Novruz sevinci

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bahar fəslinin ilk gününə Novruz deyirlər. Bu gün çox qədim zamanlardan bayram və şadlıq günü kimi qeyd olunmuşdur. Bu günün necə meydana gəlməsi ilə əlaqədar olaraq müxtəlif fikirlər irəli sürülmüşdür. Bəziləri bildirirlər ki, Allah-təala bu gündə dünyanı yaratmış və onu hərəkətə gətirmişdir. Adəm əleyhissalam da həmin gün dünyaya gəlmişdir. Başqaları isə belə yazır ki, həmin gün Cəmşid taxa çıxmış və əyanları çağırıb demişdir. Hər il bu günü eyni qayda ilə bayram edəcəksiniz. Firdovsi də Cəmşidin taxta əyləşdiyi günü fərfədin ayının birinci günü Novruz – yəni Yeni gün adlandıraraq onu həmin dövrün yadigarı hesab etmişdir. Onu da qeyd etmək lazımdır ki, Əbu Reyhanın sözlərinə görə Novruzun meydana gəlməsi ilə əlaqədar xeyli əfsanə danışılır. Lakin bu sözlərin doğru olub-olmaması reallığı və qeyri-reallığı əks etdirib-etdirməməsi məlum deyil. Biz onu deyə bilərik ki, bəşər tarixində ilk dəfə olaraq Novruz bayramı qeyd etmiş şəxslərin kimliyindən asılı olmayaraq böyük insani keyfiyyətlərə, zövqə, istedada və yüksək qabiliyyətə malik olduqlarını bir daha əyani şəkildə nümayiş etdirir. Bahara birinci günündə qışın sazağı aradan qalxır və yarıcan vəziyyətdə qalmış təbiət bu gündən etibarən yenidən dirçəlməyə başlayır. Ağaclar çiçək açır, bülbüllər öz nəğmələrini oxuyur, çöllər, həyətlər, dağlar yaşıllığa bürünür və beləliklə baharın xoş ətri aləmə yayılır. Yalnız insanlar deyil eləcə də bunun təbiətdə mövcud olan canlı və cansız varlıqlar da ayılır.
Azərbaycan xalqının da gözəl adət-ənənələri, el şənlikləri, bayramlarından biri olan Novruz bayramı keçmişimizin ən qədim dövründən yüzilliklər, qərinələr ötsədə yaz fəslində olan bahar bayramı kimi həmişə keçirilir, lakin Sovet dövründə Novruz bayramı qeyri-rəsmi şəkildə qeyd olunurdu, ona görə ki, mövcud rejimdə bu bayramın keçirilməsinə icazə verilmirdi və qadağan edilmişdir. Sovet hakimiyyətinin 70 illik hökmranlığı dövründə rus şovinist hakim dairələri Azərbaycan xalqını mənən sarsıtmaq, ruslaşdırmaq Sovet mədəniyyəti çərçivəsinə salmaq siyasəti yürüdürdü. Ən gözəl bayramlardan biri olan Novruz bayramını sıxışdırıb aradan çıxarmağa çalışırdılar. Daha doğrusu bu bayramı ləğv etmək istəyirdilər. Lakin bunlara baxmayaraq, əsirlərdən qalmış ənənələrə sadiq qalaraq hər bir azərbaycanlı ailəsi bu bayramı xüsusi ilə qeyd edirdi. Təsadüfi deyil ki, yazın gəlişi dünya xalqlarının ictimai-mənəvi həyatında qeyri-adi hadisə kimi qarşılanır. Təbiətin oyanmasını isə hər bir xalq ənənəvi tərzdə bayram edir. Novruz bayramı qeyri-adi misili görünməmiş bəşəri keyfiyyətlərə malik olan müqəddəs el bayramıdır. Novruzun gəlişi ailələrə sanki sevinc və xoşbəxtlik gətirir. Xalqımız bu bayramı təntənəli şəkildə qeyd etməyə xüsusi ilə hazırlaşır. Bayrama bir ay qalmış hər həftənin ikinci günləri dörd çərşənbə ayrı-ayrılıqda Su çərşənbəsi, Od Çərşənbəsi, Yel çərşənbəsi, Torpaq çərşənbəsi xüsusi ilə qeyd olunur. Əsasən çərşənbələrin içərisində ən vacibi axırıncı çərşənbə axşamıdır. Bayram əhval ruhiyyəsi də axırıncı çərşənbədən başlanır. Hər bir evdə bayram süfrəsi açılır. Süfrədə müxtəlif yeməklər, şirniyyat, paxlava, şəkərbura, şorqoğal, badambura, zəfəranlı plov süfrəyə daha gözəllik verir. Novruz bayramında süfrədə yeddi cür nemət olmalıdır ki, adları “S” hərifi ilə başlanır. Sumaq, sirkə, süd, səməni, səbzə, su, salat. Adətən süfrəyə bayram xonçası, xonçanın ortasında səməni, ailənin hər bir üzvü şam, boyanmış qırmızı yumurta qoyulur. Kiçik yaşlı uşaqlar səhər tezdən bayramlaşmağa gəlir, yumurta paylarını alıb gedrlər. Ona görə də yumurtalar axşamdan soğan qabığında bişirilir və yaxud boyaq vasitəsi ilə boyanırdı. Adət-ənənəyə görə axır çərşənbədə hamı öz evində olmalıdır. Ancaq qohumlar və dostlar öz yaxınlarını, ayrı yaşayan övladlar isə valideyinləri ilə bayramlaşmalı və öz evlərinə qayıtmalıdırlar. Axır çərşənbə axşamı və bayram günü şamların yandırılması işıqlıq, aydınlıq rəmzi daşıyır və böyük əhəmiyyətə malikdir. Ailələr bütün otaqlarda, hətta mətbəxdə, hamamda da şam yandırırlar. Azərbaycan su və odla əlaqədar maraqlı ənənələrə malikdir, bu paklıq və təmizlik rəmzidir. Adət və ənənələrə görə axırıncı çərşənbədə yeddi yerdə tonqal qalanır, yaşından asılı olmayaraq ailənin bütün üzvləri növbə ilə hər bir tonqalın üstündən yeddi dəfə və yaxud yeddi tonqalın hərəsinin üstündən bir dəfə tullanırlar. Yanan tonqalı heç vaxt su ilə söndürmürlər. Yalnız tonqal özü sönəndən sonra qızlar və oğlanlar külü yığıb, evdən kənara çölə atırlar. Çərşənbə axşamı kənd həyətlərində şamlar yanar, oğlanlar köhnə parçadan şarlar düzəldər, onu məftillə bağlayıb, əl tutacağı qoyaraq neftdə isladar, bütün gücləri ilə axşam olanda hündürlüyə tullayardılar. Yanan şamlar ətrafı işıqlandırardı. Çərşənbə axşamı qapılar döyülər, kiçik uşaqlar evlərə papaq atardılar. Bununla da bayram hədiyyəsi istədiklərini bildirərdilər. Ev sahibləri də papaqları qoğal, paxlava, şəkərbura, qoz, fındıq şirniyyat qoyub qaıpı arxasından papaq sahibinə bayram hədiyyəsi verərdilər. Uşaqlar isə tanınmamaq üçün üz-gözlərini örtərdilər. Uşaqlar çox sevinər o biri qonşuların qapıların döyərdilər. Ilin axır çərşənbəsində kənd yerlərində çöl qapıları bağlanmır. Ona görə ki, adətə görə axır çərşənbədə və yaxud Novruz axşamı ürəyində niyyət tutub qaş qaralanandan sonra xəlvətcə gənc qızlar və gəlinlər qonşuların qapısını pusardılar. Qapının arxasında durub sakitcə içəridən səsə qulaq asardılar. Içəridəkilər eşidilən xoş və gözəl sözlər qız və gəlinləri sevindirərdi. Iki kəlimə xoş söz yaxşı bir istəyə bağlıdırsa, demək həmin insanın niyyəti baş tutacaq, əgər içəridən pis söz eşidilərsə, narahatçılıq nigarançılıq bitirən kəlimə dilə gəlsə onda demək çətin işdir. Onda niyyət baş tutmaya bilər. Ona görə evdə olan ağsaqqal və ağbirçəklər tapşırardılar ki, yaxşı sözlər damışın, birdən qapıya gəlib dilək tutan olar. Qoy onların niyyəti xoş sözlərə tuş gəlsin və bizdən narazı getməsinlər. Ərə getməli qızlar bu axşam kasaya azacıq noxud və ya mərci töküb iki-iki sayırdılar. Əgər axırıncı noxud və ya mərci tək olarsa, deməli həmin qızın bəxti bağlıdır, əgər cüt olarsa deməli bəxti açıqdır.
Bayram günləri hamı təmiz və səliqəli geyinər, ailənin başçısı olan ata öz uşaqlarına təzə paltar alıb, onları sevindirərdi. Yenicə ərə getmiş qızlarına bayram hədiyyəsi aparardılar. Kürəkənin ailəsi də hələlik ata evində olan öz oğlanlarının nişanlısına bayram hədiyyəsi göndərərdilər. Qohumlar bayram münasibətilə biri-birini təbrik edər, yaxınlarının evinə gedər, hədiyyə alar, xəstələri və qocaları sevindirərdilər. Adətən Novruz bayramında kənd yerlərində uşaqlar yumurta döyüşdürər, böyüklər isə qatar vurardılar. Qatar on, iyirmi, otuz yumurtadan ibarət olardı. Üç nəfər sıra ilə düzülmüş yumurtaları bir-birinə toxundurub, vurub baş və arxa tərəfini sındırardılar. Axıra qalan yumurtanın sahibi qalib olar, sınmış yumurtaları evə aparar ya da aşağı qiymətə satardılar. Qatarbaşı sayılanbir yumurtanı isə uşaqlar döyüşmək dabah qiymətə alardılar. Yumurta döyüşmək bayram güü ən gözəl adət idi. Kənd təssərüfatı işçiləri üçün də Novruzun gəlişi çox maraqlı idi. Novruz bayramını təntənə ilə qeyd edərkən, kəndlilər təzə ilin əvvəlcədən necə keçəcəyini, quru və yaxud yağıntılı olacağından asılı olaraq, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Novruzun ilk günü yaz, ikici günü yay, üçüncü günü payız, dördüncü günü isə qış sayılırdı. Demək birinci gün küləksiz və yağmursuz olarsa, onda bu yaz kənd təsərrüfatı işçiləri üçün əlverişli olacaq. Əgər küləkli, yağışlı olsa, deməli bütün yaz belə keçəcək. Qalan üç günlərdə yayın, payızın və qışın necə olacağını təyin edirdilər.
Bahar öz gəlişi ilə nəinki təbiəti, eləcədə insanı ruhən təzələyir, istər istəməz bu dünyaya başqa gözlə baxır insan. Ürək başqa bir həvəslə döyünür, hislər kövrəkləşir, gözəllik qarşısında yaşamaq eşqi daha böyü geclə qəlbə hakim kəsilir.
Novruzun ən gözəl xüsusiyyətlərindən biri dəo idi ki, həmin bayram günü küsülü adamlar bir-biri ilə barışır, hətta ədavətli, kinli olanlar belə bir-birinə əl uzadırlar, ən kasıb adamın evidə bayram süfrəsi açılar, süfrənin bəzəyi səməni olar, şam yanardı. Süfrədə ləbləbi, kişmiş, qoz, fındıq, badam, püstə və müxtəlif şərq şinriyyatları olardı. Novruz bayramının özünəməxsusluğunu əsirlərin qaynağından keçib yaşadan Azərbaycan süfrəsinin xüsusiyyətləri yumurta boyamaq, səməni göyərtmək, şam yandırmaq, xonça bəzəmək, tonqal qalamaq kimi adətlər gənclərin əxlaqi-mənəvi keyfiyyətlərini torpağa, Vətənə bağlılığını dahada artıracaq . dövlət səviyyəsində keçirilən bahar bayramı, nəhayət, Novruz öz əzəli həyat tərzinə, azadlığına əbədi qovuşdu. Qoy bütün dünyada sülh, əmin-amanlıq olsun. Baharın gəlişi hər bir ailəyə sevinc və xoşbəxtlik gətirsin.
Novruz bayramınız mübarək!

Əli Qarayev
TAİB-in üzvü, Yazıçı-jurnalist, “Qızıl qələm” mükafatı laureatı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR