Azərbaycan Laçını həm döyüş meydanında, həm də siyasi yollarla qaytardı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonuna Prezident İlham Əliyevin xüsusi nümayəndəsinin təyin olunması verilən tapşırıqların vaxtında icrası baxımından vacibdir.

28 il işğal altında olan füsunkar təbiətli Laçın rayonu bu illər ərzində sözün həqiqi mənasında talan edilmişdir. Laçında qanunsuz məskunlaşma həyata keçirən ermənilər eyni zamanda ətraf mühitə də xeyli zərər vurmuş, Azərbaycanın meşə fondunun əsas hissələrindən birini təşkil edən rayon meşələri mənfur düşmən tərəfindən məhv edilmişdir.
Vətən müharibəsi dövründə Laçının azad olunması ordumuzun qarşısında qoyulmuş əsas tapşırıqlardan biri idi. Strateji əhəmiyyətə malik olan Laçının cənub hissəsi döyüş meydanında, digər hissəsi-ən böyük hissəsi isə Ermənistanın 10 noyabr kapitulyasiya aktına imza atandan sonra siyasi yollarla azad edilmişdir. Laçının azad edilməsi digər ərazilər kimi Ermənilər tərəfindən qəbul edilməz durum idi və bununla barışa bilmirdilər.
Azərbaycan tərəfi bu məsələni sülh yolu ilə həl etməyə çalışmışdı. Təəssüf ki, 30 il münaqişə beynəlxalq vasitəçilər-Minsk qrupu tərəfindən bilərəkdən dondurulmağa çalışılmış, amma Azərbaycan heç zaman bu ədalətsiz işğalla barışmamışdır. Nəticədə güclü ordumuz zəfər çalaraq, müqəddəs bayrağımıızı doğma torpaqlarımızda dalğalandırmışdır. Minsk qrupunda təmsil olunan Fransanın hələ o vaxtdan qərəzli mövqeyi indi aydın olur ki, təsadüfi deyilmiş, çünki bu çirkin mövqe hələ də ölkəmizə qarşı davam etməkdədir.
Artıq Azərbaycan regionda yeni reallıqlar yaradıb və hər kəs bu reallıqları qəbul edir. Azərbaycan güclü dövlətdir və heç bir dövlət bizim iradəmizə təsir göstərə bilməz.
İndi Qarabağda tamam fərqli mənzərə müşahidə olunur. İşğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi Laçında da genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Mərhələli şəkildə öz yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlər artıq öz doğma torpaqlarına qayıdırlar, həmçinin Laçından məcburi köçkün olmuş bütün soydaşlarımız. Bunun üçün Laçında bütün imkanlar yaradılır. Məktəblər, bağçalar, yaşayış evləri, sosial obyektlər tikilir, əhalinin məşğulluğu ilə bağlı şərait yaradılır. Bildiyimiz kimi Laçında beynəlxalq hava limanı inşa edilir və yaxın gələcəkdə inşası tamamlanacaqdır.
Əminik ki, tezliklə bütün işlər uğurla icra olunacaq və laçınlılar öz doğma diyarlarında əbədi və xoşbəxt yaşayacaqlar.

Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR