Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv dövlətlərlə Litva arasında mədəni əlaqələr müzakirə olunub
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Litva Respublikasına səfəri çərçivəsində ölkə prezidentinin təhsil, elm və mədəniyyət sahələri üzrə müşaviri Vilma Backiute və Litva Respublikasının xarici işlər nazirinin müavini Jonas Survila ilə görüşlər keçirib.
Agsaqqallar.com xəbər verir ki, görüşlərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Litva Respublikası arasında imzalanmış əməkdaşlıq memorandumunun əsasında qarşılıqlı iş birliyinin uğurla həyata keçirilməsindən söz açılıb. Litvanın ərazisində məskunlaşmış türk etnik kökənli xalqlara – tatarlara və karaimlərə dövlət səviyyəsində göstərilən diqqətin əhəmiyyətindən bəhs olunub. Bu münasibətin bariz nümunəsi kimi Litva Respublikasında 2021-ci ilin “Tatarların tarixi və mədəniyyəti ili”, 2022-ci ilin isə “Karaimlərin tarixi və mədəniyyəti ili” elan olunması vurğulanıb. Litva Respublikasının birinci xanımı Diana Nausedienenin, Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqisin Fondun prezidenti ilə görüşləri xatırlanaraq, təşkilat tərəfindən tatar və karaim illərinin açılışları çərçivəsində təşkil olunan tədbirlərdə iştirakları məmnuniyyətlə qeyd olunub. Fondun digər xarici ölkələrlə, eləcə də Avropa məkanında əməkdaşlıq əlaqələrini günü-gündən genişləndirməsi yüksək dəyərləndirilib.
Görüşlərdə Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev, Litva Respublikasının Azərbaycandakı səfiri Egidius Navikas iştirak ediblər.
Görüşlər Litva ilə təşkilata üzv olan türk dövlətləri arasında qarşılıqlı əlaqələrin, eləcə də mədəni mübadilələrin intensivləşdirilməsi yönündə gələcək əməkdaşlığın perspektivlərinin müzakirələri ilə davam edib.