO-9001 sertifikatına layiq görülmüş, Amerika Neft İnstitunun sertifikatını almaq nəsib olmuşdur. 1990-cı ildə 29 saylı seçki dairəsindən ali qanunverici orqana üzv seçilmişdir. 1995-ci ildə Milli- Sənaye-İqtisadiyyat Komissiyasının üzvü olmuşdur. 1995-ci ilin aprel ayından Rusiya Federasyasının Keyfiyyət problemləri Akademiyasının müxbir üzvü seçilmişdir. 1995-ci ilin noyabr ayında 16 saylı Sabunçu seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilmişdir. 1996-cı ilin iyul ayında Azərbaycan Respublikası Jurnalist Həmkarlar İttifaqı Rəyasət Heyətinin və “Hümmət” mərkəzinin qərarı ilə “Hacı Zeynalabdin Tağıyev” Fəxri Diplomu ilə təltif edilmişdir. 1996-cı ilin noyabr ayından “Sabunçu Elmi-İstehsalat Birliyi”nin baş direktoru vəzifəsində çalışıb. Hazırda Sabunçu Maşınqayırma Zavodunun direktorudur. Bir neçə əhəmiyyətli səmərələşdirici elmi təklifin müəllifi, texniki elmlər namizədidir.
Oruc Məmmədovun əmək fəaliyyəti sovet imperiyasının vaxtından başlamışdır. Onun bəxti onda gətirmişdir ki, həm o dövrdə, həm də müstəqillikdən sonra böyük dühanın rəhbərliyi altında fəəaliyyət göstərmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyev zəkası və zəngin idarəçilik qabiliyyəti ilə Azərbaycanın müstəqilliyinə doğru gedən yolun xəritəsini cızmağa başlamışdı. Və o dövrdə milli birliyin tərkibində məsuliyyətli işi ilə, əməliylə, dövlətinə sədaqətilə xidmət edən dürüst və vətənpərvər insan da vardı. Oruc Məmmədov! O, Ulu Öndərlə bağlı xatirələrində yazır:
“Heydər Əliyev işinə məsuliyyətlə yanaşan və dəqiqliyi sevən bir şəxsiyyət idi. Sadə, səmimi olduğu qədər də tələbkar və diqqətcil idi. Milli rifah yüksəldikcə, inkişaf artdıqca işə olan həvəsimizin artması ümummili liderin strateji qərarlarından qaynaqlanırdı. Onu xalqa sevdirən qətiyyəti və milli birliyimiz üçün verdiyi strateji qərarlar idi”.
Ümummili liderimizin Azərbaycan sənayesinin inkişafındakı böyük, misilsiz rolu müəssisələrin böyüməsinə və daha səmərəli fəaliyyət göstərməsinə səbəb oldu. Məsulliyyətli bir vəzifə sahibi olan Oruc Məmmədovun da boynuna böyük və şərəfli bir yük düşürdü. Və o, vətənsevərliyi ilə işinin öhdəsindən layiqincə gəlməyi bacardı. Onun fəaliyyəti rəhbərlik tərəfindən də təqdir edilirdi. Eyni zamanda Sabunçu rayonu üzrə deputat seçilməsi məsuliyyət yükünü artırırdı. Onun millət vəkili olduğu illər Sabunçu rayonunda çox işlər görüldü. Sabunçu rayonu ərazisinin abadlaşdırılması üçün yollara asfalt döşənməsində, uşaq bağçaların, kitabxanalar, məktəblər və digər dövlət müəssisə-idarələrində təmir işlərinin aparılmasında onun məxsusi rolu vardı. İnsan o zaman kamilliyə doğru gedir ki, bu dünyanın əbədi olmadığını, hər bir insanın müəyyən missiyanı başa vurduqdan sonra gedəcəyini dərk edərək, ona uyğun addımlar atır. Oruc Məmmədov da özündən sonra yaxşı ad qoymağa, bir iz buraxmağa, dövləti üçün də, milləti üçün də yararlı vətəndaş olmaq missiyasını qarşısına məqsəd qoymuşdu. Ona görə də o, xeyriyyəçilik ənənələrinə sadiq qalır, səbr və təmkinlə ona müraciət edənlərə dayaq durmağa çalışırdı. Oruc Məmmədov aqil düşüncəsiylə dərk edirdi ki, o, bu həyata gündəlik həyat fəaliyyətindən başqa, daha böyük, ülvi hisslərlə əhatə olunmuş, mənəvi dəyəri daim yüksəkdə olan işlər görmək üçün gəlib. Çünki onun həyata baxışı və əxlaqı ilahi mənşəli, milli-mənəvi dəyərlərə köklənmiş formada idi. Böyük kainat ona görə yaşayır ki, onda enerji təbiət qanunlarına uyğun şəkildə cərəyan edərək hərəkət edir, həm ahəngdar, həm ölçülü, həm də biçili. İnsan da kiçik kainat olaraq özünü formalaşdırır, ölçü-biçisini götürərək kamillik dərəcəsinə yüksəlir.
Oruc Məmmədov barədə onun yaxın dostu, dəyərli el ağsaqqalımız, sabiq dövlət qulluqçusu Akif Rufullayev belə deyir: “Bir dahi deyib ki, dostlarına müəllim kimi bax. Dərsdən aldığın faydanı söhbətdən aldığın ləzzət ilə tamamla. Unutmayaq ki, hər kəsin öz iqlimi, öz atmosferi var. Oruc Məmmədov həm gözəl ailə başçısı, həm gözəl dost, həm də gözəl vətəndaşdı. Çünki bu insanda empatiya hissi çox güclüdür. Eqoizmin inkişafına imkan vermir. Ona görə də həm cəmiyyətdə, həm də dostlar arasında çox sevilir. Oruc Məmmədovun empatiyası cəmiyyətin ona simpatiyasını yaradaraq, el sevgisini qazanmağına səbəb olub. Onunla uzun bir yol gəlmişik. Artıq el ağsaqqalları olaraq əvvəlkindən daha çox işləməyə meyilliyik. Bu xalqın qədim və zəngin irsi vardır. Gələcək nəsilləri yaşatmaq üçün bu irsimiz də yaşamalıdır. Biz ağsaqqalların missiyası da milli irsimizi, adət-ənənələri qorumaq, gələcək nəslə ötürməkdən ibarətdir. Biz də həvəslə öz işimizi görür, gəncliyə işimizlə, əməlimizlə örnək olmağa çalışırıq!”.
Böyük şairimiz Zəlimxan Yaqub yazır ki, adamı insana, kütləni xalqa, tayfanı millətə çevirmək üçün, Allahım, mənə bir ağsaqqal yetir! O ağsaqqal ki, onun ömrü örnəkdi, o ağsaqqal ki, o, lokomotiv kimi cəmiyyəti doğru yolla aparır, mayak olmağa çalışır. Bizim Oruc Məmmədov kimi!
Azərbaycanda yaşayan hər bir azərbaycanlı xalqımızın bu vaxta qədər yaratdığı milli-mənəvi dəyərlər sisteminin varisidir. Onu zənginləşdirmək üçün fəaliyyət göstərir. Oruc Məmmədov artıq 40 ilə yaxındır ki, Sabunçu Maşınqayırma Zavodunun direktorudur. Onun həm millət vəkili kimi, həm zavod direktoru kimi, həm də Yeni Azərbaycan Partiyasındakı fəaliyyəti azərbaycançılıq ideologiyasına xidmətin bariz nümunəsidir. Başqalarına və övladlarına nümunə olmaq üçün öncə özün cəmiyyətə yararlı olmalısan. Bu məfrkurənin işığında yol gedən dəyərli ağsaqqalımız sağlam düşüncəli, vətənpərvər üç övlad yetişdirib şəxsiyyət kimi cəmiyyətə təqdim edib.
Bu gün ömrünün ən kamil çağında övladların, nəvələrin sevgisindən ruhlanan, cəmiyyətin diqqətindən güc alan Oruc Məmmədov yenə də hər səhəri eyni vaxtda, məsuliyyətlə işə gedir. Onu buna sövq edən sevdiyi işi, həyat amalı və vətən üçün kiçik vücudunda döyünən böyük ürəyidir.
Böyük filosof Əbu Türxan deyir ki, insan var dərya kimidir, baş vurdunsa, çıxmaq çətindir; insan var ki, divar kimidir, qarşında durur və heç nə görə bilmirsən; insan var ki, şüşə kimidir – dünyanı sənə göstərməyə çalışır; insan var ki, ayna kimidir, səni özünə göstərməyə çalışır. Dünyanı bizə göstərməyə çalışan Oruc Məmmədov kimi insanlar gənc nəslə örnəkdirlər. Həyatda elə yaşayasan ki, səni sonra məhəbbətlə ansınlar. Hardasa bir xatirən, hardasa bir izin varsa, yaşayacaqsan! Nə vaxtsa bir sınıq qəlbi yamamısansa, ovutmusansa, yaşayacaqsan! Hansısa bir sənə uzanan, imdad diləyən əli tutmusansa, yaşayacaqsan! Bunların cəmindəki dualarda, xatirələrdə, könüllərdə yaşayacaqsan! Oruc Məmmədov da populizmdən qaça-qaça, islami-əxlaqi dəyərlərin fonunda xeyirxahlığı ilə bütün bunlara sahib ola bilib.
Xeyirxahlıq-hər bir sivil insanın malik olmalı olduğu mehribançılıq xüsusiyyətidir. Yüksək davranış mədəniyyətinə malik nəzakət, xeyriyyəçilik insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğur.
Bu gün daha bir ləyaqətli el ağsaqqalının həyatını, əsl türk ərəninin simvolu kimi olmağını qələmə aldım. Köhnə kişilərin klassik modeli! Yazdım ki, gənc nəslə örnək olsun! Yazdım ki, milli-əxlaqi dəyərləri ruhunda, canında, türk soyunu qanında daşıyan Oruc Məmmədov kimi kişilərin xarakterik xüsusiyyətindən, qabiliyyətindən, duruş və əzəmətindən bəhrələnsinlər. Oxuduqca qulaqlarına pop-rok musiqisi deyil, “Cəngi” səsi, at kişnəməsi, qılınc səsi gəlsin! Çünki müasir kütləvi mədəniyyət növünə gedən yol klassik mədəniyyətdən keçir. Hər şey isə mədəniyyətlə başlayıb, mədəniyyətlə bitir!
Allah dəyərli ağsaqqalımıza uzun ömür, can sağlığı versin!
Heç bir ev, heç bir el ağsaqqalsız olmasın!