TAİB-in sədr müavini Eyvaz Hünbətov: “Vətəndaş cəmiyyəti olaraq prioritet məsələləri gündəmdə saxlayırıq”
TAİB-in sədr müavini Eyvaz Hünbətov:
“Türk Ağsaqqalları Birliyi ənənəvi olaraq bu il də təşkilatdaxili layihələrə start verib. Azərbaycançılıq və türkçülük ideologiyasını əsas tutaraq gənclərin və yeniyetmələrin maarifləndirməsi işində dövlət proqramına dəstək vermək, türk dünyası ilə əlaqələri genişləndirmək üçün əhəmiyyətli layihələrə imza atmaq əzmindəyik”
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in sədr müavini, sabiq dövlət qulluqçusu, Turan Elmlər Akademiyasının professoru Eyvaz Hünbətov deyib.
O, bildirib ki, təşkilat başqa qurumlarla da əməkdaşlığa maraqlıdır. Qarşılıqlı əlaqələrin perspektivliyinin vətəndaş cəmiyyəti üçün də yararlı olacağını vurğulayan sədr müavini ilin ilk rübündə birliyin gördüyü işlərə də toxunub.
“Dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatı olaraq labüd imkanlardan istifadə edərək, daha böyük uğurlara imza atmaq əzmiylə, birliyin tərkibində yaradılmış Qadınlar Şurası və Gənclər Təşkilatı da geniş fəaliyyətləri ilə birliyin işinə böyük dəstək verirlər. Türk dünyasının müdrik ağsaqqallarının toplaşdığı platforma təmsilçiləri türkdilli ölkələrə qarşı qərəz və təzyiq göstərən ölkələrə qarşı mətbuat və sosial mediada bəyanat və şərhlərlə fəal çıxış edirlər. Hazırda bir neçə daxili layihələr üzərində müzakirələr aparılır.
Təşkilat üzvü və el ağsaqqalı olaraq bizlər yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət-izzətlə yanaşmasında və maariflənməsində üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq. Ona görə də təşkilatımızda Gənclər Birliyinə geniş meydan verilib, türkdilli ölkələrin gəncləri ilə əlaqələrin inkişafı əsas prioritetlərimizdən biridir”-deyə E. Hünbətov vurğulayıb.