Türk Akademiyasının Elmi Şurasının iclası keçirilib
Bişkekdə Türk Akademiyası Elmi Şurasının növbəti, altıncı iclası keçirilib.
Agsaqqallar.com xəbər verir ki, iclasda Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Qırğızıstan Respublikasının təhsil və elm naziri Kanıbek İmanəliyev, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev, Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin Elm Komitəsinin sədri Darxan Əhməd-Zəki, Türkiyə Milli Təhsil Nazirliyinin Təhsil Şurasının sədri Cihad Dəmirli, Macarıstanın Qırğızıstan Respublikasındakı səfiri Şandor Doroqi, habelə qardaş ölkələrdə təhsilə və elmə cavabdeh idarələrin nümayəndələri və ekspertləri iştirak ediblər.
İclasda Türk Akademiyasının Elmi Şurasında sədrlik Qazaxıstan Respublikasından Qırğızıstan Respublikasına keçib.
Akademiyanın rəhbəri 2022-ci ildə görülmüş işlər barədə hesabat təqdim edib, iclas iştirakçılarını 2023-cü il üçün Akademiyanın iş planının layihəsi ilə tanış edib.
Türk Dövlətləri Təşkilatının iştirakçıları olan ölkələrin elm və təhsil sahəsində əməkdaşlığı, elmi tədqiqat layihələri müzakirə olunub, 2023-cü il üçün türk dünyasının əlamətdar tarixləri təsdiq edilib, Türk Akademiyasının fəaliyyətinin prioritet istiqamətləri bəyənilib.
Elmi Şuranın üzvləri keçən il ərzində görülmüş işi yüksək qiymətləndirərək Akademiyanın 2023-cü il üçün iş planını təsdiq edib, növbəti iclasın keçiriləcəyi yeri və vaxtı razılaşdırıblar. Türk Akademiyasının Elmi Şurasının növbəti iclasının Bakıda keçirilməsi qərara alınıb.
Elmi Şuranın üzvləri bu görüşün yekunlarına əsasən nazir Kanıbek İmanəliyevin sədrliyi ilə Türk Akademiyasının əsas elmi istiqamətlərini reallaşdırılmasına dair Protokol qəbul ediblər.
2023-cü ildə türk dünyası üçün bir sıra əlamətdar tarixlərin, o cümlədən: böyük alim Əbu Reyhan əl-Biruninin anadan olmasının 1050-illiyinin, mütəfəkkir Xoca Əhməd Yəsəvinin anadan olmasının 930 illiyinin, Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənin anadan olmasının 600 illiyinin, Sultan Beybarsın anadan olmasının 800 illiyinin, məşhur qırğız mütəfəkkiri Moldo Niyazın anadan olmasının 200 illiyinin, Türkiyənin Dövlət Himninin müəllifi, şair və siyasətçi Mehmet Akif Ersoyun anadan olmasının 150 illiyinin, qədim türk yazısının şifrinin açılmasının 130 illiyinin, habelə görkəmli şəxsiyyətlər və mühüm hadisələrlə bağlı başqa yubileylərin qeyd edilməsi nəzərdə tutulur.