“AĞBABANIN BƏNZƏRSİZ İNCİLƏRİ”
İş yoldaşım Tacir müəllim işə həmişə çanta ilə gəlir. Adətən çantasında təzə
kitablarını da gətirir, avtoqraf yazıb bizə bağışlayır. Belə günlərin birində Tacir
müəllim mənə bir kitab da bağışladı, “Ağbabanın bənzərsiz inciləri”. Baxdım tərtib
kitabıdır. Bu folklor örnəklərini toplayıb tərtib edən pedaqogika üzrə fəlsəfə doktoru, dosent Xurşud Məmmədovdur. Həmin an iş yoldaşımın Xurşud müəllim haqqında dediklərini xatırladım:
– Xurşud müəllim təbli adamdı, yaxşı qələmi var, amma folklora da çox maraqlıdır. Neçə illərdi Ağbaba folklorundan örnəkləri toplayıb yazıya alıb. Ömrü və-
fa etmədi…
Birdən sözünə ara verdi, qəhərləndi:
– İmkan olan kimi bu kitabı çapa hazırlayacağam.
Yenə kitabı vərəqlədim. Bəli, kitabı Tacir müəllimlə Xurşud müəllimin qızı
Səhər Abduləzimova çapa hazırlayıblar, kitabın redaktoru filologiya üzrə fəlsəfə
doktoru, dosent Məleykə Məmmədovadır.
Kitabda Ağbaba bölgəsindən toplanan atalar sözləri və bayatılar yer alıb.
Toplayıcı, yəni Xurşud müəllim maraqlı bir ön söz yazıb. Bu ön sözdə o, ötən acı
günləri yana-yana belə xatırlayır: “Xatırlayıram: 1948-ci ilin dekabr-yanvar aylarında 18 yaşlı qardaşım xəstələndi. Həkimsiz-dərmansız, yeməksiz-köməksiz bir
igid anasının gözləri qarşısında amansız yatalaqdan həlak oldu. Anamız fəryad
edə-edə ağlayırdı:
Ay dolana-dolana,
Gün dolana-dolana.
İtirdim sərdarımı
Mən dolana-dolana.
Səni özüm ağlaram,
Çıxsın gözüm, ağlaram!
Durub başının üstə
Həzin-həzin ağlaram.
Burda bir naşı ağlar,
Əlində kaşı ağlar.
Bir evdə cavan ölsə,
Divarı-daşı ağlar.
Doğrudan da, çox təsirli mənzərədir. Ağbaba bölgəsindən toplanıb yazıya alınan atalar sözləri və bayatılar haqqında Tacir müəllimin də maraqlı mülahizələri var. O yazır: “Ta qədimlərdən bu günümüzə gələn, dildən-dilə, eldən-elə yayılan
bu dəyərli, öyüd-nəsihət dolu kəlamlar həmişə cəmiyyətə fayda verib, qayda-qanunun sağlanmasında ağsaqqal, bilici rolu oynayıb”. Təbii ki, bu qeydlər atalar sözlə-
rinə aiddir. Kitabda toplanan atalar sözləri regional cəhətinə görə də fərqlənir. Mə-
sələn:
İncəlib ipə dönüb,
Qancalıb çöpə dönüb.
Burada “qancalmaq” Ağbaba dialekt sözü olub, “arıqlamaq” anlamındadır.
Yəni elə arıqlayıb ki, bir sümükdür, bir dəri.
Bulan bulğur qaynadır,
Bulmayan omuz oynadır.
Burada “bulmaq” feili Anadolu türkcəsindədir, yəni “tapmaq” mənasındadır.
Bulğur isə qış ərzaqlarından sayılırdı. Eyni zamanda “omuz” “çiyin” deməkdir.
“Omuz” da Anadolu türkcəsindədir.
Zor zəyrəkdən bəzir çıxarır.
Burada zəyrək yağlı bitkidir. Bəzir isə zəyrəkdən alınan bitki yağıdır. Bu bitki
yağı min bir dərdin dərmanı sayılırdı.
Eşşəkdən olan qatır,
Nə hal bilir, nə xətir.
Bu kəlam da nadan, ədəb-ərkan bilməyənlər barəsindədir.
Atalar sözlərinin içində adamı düşünüb-daşınmağa cəlb edən nümunələr də
var. Məsələn:
Kəsiyə dəymə, bütünü kəsmə, doğra, doyunca ye.
Burada adamdan ağılla hərəkət etmək tələb olunur, yəni doyunca yeyə bilərsən. Amma necə? Belə etmək olar, yəni bütöv çörəyin ortasını ehtiyatla kəsib çıxarıb qıraqlarını saxlamaq lazımdır. O çıxarılan hissə ilə doyunca yemək olar. Yəni
deyilənə əməl olundu. Kəsiyə dəymədik, bütövü də paralamadıq.
Maraqlıdır, bayatıların qəm yükü də ağırdır, bu nümunələrdə dərd özünü daha
tünd notlarla əks etdirir:
Dağ başı əkin-əkin,
Aldılar əlimdəkin.
Heç bəndə, heç müsəlman
Olmasın mənim təkin.
Eləmi dolu gözlər,
Dağ-daşı dolu gözlər.
Məndə ürəkmi qoydu
Səndəki dolu gözlər.
Gəncənin üstü bağlar,
Nə dedim, küsdü, ağlar.
Ağzımdan çıxan aloy
Başımda tüstü bağlar.
Ev tikdim, yalan oldu,
Ömür-gün talan oldu.
Nə çubuğun bərkidi,
Nə keçəm salan oldu.
Kağız yazdım qarasız,
Dərdə düşdüm çarasız.
Quşlar, mənim dilimcək
Yarıma yalvarasız.
Analar yanar ağlar,
Zülfünü sanar, ağlar.
Göydə göyərçin olsa
Daşlara qonar, ağlar.
Üçüncü bayatı nümunəsindəki “aloy” “alov” anlamında “dilimcək” (beşinci
bayatıda) “dilimlə” mənasında işlənmişdir. Yəni hər iki söz dialekt sözdür. Burada,
yəni dördüncü bayatı nümunəsində “Nə çubuğum bərkidi, nə keçəm salan oldu”
ifadəsi elə-belə işlənməyib. El-obanın köç adəti ilə bağlıdır. Adətən, ellər müəyyən
bəlli gündə arandan dağa köç edərdilər. Mətləbdən uzaq düşdüm, qayıdıram mətlə-
bimin üstünə. Burada çadırın qurulmamasından söhbət gedir. Qeyd edim ki, burda göstərdiyim bayatının digər variantı belədir:
Analar yanar, ağlar,
Dərdini sanar, ağlar.
Dönər göy göyərçinə,
Yollara qonar, ağlar.
Təbii ki, bayatılarda dərd-sər, qəriblik, imkansızlıq, çətinliklər müxtəlif çalarlarla verilməkdədir:
Əzizinəm təndirə,
Odun qala təndirə.
Dədəsizin nə həddi
Dədəliyə tən dura.
Qəribəm, kimə gedim,
Kimim var, kimə gedim.
Qərib eldə dərdim var,
Dərmana kimə gedim?
Əlbəttə, bu kitabın özəlliyi haqqında çox söz demək olar, olduqca dəyərli
folklor örnəkləridir. Bunun bir yaxşı cəhəti də bəzi dialekt sözlərin anlamının,
mənasının verilməsidir. Məsələn, zorxana – bəzirxana, zəyrək – yağlı bitki, salğar
– ağac toxmaq, tərə – vəzəli və buna bənzər sözlərin mənasının, anlamının verilməsi faydalıdır. Zənn edirəm ki, “Ağbabanın bənzərsiz inciləri” kitabı kitabsevərlərə, eləcə də şifahi xalq yaradıcılığı ilə maraqlananlara, mütəxəssislərə dəyərli bir
töhfədir. Bu toplama işi Xurşud müəllimin folklorumuza tükənməz sevgisini əks
etdirməkdədir.
Cəmilə NOVRUZOVA
AMEA Folklor İnstitutunun əməkdaşı