TƏLƏBƏ DOSTUM

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Tələbə yoldaşlarımdan Tağı xüsusilə məni cəlb edirdi. Maraqlı cəhəti o idi ki, zövqlü gəncdi. Ən yaxşı qalstukları o tapıb bağlayardı. Qalstuk bağlamaqda da usta idi. Mən də hərdən bir zarafatla deyərdim:

– Bizim bu Tağı əla qalstuk bağlayır, qalstukla gəzməyi də sevir. Buna bir və-
zifə də versəydilər!..
Mənim sözlərimdən Tağı inciməz, buna gülümsəməklə cavab verərdi.
…Sonralar kollektiv şəkil çəkdirsək də onu almaq bizə nəsib olmadı. Yəni
qoca fotoqraf pulu alan kimi qeyb oldu. Nə qədər axtarsaq da tapa bilmədik.
…İllər necə keçdi – xəbərimiz olmadı, amma bu izlər üzümüzdə, alnımızda qı-
rışlar saldı, saçımızı ağartdı, qəddimizi əydi. Xəbərimiz olanda gecdi – qocalıq öz
işini görmüşdü.
…Həmişə məni bir şey düşündürürdü: bu Tağının gözlərindəki qəribə parıltı
nədir? O gözlərin dərinliyində deyəsən bitib-tükənməyən dərd də boylanır axı. Bunun səbəbi nədir? Niyə Tağıdan soruşmadım? Deməli, bu tələbə yoldaşımda nəsə
möcüzəli bir işıq var. Nədi? Bunun burasını Allah bilir. Axır ki, uzun illərdən sonra tələbə yoldaşımı gördüm:
– Ay Tağı, məni heyrətdə qoymusan neçə illərdi. Sən kimsən, qardaş?!
Əl boyda bir kitabçanı irəli uzatdı:
– Oxu, qardaş, bunu oxu – orda kim olduğum yazılıb.
Mən kitabçanı aldım. Kitabın adı “Dünyanın kələfi çözələndikcə” idi. Elə birinci şeirə nəzər saldım.
Əslim Qaravəlli, nəslim də bəlli,
Mərdlik qəbasında türk oğlu türkəm!
Əxlaqım dürüstdü, şeirim kəsərli,
Sözün dühasında türk oğlu türkəm!
Kökümü götürüb Ağ Hun babamnan,
Yol keçdim on iki imperiyadan.
Dünyada ilk dəfə dövlət yaradan
Şumer dünyasında türk oğlu türkəm!
– Bildim, Tağı, bildim, qardaş.
Öz səsimə özüm diksindim. Baxdım Tağının kitabı əlimdədir. Sən demə, xə-
yala dalmışammış. Amma dostumun sirrinə də vaqif oldum. Mən bir zaman Tağı-
nın gözlərinin dərinliyindəki dərdi də şeirlərinin birində tapdım:
Əlif qəddim nun olubdu,
Suzi-cigərkun olubdu,
Dərdim Bisitun olubdu,
Yazılıb aşikar oldu,
Dodaqlarda təkrar oldu.
Haqsevərəm dərd çəkərəm,
Dərd əzabın mərd çəkərəm,
İnanmırsan, mərc çəkərəm,
Yaşamaq intihar oldu!
Ürək qəmnən qübar oldu!
Şair dostum doğulub, boya-başa çatdığı kəndə gedəndə də acılı-şirinli xatirə-
lər onu kövrəldir, bu hiss və duyğular özü də hiss etmədən misralara çevrilir, ağ
vərəqlərə tökülür:
O gün kəndə getmişdim,
keçmişimnən görüşə…
Uşaqlıqnan gəncliyim
getmişdilər keçmişə.
Hər ikisiynən görüşdüm,
Birisiynən danışdım,
birisiynən öpüşdüm,
kəndi xeyli dolaşdım.
Tağını dinlədikcə, şeirlərini oxuduqca baxıram ki, bu tələbə dostumun əslində-kökündə neçə şairlər olub… Təbli insanlar olub. Tağı babası… Ağabəyim nənə-
si, Müzəffər babası, Səfura bibisi…, daha kimlər. Şairin şairliyini isbatlayan bir
beyt də kifayətdir, necə ki, Tağının Tağı babası deyib:
Gözəlim, səni ziba eləyən əvvəl öz kamalundu,
İkincisi tiləti-ruyun, üçüncüsü xətti-xalundu.
Tağı soya-kökə bağlı adamdı. Bunu yaradıcılığında da az-çox göstərir:
Molla Tağı babam elmli, müdrik,
Namərdin düşməni, mərdin yarıydı.
Yaşda qardaşların dördündən kiçik,
Amma ki nəslinin ağsaqqalıydı.
Yanına çağırıb seyid xanımı,
Deyib ki, deyəsən çatıbdı sonum.
Hansı elm olarsa oğlanlarımı,
Oxud ki, məzarda rahat olum.
Ağabəyim nənəm kefli xanımdı,
Şəbədə qoşardı yolun azana.
Nənəli günlərim xoş zamanımdı,
O şəfa verərdi hər bir insana.
Tağının poeziyası diqqətçəkicidir. Qəzəlləri oxuduqca adam Füzulini, Nəsimini, Seyid Əzimi xatırlayır, klassik Azərbaycan poeziyasının poetik ənənələri
adamı heyrətləndirir. Şair yazır:
Kim ki, eşq oduna düşdü, möhnəti-yar olacaq,
Arzusu qızılgül ikən, qisməti xar olacaq.
Yarına yetişmək üçün çəkəcək min bir əzabı,
Baharı zülmi-zimistan, yağmuru qar olacaq.
…Bir adi məqalədə Tağı kimi təbli bir şairin poeziyası barədə söz demək imkan xaricindədir. Sadəcə, mən burada ürəyimdən keçənləri yazdım.
Yəni şair Tağını tanıyaq. İmzalar tünlüyündə bir imza da var: Tağı Süleymanoğlu. Bu, tələbə dostum Tağıdır.

Tacir Səmimi
filologiya üzrə fəlsəfə doktoru, dosent

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR