TAİB gənclərindən nümunəvi addım
Sübhan Xıdırzadə:“ Aramızda elə gənclər var ki, şəhərdəki tarixi yerləri, muzeyləri görmək imkanları olmayıb”
Bu gün Türk Ağsaqqalları Birliyinin Gənclər Təşkilatının üzvləri “Suraxanı” Gəmi Muzeyini ziyarət ediblər.
Bu barədə Agsaqqallar.com saytına GT sədri, ictimai fəal Sübhan Xıdırzadə xəbər verib.
O, bildirib ki, belə ekskursiyalar silsilə xarakterli olacaq.
“TAİB-də Gənclər Təşkilatı yaranandan ilk iclasda müavinlərim Elgün Rüstəmli və Quliyev Qədirlə birgə qərar verdik ki, bizə qoşulan gənclər arasında maarifləndirməni gücləndirmək üçün təmənnasız təlimlər keçək, ekskursiyalar təşkil edək. Çünki aramızda elə gənclər var ki, tarixi yerləri, muzeyləri görmək imkanı olmayıb. Biz də rəhbərliyimizin dəstəyi ilə bazar və bayram günlərini də dəyərləndirməyi qərara almışıq. Bu günkü səfərimiz çox gözəl ab-havada keçdi. Tarixi əvvəl öyrənməli, sevməliyik ki, ardımızca gələnlərə də sevdirə bilək. Hər muzey keçmişin səsi, gələcəyin tarixidir”,- deyə S. Xıdırzadə vurğulayıb.
Qeyd edək ki, “Suraxanı” Gəmi Muzeyi dünyada ilk yaranan muzeydir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Suraxanı” gəmisi ölkəmizin dənizlə neftdaşıma tarixində mühüm rol oynayıb. Uzunluğu 123.5 metr, dedveyti isə 4696 ton olan “Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən “Mühəndis A.Pustoşkin” tipli gəmilərdən biridir.